PDF Oxu

Araşdırma

  • 16

Ermənistanda siyasi böhran dərinləşir

Ermənistanda siyasi böhran dərinləşir
Ermənistan çevrəsində baş verən son olaylar bu ölkədə ictimai-siyasi vəziyyətin yenidən kəskinləşdiyini göstərir. Siyasi qütblər arasında münasibətlərin gərginləşməsi fonunda Ermənistan müxalifəti və iqtidarı qarşılıqlı şəkildə bir-birini ittiham edirlər. İşğalçı ölkənin iqtisadi və hərbi-siyasi cəhətdən getdikcə daha çox Rusiyanın təsir dairəsinə düşməsi Ermənistanın siyasi dairələrində ciddi təbəddülatların yaşanmasına, mövcud fikir ayrılıqlarının daha da dərinləşməsinə səbəb olub. Bununla yanaşı, rüşvətxorluq, korrupsiya məngənəsində sıxılan Ermənistanda insan haqları kobud şəkildə pozulur. Bu ölkədə uzun müddətdir ki, repressiv idarəçilik hökm sürür. İşğalçı ölkənin iqtisadiyyatının sürətlə çökməsi, əsas sənaye və enerji müəssisələrinin Rusiya şirkətləri tərəfindən satın alınması burada yaşanan dərin sosial-iqtisadi böhrandan xəbər verir. Bu gün Ermənistanda istər ərzaq, istərsə də sənaye məhsullarının istehsalı sıfır həddindədir, istehsalın, inkişafın olmadığı bir məkanda isə, təbii olaraq, böyük işsizlik və məşğulluq problemləri ortaya çıxır. Burada yaşanan miqrasiya problemləri, ölkə əhalisinin mütləq əksəriyyətinin bu və digər səbəbdən Ermənistanı tərk etməsi, faktiki olaraq, bu ölkənin müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsini yaradıb. Başqa sözlə, bütün qonşuları ilə ciddi problemləri olan Ermənistan regional problemlərin həllində konstruktiv mövqe tutmaqdan çəkindiyinə görə, Cənubi Qafqazda özünü tam təcrid vəziyyətinə salıb. Təcavüzarlıq və işğalçılıq siyasətindən geri çəkilmədiyinə görə, bu ölkənin ən yaxın qonşuları Azərbaycan və Türkiyə ilə ciddi problemləri mövcuddur. Ermənistanın digər iki qonşusu - Gürcüstan və İranla münasibətləri nisbətən mülayim olsa da, regional maraqların ziddinə hərəkət etdiyinə görə, həm İranda, həm də Gürcüstanda bu ölkəyə qarşı böyük inamsızlıq hökm sürür. Təsadüfi deyil ki, Gürcüstanın dövlət rəsmiləri Ermənistanın Rusiyanın hərbi bazalarını öz ərazisində yerləşdirməsinin bütün region ölkələrinin müstəqilliyi üçün təhlükə olduğunu vurğulayırlar. Bu, əslində, Ermənistanın hazırkı iqtidarına yönələn bir ittihamdır. Belə ki, rəsmi Yerevanın Rusiya qarşısında təslimçi siyasət yürütməsi təkcə region ölkələrini deyil, həm də bu işğalçı dövlətin ictimaiyyəti arasında ciddi narazılıq yaradıb. İş o yerə çatıb ki, indi erməni müxalifətində təmsil olunan sabiq iqtidar nümayəndələrini Serj Sarkisyan hakimiyyətini satqınlıqda və ölkənin milli maraqlarına xəyanətdə ittiham edirlər. Ermənistanın müxalifət təmsilçiləri hesab edirlər ki, beynəlxalq ictimaiyyətin, xüsusən də, Avropa Şurası, ATƏT və digər nüfuzlu dünya təşkilatlarının Serj Sarkisyan iqtidarına qarşı hər hansı cəza, sanksiya tətbiq etməməsinin nəticəsidir. Bu səbəbdən, qonşu ölkələrə münasibətdə ekspansiv, militarist siyasət yeridən S.Sarkisyan iqtidarı ölkə əhalisinə münasibətdə repressiv davranmaqdan Ermənistanın artıq müstəqil ölkə olmadığını bir çoxları, hətta bu ölkə parlamentinin sabiq deputatı Aqasi Arşakyan da etiraf edir. O, Robert Köçəryan və S.Sarkisyan rejimini milli maraqlara xəyanətdə günahlandıraraq, onları satqın adlandırır: "Son 13 ildə Ermənistandakı hakimiyyət ölkənin müstəqilliyini hissə-hissə satmaqla məşğul olub. Bu gün Ermənistan ictimaiyyəti ölkənin müstəqilliyinin hissə-hissə satılması faktı ilə üz-üzə dayanıb. Müstəqillik nə deməkdir? Bu anlayış enerji müstəqilliyini, rabitə vasitələrinin, iqtisadiyyatın müstəqilliyini, vətəndaşların azad olmasını nəzərdə tutur. Lakin bütün bu sadaladıqlarım başqa ölkələrin, əsas etibarilə də Rusiyanın əlindədir". Bununla əlaqədar Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukyan vurğulayır ki, hazırkı hakimiyyət öz mövcudluğunu ölkənin müstəqilliyinin itirilməsi hesabına qorumağa çalışır: "Ermənistanın mövqeləri zəifləyib, ölkə