Binəqədi seçiciləri ona inanır və etibar edirlər
Dünən YAP tərəfindən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Oqtay Əsədovun vəkillərinin Binəqədi rayonu, Dərnəgül qəsəbə seçiciləri ilə növbəti görüşü keçirildi. Görüşü giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq, 7 noyabr parlament seçkiləri ilə bağlı keçirilən təbliğat-təşviqat kampaniyasının seçici fəallığı ilə davam etdirildiyini bildirdi.
O, qeyd etdi ki, partiyanın rayon təşkilatı ölkədə keçirilən bütün seçkilərə ciddi şəkildə qələbə əzmi ilə hazırlaşır: "7 noyabr tarixində keçiriləcək parlament seçkilərinə layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə gedirik. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq, namizədlərin təbliğatını fəal şəkildə həyata keçirir. Bu baxımdan, Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərin YAP namizədlərinin təbliğat-təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq."
Əhalinin seçkiləri bayram əhvali-ruhiyəsi ilə qarşıladıqlarını bildirən N.Xəlilov Binəqədi rayonunda yaşayan seçicilərin sosial rifahına da toxundu:"Ərazidə aparılan quruculuq- abadlıq işləri, sosial-iqtisadi uğurlar hər kəsə bəllidir. Qısa müddətdə rayon ərazisində yaşıllıq işləri görülüb, sakinlərin istirahətinin təmin edilməsi üçün müasir tələblərə cavab verən istirahət parkları salınıb. Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq bu uğurları qazanmışıq. Bu görülənləri nəzərə alaraq layiqli insanlara, mövcud məsələlərin həllində səriştəsi olan ziyalılara səs vermək, seçimdə reallıqlara əsaslanmaq vacibdir."
N.Xəlilov Oqtay Əsədovun vəkillərinin dairə ərazisində yaşayan seçicilərlə bir neçə görüşlər keçirdiyini diqqətə çatdıraraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlərin noyabrın 5-dək davam etdiriləcəyini vurğuladı:"İlk dəfədir ki, bizim dairədən Milli Məclisin sədri olan və Yeni Azərbaycan Partiyasından nufuzlu bir şəxsin parlament seçkilərinə namizədliyi irəli sürülmüşdür. Onun rayon ərazisindən namizədliyinin irəli sürülməsi qəlbimizdə böyük fəxr hissi yaradır."
N.Xəlilov Oqtay Əsədovun bu günə qədər olan fəaliyyət dairəsini, Azərbaycanı Avropa məkanında təmsil edən ictimai xadim olduğunu diqqətdə saxlayaraq, hər bir seçicini ona səs verməyə çağırdı.
Görüşdə deputatlığa namizədin vəkili Vaqif Abbasov çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərə toxundu. Azərbaycanın dinamik inkişafını diqqətə çəkən natiq parlament seçkilərində seçicilərin düzgün seçim edərək, layiqli namizədlərə səs verəcəklərinə inandığını bildirdi. Bunun üçün, ilk növbədə, namizədin ictimai fəaliyyəti, onun vətəndaşlıq mövqeyi ilə seçicilər yaxından tanış olmalıdırlar: "Oqtay Əsədov Azərbaycanın çox nüfuzlu ictimai xadimlərindəndir. Belə bir simanın namizədliyinin irəli sürülməsi böyük hadisədir. Onun fəaliyyət dairəsi hər bir vətəndaşa yaxşı bəllidir. Belə ki, Oqtay Əsədov 26 yaşından bu günə qədər rəhbər vəzifələrdə çalışmış, səriştə toplamış və Azərbaycanda dövlət səviyyəsində hesab olunan üçüncü bir quruma rəhbərlik edir. 60 dövlətlə Azərbaycan arasında münasibətlərin yaradılması, Avropa dövlətləri sırasında Azərbaycan parlamentinin layiqincə təmsil olunması, respublikamıza gələn qonaqların yüksək səviyyədə qəbulu və müəyyən məsələlərin həllində rolunu qeyd etmək vacibdir."
V.Abbasov qeyd etdi ki, vətəndaş ən əvvəl vətənini, dövlətini qorumalıdır. Bu halda Azərbaycandan və onun gələcək inkişafından söz açmaq mümkün olur. Vəkil Oqtay Əsədovun vətənpərvərliyini və fəaliyyətini nəzərə alaraq, seçiciləri Oqtay Əsədova 7 noyabr tarixində səs verməyə çağırdı.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev Azərbaycan üçün böyük işlər görən, vətənini, xalqını sevən Oqtay Əsədovun parlament seçkilərinə namizədliyinin irəli sürülməsini alqışlayaraq, seçiciləri belə bir nüfuzlu simaya dəstək olmağa çağırdı. Onun bütün varlığı ilə xalqına xidmət etdiyini bildirən H.Mirzəyev namizədin, əslində, kökündə azərbaycançılığa meyilin güclü olduğunu seçicilərin diqqətinə çatdırdı. Azərbaycanın işğalı, soyqırımı haqqında, ilk dəfə olaraq, onun atası Sabir Əsədov səsini qaldırmış və silsilə əsərlərin müəllifi kimi çıxış etmişdir. "O çox işgüzar, təşəbbüskardır. Hər cəhətdən deputatlığa layiq olan bir ziyalıdır" deyə H.Mirzəyev bildirmişdir. Onun həqiqətən də, seçilməyə və Azərbaycanı təmsil etməyə layiq bir ziyalı olduğunu bildirən natiq dairənin bütün seçicilərini Milli Məclisə namizədliyi irəli sürülmüş Oqtay Əsədova səs verməyə və hər bir ailəni bayram əhvali-ruhiyəsi ilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq, düzgün seçim etməyə çağırdı.
Görüşdə çıxış edən xalq artisti Mənsum İbrahimov, bir xanəndə olaraq, dövlətin milli-mənəvi dəyərlərimizə olan qayğısından, muğam sənətinin inkişafından, Heydər Əliyev Fondunun milli sənətimizə göstərdiyi yüksək qayğıdan danışdı. O, bir sənət nümayəndəsi olaraq, qəlbinin hökmü ilə Oqtay Əsədovu dəstəkləyərək, tədbirə gəldiyini bildirdi. Oqtay Əsədovun məxsusi dəyərlərinə, ictimai-siyasi xadim olaraq, Azərbaycanı layiqincə təmsil etməsinə toxunub, bütün dairənin seçicilərini ona səs verməyə çağırdı.
Oqtay Əsədovun vəkili Etibar Məmmədov çıxışında seçiciləri fəal olmağa çağıraraq, ləyaqətli simalara səs verməyi tövsiyə etdi. "Oqtay Əsədovun təbliğatı ilə məşğul olaq, elə dövlətin təbliğatı ilə məşğul olmaq deməkdir", - deyən vəkil seçiciləri Oqtay Əsədova səs verməyə çağırdı.
Görüşün sonunda seçicilər 7 noyabr tarixində parlament seçkilərində hamılıqla məntəqələrə gedərək, YAP-ın deputatlığa namizədinə - Oqtay Əsədova səsə verəcəklərini bildirdilər.