Yeni Azərbaycan Partiyası ilə həmrəyik
Yeni Azərbaycan Partiyasının namizədləri, Azərbaycanın digər bölgələrində olduğu kimi, Gədəbəydə də təbliğat-təşviqat kampaniyasını böyük uğurla davam etdirirlər. Keçirilən görüşlərdə YAP namizədləri seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanırlar. Namizədlər bu görüşlərdə öz seçki platformalarını yerli ictimaiyyətin diqqətinə çatdırır, millət vəkili seçiləcəkləri təqdirdə, görəcəkləri işlər, deputatlığa namizəd kimi fəaliyyət proqramları barədə ətraflı məlumat verirlər. Təbliğat-təşviqat kampaniyası çərçivəsində ardıcıl görüşlərə başlayan YAP namizədləri seçicilərlə fəal ünsiyyət qurur, onları maraqlandıran məsələləri dolğun, ətraflı şəkildə cavablandırırlar. f
Belə görüşlərdən biri də dünən Yeni Azərbaycan Partiyasının 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisə namizədi Rafiq Məmmədhəsənovun Novo-Saratovka kəndinin sakinləri ilə olub. Gədəbəy seçicilərinin yüksək fəallığı ilə keçən tədbiri giriş sözü ilə YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov açaraq, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının ilk gündən gözlənildiyi kimi, uğurlu olduğunu söyləyib. R.Muradov 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Rafiq Məmmədhəsənovun həyat və fəaliyyəti ilə bağlı seçicilərə məlumat verib və YAP-ın Milli Məclisə irəli sürdüyü namizədin göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əminliyini bildirib. Gədəbəy sakinləri ictimai fəallığı ilə seçilən bu namizədi çox yaxşı tanıdıqlarını və onun barəsində çox yüksək fikirdə olduqlarını söyləyib.
Görüşdə çıxış edənlərdən Asif Ələsgərov, Qərib Məhərrəmov, Qələndar Vəliyev, Valeh Tomiyev, İslam Tağıyev və başqaları deputatlığa namizəd kimi Rafiq Məmmədhəsənovun müsbət şəxsi keyfiyyətlərinin olduğunu vurğulayıblar. Onlar namizədin böyük dünyagörüşə, geniş həyat təcrübəsinə, yüksək intellektə malik olduğunu bildirib, onun səmimi, ünsiyyətcil, fəal, təşəbbüskar insan kimi fərqləndiyini qeyd ediblər.
Ramazan Muradov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" şüarı ilə gedir: "Çünki Azərbaycanın iqtisadi yüksəlişi bu gün göz qabağındadır. Məhz YAP-ın Seçki Proqramında da bu öz əksini tapıb. Seçki Proqramının əsas devizlərindən biri də "İqtisadi yüksəliş"lə bağlıdır. Qeyd olunan bölümdə Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinin hansı şəkildə qurulması, ölkədə iqtisadi innovasiyaların geniş şəkildə təşviq edilməsi, neft layihələrinin səmərəli nəticələrinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, informasiya - texnologiyaları sisteminin inkişafına diqqətin daha da artırılması ilə yanaşı, ölkədə istehsalın artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, sahibkarlığın inkişafına dəstək siyasətinin davam etdirilməsi kimi məsələlərlə bağlı tezislər öz əksini tapıb".
Sonra çıxış edən YAP-ın 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədi Rafiq Musa oğlu Məmmədhəsənov platforması barədə danışıb. O, kənd sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə, verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib. Görüş iştirakçıları isə, mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.
Sonda görüşdən razı qalan sakinlər namizədin çıxışını böyük maraq və rəğbətlə qarşılayıblar. Onlar Milli Məclis üzvlüyünə namizəd Rafiq Musa oğlu Məmmədhəsənovun ona bəslənilən ümidləri doğruldacağına əmin olduqlarını və bu səbəbdən, 104 saylı Gədəbəy seçki dairəsində məhz Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.