Ermənistan öz sərhədlərinin müdafiəsini təmin etmək qabiliyyətinə malik deyil
Regionun ən çox inkişafdan geri qalmış ölkəsi olan Ermənistandakı ictimai-siyasi vəziyyətin gərginliyi məlumdur. Ölkəni artıq öz cənginə almış dərin sosial-iqtisadi böhran bütün sahələri iflic etməyə başlayıb.
Bu səbəbdəndir ki, bu günlərdə Ermənistan müxalifəti artıq müntəzəm xarakter almış kütləvi etiraz mitinqlərini daha mütəşəkkil surətdə davam etdirir. Əhalinin fəaliyyət göstərdiyi bütün sahələrdə böhranın olması onların ölkəni kütləvi şəkildə tərk etməsi ilə yanaşı, öz etirazlarını bildirmələri ilə də müşahidə olunmaqdadır.
Ermənistanda ana müxalifət sayılan Erməni Milli Konqresinin keçirdiyi son mitinqlərdən biri zamanı Ermənistan ordusuna qarşı səsləndirilən ittihamlar daha kəskin olub və buna səbəb kimi Ermənistan hakimiyyətinin apardığı yarıtmaz siyasət göstərilib. Belə ki, Erməni Milli Konrqesinin koordinatoru Levon Zurabyan Ermənistan ordusunda olan vəziyyətin dözülməz olduğunu və bunun Ermənistanın ziyanına işlədiyini deyib. O, bu vəziyyətin yaranmasına səbəb kimi isə ordu rəhbərliyinin özbaşınalığını göstərib. "Ordu generallarının yüz min dollarlıq ciplərdə gəzdiyi, rüşvətxorluqla və şəxsi varidatını artırmaqla məşğul olduğu bir vaxtda ordu sağlam ola bilməz."
Zurabyanın dediklərinə görə, Ermənistan ordusunda baş verən son hadisələr onun dağılmasına şərait yaradır. O, həmçinin, bildirib ki, ölkənin mövcud iqtisadi vəziyyəti özünü orduda da göstərir.
Ermənistan müxalifətinin nümayəndəsinin dediklərindən də, açıqlanan faktlardan da məlum olur ki, Ermənistan ordusu bu gün heç də sivil ordu səviyyəsində deyil və onun dağılması artıq an məsələsinə çevrilib. Artıq demək olar ki, hər gün erməni ordusunda baş verən anormal hallarla, insidentlərlə rastlaşdığımız bir halda, bu sözləri əminliklə demək olar. Orduda fərarilik, ordudan yayınma, rüşvətxorluq hallarının adiləşdiyi halda bu günlərdə əsgərlərin təzyiq və təhqirə məruz qalması, onlara qarşı qeyri-insani hərəkətlərə yol verilməsi, alçaldılması və bunun nəticəsində əsgərlərin intihara can atması da artıq ənənə xarakteri almağa başlayıb. Son zamanlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən rəsmi şəkildə açıqlanan məlumatlar bunu deməyə əsas verir. Bu isə birbaşa olaraq Ermənistan dövlətinin ordusunun müdafiə qabiliyyətinin aşağı düşməsinə səbəb olur ki, bu da son nəticədə bir dövlət kimi Ermənistanın hətta ordu belə saxlamaq iqtidarında olmadığını göstərmiş olur.
Artıq Rusiyanın bir vilayətinə çevrilmiş Ermənistan öz hərbi sahəsini də ona həvalə edib. Bir halda ki, bu ölkə öz sərhədlərini özü qorumaq iqtidarında deyil və bunu rusların etməsinə ehtiyac duyur, onda o ölkənin heç mövcudluğundan danışmağa dəyməz. Bəli, bu, həqiqətən də, belədir. Ermənistan sərhədlərində yerləşdirilən əsgərlər heç də erməni deyil, ruslardır. Ermənistanda hərbi bazalarını yerləşdirən və Ermənistana hər cür hərbi yardım göstərən Rusiya artıq bütövlükdə Ermənistan ordusunu öz nəzarəti altına alıb. Yəni göründüyü kimi, zaman keçdikcə Ermənistan öz suverenliyini və müstəqilliyini itirir.
Göründüyü kimi, bu gün Ermənistan təkcə apardığı yarıtmaz xarici siyasətlə deyil, eyni zamanda, daxili qeyri-sabitliklə də seçilir. Bu daxili qeyri-sabitlik isə ölkəni daxildən parçalamağa yönəlmişdir. Hadisələrin bu tempdə davam edəcəyi təqdirdə, Ermənistanın artıq kandarında olduğu uçurumun dibinə yuvarlanması qaçılmazdır. Bu uçurum isə dövlətin birdəfəlik məhvinə və onun artıq qeyri-rəsmi şəkildə itirdiyi mövcudluğunu rəsmi şəkildə itirməsinə səbəb ola bilər.