suverenliyini itirmək ərəfəsindədir. Müharibə vaxtı insanlar qida, işıq və sair çatışmazlığı üzündən ölkəni tərk edirdi və bu, başadüşülən idi. Bu gün insanların əvvəllər əldə edə bilmədikləri çox şeyləri olsa da, onlar Ermənistandan daha çox immiqrasiya edirlər. Bütün bunlar psixoloji faktorlarla əlaqəlidir: sabahkı günə inamsızlıq, müdafiəsizlik var. Hazırda Ermənistan iqtisadiyyatının 80 faizi digər dövlətlərin əlindədir, dövlət büdcəsinin 80 faizi də ölkənin müstəqilliyini zəiflədən müəssisələr hesabına dolur". Bu, o deməkdir ki, ölkədə əsas siyasi və iqtisadi təsir rıçaqları xarici dövlətlərin əlindədir. Belə vəziyyət həmin dövlətlərə rəsmi Yerevanı daimi basqı, təzyiq altında saxlamağa imkan verir. Bütün bunların fonunda iqtisadi infrastrukturu tamamilə tənəzzülə uğrayan Ermənistan xarici ölkələrin, xüsusən də, Rusiyanın təsir dairəsində olan asılı, yarımmüstəqil dövlətə çevrilib. Faktiki olaraq, bu ölkənin dövlət rəsmiləri Rusiyanın hakim dairələrinin iradəsinə zidd hər hansı addım ata bilmirlər. Son zamanlar özlərini hansısa müstəqil dövlətin deyil, Rusiya forpostunun nümayəndələri kimi aparan Ermənistan rəsmiləri bununla təmsilçisi olduqları ölkəni iflas həddinə gətiriblər. Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan isə bildirir ki, ölkənin hakimiyyətdə olan elitasının nümayəndələri dövlətçilik düşüncəsindən məhrumdurlar və ən müqəddəs hesab etdikləri məqsədlərinin - sərvətlərinin artırılmasının həyata keçirilməsi ilə məşğuldurlar: "Bu gün Ermənistanda oliqarx qruplaşması hakimiyyətdədir və hakimiyyətin bütün "rıçaq"larından sərvətlərinin artırılması üçün istifadə edir. İndi ölkənin yeganə xilası oliqarx rejimini devirərək, legitim hakimiyyət formalaşdıran demokratik xalq hərəkatı ola bilər. Biz hər şeyi edəcəyik ki, hazırkı qeyri-legitim hakimiyyət sakit yaşaya bilməsin". Əsas müxalif qüvvələrin cəmləşdiyi Ermənistan Milli Konqresinin digər təmsilçisi Qarnik Markaryan isə qeyd edib ki, hazırda Ermənistan əhalisinin sayı heç 1,5 milyon nəfərə də çatmır: "Xüsusilə, sosial-iqtisadi sahədə problemlər var. Ölkədə böyük sayda insanlar çörək dalınca başqa dövlətlərə üz tutmalı olurlar. Məhz bu üzdən əhali Ermənistanı kütləvi şəkildə tərk edir". Bu baxımdan, erməni kinorejissor Tiqran Xzmalyanın SSRİ-nin dağılmasından ötən 19 ildə Ermənistan müstəqil ola bilməməsini söyləməsi diqqəti çəkir: "Biz addım-addım vətəndaş azadlıqlarımızı, müstəqilliyimizi itiririk. Orduya yollanan uşaqlar müdafiəsiz olduqlarını hiss edirlər. 19 ildə əldə olunmuş uğurlara gəlincə, təəssüf ki, nümunə göstərmək mümkün deyil. Cəmi 1,5 milyon əhaliyə malik olmaq bədbəxtlikdir, faciədir. Bunun fonunda hansısa uğurlardan danışmaq yalan olar". Bununla bağlı, Ermənistanın sabiq dövlət başçısı Levon Ter-Petrosyan da qeyd edir ki, belə şəraitdə Serj Sarkisyan iqtidarı böyük təhlükə - devrilmək, hakimiyyətdən qovulmaq təhlükəsi ilə üzləşib: "Şübhə etmirəm ki, Serj Sarkisyan tutduğu vəzifəni vaxtından əvvəl tərk edəcək. O, tutduğu vəzifədən ya xalqın daha qəddar düşməni şəklində, ya da reallıqla barışaraq, düşmənə çevrilmədən, öz xoşu ilə uzaqlaşacaq. Əks halda, onsuz da ölkəmizin saysız-hesabsız itkilərinin miqyası bir qədər də artacaq və bu itkiləri, ümumiyyətlə, bərpa etmək mümkün olmayacaq". İşğalçı ölkənin sabiq dövlət başçısının bu açıqlamaları bir daha təsdiqləyir ki, Ermənistan ictimaiyyətində bu ölkənin gələcək aqibəti barədə pessimist fikirlər, bədbin əhval-ruhiyyə formalaşıb. Faktiki olaraq, işğalçılıq, terrorçuluq dalğası üzərində Ermənistanda hakimiyyətə gələn bu şəxslər indi ermənilərin özlərini mənəvi-siyasi terrora məruz qoyurlar. Bir neçə il öncə, ölkənin baş naziri və parlament spikerinin Ermənistan parlamentində gülləbaran edilməsi, S.Sarkisyanın xeyirinə seçkilərin saxtalaşdırılmasına etiraz edən kütlənin atəşə tutulması, onlarla insanın yaralanması və həlak olması buna əyani misaldır.

Digər xəbərlər