Yeni Azərbaycan Partiyası parlament seçkilərinin favoriti olacaq
Dünən Gədəbəy rayonunun Hacılar kəndində YAP-ın 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyi irəli sürülən Rafiq Musa oğlu Məmmədhəsənov seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov bildirib ki, seçicilərin namizədləri ilə görüşünə belə mütəşəkkilliklə gəlməsi Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətə inamının nəticəsidir.
Məhz bu səbəbdəndir ki, YAP tərəfindən irəli sürülən namizədlər bütün seçkilərdə xalqın yüksək dəstəyini qazanır: "Bu gün YAP-ın ictimaiyyət arasında böyük nüfuz qazanması, sıralarında 500 mindən çox sağlam əqidəli insanların birləşməsi bir daha partiyamızın bu seçkilərin də qalibi olacağını sübut edir. Çünki YAP milyonların partiyasıdır və partiyanın irəli sürdüyü namizədlər respublikanın gələcəyini, iqtisadi inkişafımızın davamlı olmasını istəyən insanlardır. İnanırıq ki, qədirbilən xalqımız bu seçkilərdə də bir daha mütəşəkkillik göstərərək, yaxşıların yaxşısına üstünlük verəcəklər".
R.Muradov, həmçinin, YAP tərəfindən irəli sürülən namizədin həyatı, iş fəaliyyəti, xidmətləri barədə də məlumatları tədbir iştirakçılarına çatdırıb və bütün seçiciləri Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatı aparatının rəhbəri Namiq Həsənov, rayon təşkilatının qərargah üzvü Asif Ələsgərov, seçicilərdən Nəriman Nəbiyev, Zaman Rəhimov, Həmzə İskəndərov, Murğuz Nəbiyev və başqaları ölkədə gedən uğurlu işlərdən danışdılar. Çıxış edənlər bildirdilər ki, regionlarda aparılan sürətli quruculuq işləri hər bir vətəndaşın dövlətinə olan məhəbbətini artırır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük sürətlə inkişaf edir. Bu, inkişafın müsbət nəticələrini rayonumuzun timsalında görmək olar. Belə ki, qısa müddət ərzində rayonda abadlıq və quruculuq işləri yüksək səviyyədə aparılıb, bir çox əhəmiyyətli obyektlərin açılması işsizliyin aradan qaldırılmasına, yoxsulluğun səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Yaranmış firavanlığa görə də, xalqımız, o cümlədən bütün gədəbəylilər YAP-ın irəli sürdüyü namizədlərə səs verəcək".
YAP tərəfindən millət vəkilliyinə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyi irəli sürülən Rafiq Musa oğlu Məmmədhəsənov seçicilər qarşısında çıxış edərək, bu gün Azərbaycanın regionda dinamik inkişafın, yeni mərhələ üzrə davam edən proseslərin avanqardı kimi öndə getdiyini vurğuladı: "Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və zəngin dövlətçilik təcrübəsi dayanır. Bizim birliyimiz bu müqəddəs amallara xidmət etməli, hamıya nümunə olmalıdır".
Rafiq Məmmədhəsənov ümidvar olduğunu bildirərək, görüşə gələnlərin hər birini keçirilən bütün siyasi kampaniyalarda Azərbaycanın heyrət doğuran reallıqlarının davamına tərəfdar olmağa səsləyib. Namizəd, yenidən millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğruldacağını bildirib.
Sonda seçicilərlə YAP-ın namizədi arasında səmimi söhbət olub.