Azərbaycanda demokratik seçki ənənəsi mövcuddur
Dünən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Rafael Cəbrayılovun 9-cu mikrorayon Həmzə Babaşov və Mir Cəlal Paşayev küçələrində yaşayan seçicilərlə növbəti görüşü keçirildi. 300-ə yaxın seçicinin iştirak etdiyi görüşdə Rafael Cəbrayılovun vəkilləri Məhəmməd Novruzov, Əli Tağıyev, Ceyhun Xalıqlı iştirak edirdilər.
Tədbiri giriş sözü ilə deputatlığa namizədin vəkili Məhəmməd Novruzov açaraq respublikanın ictimai-siyasi həyatında mühüm rola malik olan seçkilərin şəffaf və azad keçirilməsinin demokratik proseslərin inkişafının nəticəsi kimi üzə çıxdığını bildirdi. O, seçicilərin səsinin Azərbaycanın layiqli nümayəndələrinin Milli Məclisə deputat seçilməsində həlledici olduğunu vurğuladı.
Vəkil deputatlığa ən layiqli namizəd olan Rafael Cəbrayılovun seçki platformasından bəhs etdi. Bildirdi ki, tanınmış hüquqşünas Rafael Cəbrayılov 5 il müddətində parlamentdə deputat olaraq təmsil olunduğu dövrdə daim seçicilərin problemlərini diqqətdə saxlamış, səmimi, isti münasibəti ona qarşı inam hissini artırmışdır. O, seçiciləri 7 noyabr parlamenti seçkilərində R.Cəbrayılova səs verməyə və hər bir ailəni bayram əhvali-ruhiyəsi ilə məntəqələrə gəlib demokratiyanın və müstəqilliyimizin bizə verdiyi imkandan yararlanaraq, düzgün seçim etməyə çağırdı. Deputatlığa namizədin vəkil onu da qeyd etdi ki, R.Cəbrayılov deputat seçilərsə, ərazinin sosial-iqtisadi inkişafına, eləcə də, əhalinin sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət yetirəcək və daha ciddi problemlərinin həlli ilə bağlı dövlət qurumları qarşısında müvafiq məsələlər qaldıracaq.
Görüşdə çıxış edən deputatlığa namizəd R.Cəbrayılov müstəqil dövlətimizdə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri zamanı seçicilərin aktivliyinin şahidi olduğunu bildirdi: "Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasət seçkilərin şəffaflığına şərait yaradır və hər bir seçicinin hüquqi baxımdan seçmək huququ olduğundan seçimində azad və müstəqildir. Artıq seçki ərəfəsindəyik və inanıram ki, seçicilər öz seçimində fəal və düzgün mövqedə olacaqlar. Layiqli namizədlərə səs verəcəklər. Azərbaycanın bugünkü inkişafı, onun regionun qüdrətli dövlət olaraq adının hallanması və dünyada imic qazanması ölkə Prezidentinin məqsədyönlü fəaliyyətidir. Demokratik dövlətin varlığını şərtləndirən amillərin nəticəsidir ki, Azərbaycanda seçkilər beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən izlənilir, müşahidə olunur. Azərbaycanın gələcək inkişafı naminə seçiciləri layiqli namizədlərə səs verməyə çağırıram."
R.Cəbrayılov çıxışında onu qeyd etmişdir ki, əgər seçici etimadı qazanıb yenidən səs toplayarsa, bu diqqəti doğruldacaq və bir vətəndaş olaraq, Azərbaycanın inkişafı yönümündə fəaliyyətini davam etdirəcəkdir: "Azərbaycanın sürətli inkişafı, əhalinin sosial rifahının yüksəlməsi və quruculuq işlərinin artması ölkənin simasını dəyişmişdir. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, ölkənin sosial-iqtisadi inkişafında əsaslı dönüşlər yaranmışdır. Regionlarda sosial infrastruktur təminatı yüksəlmişdir. Görülən işlər əhalinin səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamaqdadır." R.Cəbrayılov noyabrın 7-də keçiriləcək seçkilərdə seçiciləri fəal olmağa və düzgün seçim etməyə çağırdı.
Görüşdə çıxış edən seçicilər dairədən namizədlikləri irəli sürülmüş 11 namizəd sırasında yalnız bir səslə R.Cəbrayılova səs verəcəklərini bildirdilər.