YAP xalq, Vətən üçün çox işlər görür
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 61 saylı Neftçala seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə namizədliyi irəli sürülən Arif Qafar oğlu Rəhimzadənin Neftçala rayonunun Qırmızıkənd və Qaçaqkənd seçiciləri ilə növbəti görüşü keçirilib.
Əvvəlcədən müəyyən edilmiş yerdə, açıq səma altında keçirilən bu görüşə 2600 nəfərdən çox seçici qatılıb. Görüşdə Milli Məclis üzvlüyünə namizədin vəkilləri və seçki qərargahının nümayəndələri də iştirak ediblər. Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov ölkədə gedən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb: "Çox sevindirici haldır ki, bu gözəl işlərin müsbət təsiri Neftçala rayonunun dəyişən, gözəlləşən simasında da özünü göstərir".
Qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən söz açan Anar Cəfərov vurğulayıb ki, qanunverici orqan, məhz xalqın səsverməsi ilə formalaşır. O, vurğulayıb ki, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası ilk gündən gözlənildiyi kimi, çox uğurlu başlayıb. Anar Cəfərov 61 saylı Neftçala seçki dairəsindən IV çağırış Azərbaycan Rspublikası Milli Məclisinə namizədliyi irəli sürülən Arif Qafar oğlu Rəhimzadə haqqında geniş məlumat verib. Bildirib ki, millət vəkili seçiləcəyi təqdirdə, Arif Rəhimzadə göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu söyləyib.
YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov partiyanın təbliğat-təşviqat kampaniyasına yüksək səviyyədə hazırlaşdığını və bu səbəbdən, partiyanın növbəti dəfə seçkilərdə böyük, inamlı qələbə qazanacağına əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən YAP-ın 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Arif Qafar oğlu Rəhimzadə ölkəmizin inkişafından, əldə olunan uğurlardan danışıb. Arif Rəhimzadə bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır: "Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir. Son 7 il respublikamızın iqtisadi, siyasi, sosial, elmi və humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin olub. Ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. Bütün qazanılan bu nailiyyətlər ölkə Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. Ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir".
Arif Rəhimzadə YAP-ın Seçki Proqramından ətraflı bəhs edərək bildirib ki, partiyamız öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir. Bu amil vətəndaşların YAP-a olan inamını daha da artırır.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədin vəkili Əbülfəz Məlikov A.Rəhimzadənin Azərbaycanın inkişafına, demokratik cəmiyyət quruculuğu prosesinə öz töhfəsini verən namizəd olduğunu bildirib. Onu da qeyd edib ki, seçicilər A.Rəhimzadəyə seçici dəstəyi verməklə, Neftçala rayonunun Milli Məclisdə azad fikrinin daha geniş şəkildə təqdim edilməsinə imkan yaratmış olarlar. Namizədin vəkili onu da söyləyib ki, beşillik fəaliyyəti dövründə hər zaman hər bir seçicinin yanında olmuş Arif Qafar oğlu Rəhimzadə bu dəfə də Neftçala ictimaiyyətinin dəstəyini qazanacaq.
Görüşdə çıxış edən seçicilərdən Əli Cəfərov, Hüseyn Manafov, Seyid Mirəziz və başqaları bildiriblər ki, onlar artıq öz seçimini ediblər. Onlar üçün başlıca amil ölkəmizin inkişafının və sabitliyinin möhkəmlənməsidir. Ona görə də, onlar hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.