Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir
Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Gülarə Verdiyevanın 4-cü mikrorayon seçicilərilə görüşü keçirildi
Milli Məclisə deputatlığı irəli sürülən namizədlərin seçicilərlə görüşləri davam etdirilir. Bu görüşlərin davamı olaraq dünən Yeni Azərbaycan Partiyası tərəfindən 21 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Verdiyeva Gülarə Eyvaz qızının Nəsimi rayon 4-cü mikrorayon seçiciləri ilə görüşü keçirildi.
Ənənəvi xarakter alan görüşlər məhz respublika daxilində seçkilərin şəffaf və demokratik əsaslarla keçirilməsini təsdiqləyir. 250 nəfərdən artıq seçicinin iştirak etdiyi görüşdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Azər Süleymanov bildirdi ki, demokratik mühit seçicilərə azad və sərbəst seçim imkanını yaratmışdır. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda formalaşan mühitdən seçicilər bir məktəb olaraq yararlanırlar. Ölkədə aparılan islahatlardan, azad seçim huququndan, siyasi və sosial islahatlardan danışan A.Süleymanov bu və ya digər amillərin ölkənin hərtərəfli inkişafına təsir göstərdiyin bildirdi:"7 noyabr tarixində keçiriləcək parlament seçkilərinə layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Bu baxımdan, Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir və biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq."
G.Verdiyevanın bir ziyalı olaraq cəmiyyətdə tutduğu mövqeyindən, onun müasir həyatın tələbləri çərçivəsində iş prinsipinə sadiqliyindən danışaraq, səlahiyyətli nümayəndə onun yüksək dəyərləri ilə seçiciləri məlumatlandırdı: "G.Verdiyeva nüfuzlu təhsil işçisidir. O, bu sahədə çalışan mütəxəssis kimi gələcək nəslin təlim-tərbiyəsində müstəsna rola malikdir. YAP tərəfindən namizədliyi irəli sürülən G.Verdiyeva ölkəmizdə təhsilin inkişafına töhfələrini verən ziyalılardandır. YAP tərəfindən namizədliyi irəli sürülmüş G.Verdiyeva, əhalinin üzə çıxa biləcək problemlərinin aradan qaldırılmasına, təhsil müəssisələrinin müasir texniki avadanlıqlarla təchizi məsələlərinin dövlət səviyyəsində həllinə çalışacaq. Əgər ona etimad göstərilərsə, parlamentdə seçicilərini layiqincə təmsil edəcək, onların istək və arzularını, təkliflərini yüksək tribunadan səsləndirəcək. Üzə çıxan problemlərin həll edilməsi üçün dövlət qurumları qarşısında məsələlər qaldıracaq. A.Süleymanov çıxışının sonunda bütün seçiciləri G. Verdiyevaya səs verməyə çağırdı.
Görüşdə çıxış edən G.Verdiyevanın vəkili Ələddin Əliyev seçiciləri layiqli və onların problemlərində yardımçı ola biləcək namizədə səs verməyə çağırdı:"Azərbaycanın bugünkü inkişafı, onun regionun qüdrətli dövlət olaraq adının hallanması və dünyada aparıcı imicinin qorunub saxlanması naminə xalqın layiqli övladları Milli Məclisin üzvüləri seçilməlidirlər. Qısa müddətdə rayon ərazisində nəzərə çarpan yeniliklər, sakinlərin istirahətinin təmin edilməsi üçün müasir tələblərə cavab verən məkanların bərpa və təmiri dövlətin vətəndaşlara olan qayğısının bariz nümunəsidir. Bu görülənləri nəzərə alaraq seçiciləri layiqli insanlara, YAP-ın namizədlərinə səs verməyə çağırıram. Seçimdə azad və müstəqilsiniz."
Seçicilərlə görüşdə çıxış edən Milli Məclisə parlament seçkilərinə namizəd G.Verdiyeva Azərbaycanın qısa bir zaman ərzində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan, danışaraq seçiciləri Azərbaycanın demokratik ənənələrini davam etdirməyə layiq olan insanlara səs verməyə çağırdı:"Seçicilər mənə etimad göstərib görüşə gəldiklərinə görə, onlara minnətdarlığımı bildirirəm. 7 noyabrda keçiriləcək parlament seçkiləri demokratik şəraitdə baş tutacaq və ictimaiyyətlə təşkil olunan görüşlər seçki prosesinin şəffaflığına yeni imkanlar yaratmış olacaq. Hər birinizi seçki günü məntəqələrə gələrək, layiqli namizədə səs verməyə çağırıram."
Sonda namizəd seçiciləri fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırdı.
Seçicilərdə namizədə uğurlar arzulayıb, ona dəstək olacaqlarını bildirdilər. Seçicilər şəffaflığı, demokratik prinsipləri nəzərə alaraq 7 noyabr tarixində məntəqələrə gələrək, G.Verdiyevaya səs verəcəklərini ifadə etdilər.