Sarkisyan Azərbaycanın artan hərbi qüdrətindən qorxuya düşüb
Ermənistan prezidenti bu günlərdə yenidən növbəti bəyanatı ilə çıxış edib. Serj Sarkisyan Ermənistanda diaspor təşkilatlarının nümayəndələri ilə görüşdə Dağlıq Qarabağın tarixi haqqında və münaqişənin nizamlanması ilə bağlı ənənəvi məntiqsiz çıxışını edib. O, Qarabağın tarixini təhrif etməklə yanaşı, münaqişənin nizamlanması ilə bağlı da fikirlərində də prosesi düzgün əks etdirməkdən çəkinmişdir.
İşğalçı dövlətin prezidenti Qarabağ tarixi haqqında heç bir mənbədə yazılmamış, yalnız onun kimi mürtəce siyasətçilərin uydurmalarını dilə gətirmişdir. O, bu ərazinin əzəli Ermənistan torpaqları olduğunu deyib. Əlbəttə, erməni liderin belə bir çıxışı heç də təəccüblü deyil. Müntəzəm olaraq bü cür absurd fikirlərlə çıxış edən Sarkisyanın belə çıxışlarının daha çox Ermənistanın daxilinə hesablandığı da vurğulanmalıdır. Özünü layiqli lider kimi göstərmək üçün yerli əhalinin bu kimi populist çıxışlarla rəğbətini qazanmağa çalışan Sarkisyan beynəlxalq miqyasda heç vaxt belə bir bəyanat səsləndirməyə qadir deyil. Çünki bütün dünyaya məlumdur ki, Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlar bütün tarixi dövrlərdə Azərbaycan ərazisi olmuş və hal-hazırda ölkəmizin beynəlxalq səviyyədə qəbul olunmuş, dünya ictimaiyyətinin tanıdığı ərazi bütövlüyü çərçivəsindədir. Belə olan təqdirdə Ermənistan prezidentinin fikirləri onun şəxsi uydurmasından və yaxud da erməni tarixçilərinin özlərinin uydurduqları və dünyaya da bu cür çatdırmaq istədikləri təfəkkür tərzindən ibarət ola bilər.
Digər bir tərəfdən isə Sarkisyanın münaqişənin nizamlanması ilə bağlı fikirləri də öz məntiqsizliyi və reallığı əks etdirməməsi ilə seçilib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarbağın öz müqəddəratını təyinetmə hüququnu tanıması və bunun Bakını narahat etməsi ilə bağlı fikirlər də Sarkisyanın dilindən səslənib. O, bütün dünyanın hərbi yolu istisna etdiyi bir vaxtda yalnız Azərbaycanın hərbi yolu istisna etməməsini qabardaraq, bunu Azərbaycanın qeyri-konstruktivliyi kimi qələmə vermişdir. Onun bu tipli fikirlərlə çıxış etməsi heç də reallığı əks etdirmir. Yəni heç də həmsədər ölkələrin prezidentlərinin Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququnu tanıması faktı qeydə alınmayıb və rəsmi Bakının bu məsələ ilə bağlı hər hansı bir narahatlıq keçirməsi və yaxud etiraz etməsi müşahidə olunmayıb. Odur ki, Sarkisyanın bu fikirləri heç bir reallığı əks etdirmir. Görünür, Ermənistan tərəf Azərbaycanın hərbi qüdrətinin artmasından təşvişə düşüb. Onun müharibə variantı ilə bağlı narahatlıq keçirməsi, məhz bu cür fikirlər səsləndirməsinə səbəb olur. Əlbəttə, münaqişənin hərbi yolla həlli Azərbaycan dövlətinin və xalqının suveren hüququdur. Bunun Sarkisyan tərəfindən bu cür şişirdilərək səsləndirilməsi isə başda özü olmaqla bütün Ermənistanın müharibədən nə qədər qorxduğunu və narahat olduğunu deməyə əsas verir.
Bütövlükdə götürdükdə isə, Ermənistan prezidentinin səsləndirdiyi fikirlər və tutduğu mövqe heç bir reallığı əks etdirməməklə yanaşı, Ermənistanın daxili auditoriyasına hesablanmış bir bəyanatdır. Bu cür fikirlərlə Sarkisyan özünü və ona inanan bəzi insanları aldada bilər. Lakin tarixi həqiqətlər və mövcud reallıq onun dediklərini tamamilə təkzib edir. Gec-tez Sarkisyan bu rellıqlarla barışmalı və işğalçı mövqeyindən əl çəkməlidir.