Yeni Azərbaycan Partiyası parlament seçkilərinin qalibi olacaq
Dünən, 99 saylı Şəmkir kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən millət vəkilliyinə namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı Şəmkir rayonu Şiştəpə, İrmaşlı, Sarıtəpə kəndlərində yaşayan seçicilərlə növbəti görüşlər keçirib. Görüşlərdə rayon ziyalıları, namizədin tərəfdarları və yüzlərlə seçici iştirak edib.
Seçicilərlə görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycanda demokratik seçki proseslərinin tam formada öz təsbitini tapdığını bildirdi. Qeyd etdi ki, hazırda ölkəmizdə noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyası yüksək səviyyədə davam edir. Bu seçki prosesinin də azad və ədalətli prinsiplər əsasında keçəcəyinə əminliyini ifadə edən F.Vəliyev YAP tərəfindən namizədliyi irəli sürülmş şəxslərin cəmiyyət tərəfindən birmənalı şəkildə dəstək qazanacaqlarına da ümid etdiyini bildirdi.
99 saylı Şəmkir kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən millət vəkilliyinə namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı seçkiyə "Güclü dövlət, yüksək rifah" devizi ilə qatılan yarım milyondan artıq üzvü olan bir partiyanı təmsil etdiyi üçün qürur hissi duyduğunu bildirdi. "YAP-ın amalı dinamik inkişaf, sabitlik, demokratiya və insan haqlarının qorunması, bütövlükdə, Azərbaycan naminə xidmətin nümunəsidir. Dünya təcrübəsində özünü doğrultmuş demokratik, bəşəri dəyərlərin ardıcıl həyata keçirilməsində avanqard olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən Yeni Azərbaycan Partiyasının qazandığı nüfuz və etibarın əsasını da xalqla birlik təşkil edir" - deyən M.İbrahimqızı bu gün Azərbaycan üçün həlli mümkün olmayan problemin qalmadığını bildirdi. Ölkəmizdə ən müasir təcrübə və texnologiyaların tətbiqi ilə yeni istehsal sahələri yaradıldığını bildirən M.İbrahimqızı əhalinin məşğulluq səviyyəsinin yüksəldiyni seçicilərin diqqətinə çatdırdı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğuna diqqətin artırıldığını, kəndlə şəhər arasında fərqin aradan qaldırıldığını bildirən M.İbrahimqızı Azərbaycanda yoxsulluq həddinin 11 faizə endirilməsinin respublikada davam etdirilən və hakim partiya kimi YAP-ın fəallarının əzmkarlığı ilə görülən işlərin məntiqi və müsbət nəticəsi olduğunu söylədi.
Seçicilər adından çıxış edən Nurəddin Əhmədov, Dilqəm Allahverdiyev, İradə Məmmədova və Roza Orucova bir millət vəkili, eyni zamanda, həmyerli kimi Məlahət İbrahimqızının fəaliyyətindən çox razı qaldıqlarını bildiriblər. Bununla yanaşı, onlar xüsusi bir fikri vurğuladılar ki, biz bu gün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə sağlam və möhkəm gələcəyimizə səs vermiş oluruq. Çünki güzəranımızın bugünkü yüksək səviyyəyə çatması Yeni Azərbaycan Partiyasının və onun Sədri cənab Prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində olmuşdur.