Bakıda “erməni həyasızlığı"
MDB, Qafqaz və Qara dəniz üzrə "Sosialist İnternational" komissiyasının Bakıda keçirilən toplantısında Daşnaksutyun partiyasının siyasi məsələlər üzrə sədr müavini Kiro Manoyanın Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun meyitinin qaytarılması, Dağlıq Qarabağ münaqişəsi, eləcə də, Türkiyə - Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi bəyanatlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.
Qeyd edək ki, Daşnaksutyun partiyasının təmsilçisi bu məsələlər barəsində fikirlərini açıqlayarkən, sözün əsl mənasında, erməni "həyasızlığı"nı nümayiş etdirdi. Dağlıq Qarabağın heç vaxt Azərbaycan torpağı olmadığını iddia edən daşnak, eyni zamanda, bir neçə aydan bəri ən yüksək səviyyəli görüşlər səviyyəsində belə müzakirə olunan məsələ - milli qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılmasına aşağılayıcı fikirlərlə münasibət bildirməklə ermənilərin Azərbaycan xalqına qarşı barışmaz düşmən olduqlarını bir daha nümayiş etdirdi.
Onu da qeyd edək ki, Kiro Manoyan milli qəhrəmanın meyitinin Dağlıq Qarabağda və Ermənistanda olmadığını bildirərək, onun cəsədinin neytral ərazidə qaldığını iddia etsə də, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nüamayəndəliyi bu məlumatları təkzib etdi. Komitənin Bakı nümayəndəliyinin son açıqlamasında bir daha bildirilib ki, milli qəhrəman, gizir Mübariz İbrahimovun meyiti qoşunların təmas xətti yaxınlığındakı neytral ərazidə deyil, Ermənistandadır. Bu baxımdan da, Daşnaksutyun partiyasının təmsilçisinin açıqlamaları reallığı əks etdirmir.
Qeyd edək ki, bir neçə aydan bəri Ermənistan tərəfinin milli qəhrəman, gizir Mübariz İbrahimov və zabit Fərid Əkbərovun meyitlərini qaytarmaması Azərbaycan ictimaiyyəti tərəfindən həssas yanaşılan məsələlərdən birinə çevrildiyinə görə, bu açıqlamalardan sonra erməni daşnaklarının Bakıya niyə gətirilməsi və insanların əsəbilərinə toxunan açıqlamalarına niyə şərait yaradılması hər kəsi düşündürən mövzuya çevrilib.
Hər zaman ermənilərin Bakıya gəlməsinə qarşı çıxan "QAT" sədri Akif Nağı isə hesab edir ki, ermənilər hər zaman Azərbaycana qarşı düşmən olduqlarını nümayiş etdirsələr də, nədənsə bizim cəmiyyətin nümayəndələri bu məsələyə bir qədər soyuqqanlı yanaşır. "Mən birinci gündən bu fikirdəyəm ki, nə qədər ki, Ermənistan işğal etdiyi ərazilərdən qoşunlarını geri çəkməyib, Bakıya bir erməni də gəlməməlidir, bu gündə bu fikrimin üstündə dayanıram. Çünki bizə ermənilərin bura gəlməsi lazım deyil. Bizə çox lazım idi ki, hansısa bir daşnak gəlib Bakıda bizə desin ki, sizin milli qəhrəmanınızın meyiti neytral zonadadı, istəyirsinizsə, gedin götürün. Ya da "Qarabağ heç vaxt Azərbaycanın olmayacaq" deməsi bizə çoxmu lazım idi"- deyə fikirlərini "Səs" ə açıqlayan "QAT" sədri erməni daşnaklarının Bakıya gəlişinə də etiraz etdiklərini deyib. Akif Nağı bildirib ki, bir çox hallarda rəsmi şəxslərin, əsasən də, siyasi partiya və "QHT" təmsilçilərinin Ermənistana getməsi və ermənilərin hansısa beynəlxalq tədbirlərdə iştirakla bağlı Bakıya gətirilməsi doğru deyil. "Bir çox hallarda bizim rəsmilərimiz bunu belə əsaslandırırlar ki, biz erməniləri bura qoymasaq, onda beynəlxalq təşkilatlarda belə fikir yaranacaq ki, Azərbaycan sülh istəmir. Ancaq bir məsələ də var ki, həmin beynəlxalq təşkilatlar çox vaxt həmin tədbirlərdə bizimlə ermənilər arasında bərabərlik qoymağa çalışırlar. Bunu ən çox siyasi partiyalar və QHT-lər nəzərə almalıdırlar ki, bu, heç də onların izah etdikləri kimi deyil. Biz niyə yol veririk ki, erməni onsuz da gəlib bizim evimizin içində də öz erməniliyini göstərsin? Necə ki, Kiro Manoyan Bakıda əsl "erməni həyasızlığı"nı göstərdi"- deyən Akif Nağı bildirib ki, başqa vaxt daşnakların Bakıya dəvət edilməsinə razılıq verən ASDP sədri Araz Əlizadə də daxil olmaqla, digər siyasi partiyaların rəhbərləri Azərbaycanın milli maraqların qorunmasından ağız dolusu danışırlar. "İndi Araz Əlizadə çıxıb deyir ki, onlar nə dedilərsə, bir-bir hamısının cavabını verdim. Mən də Araz Əlizadədən soruşmaq istəyirəm ki, o, erməniləri deyişməyə çağırmışdı, yoxsa "QAT"-ın ermənilərin gəlişinə etiraz etməsindən istifadə edərək, onların vasitəsi ilə özünü reklam etdirməyə".
Akif Nağı onu da bildirib ki, Bakıda keçirilən tədbirlərə erməniləri dəvət edən siyasi partiya və QHT-lərin bu məsələdə milli maraqları nəzərə almamasının əsas səbəbi xarici təşkilatlardan alınan maliyyə vəsaitidir. "Burada hamısının bircə marağı var o da pulla bağlıdır. Pula görə bu adamlar bütün maraqların üstündən xətt çəkə bilirlər. Pula görə hətta erməninin gəlib öz evimizdə bizim hissiyyatımıza toxunan fikirlər səsləndirməsinə də göz yumurlar. Mən telekanalları da başa düşmədim. Onlara çoxmu lazım idi mikrofonlarını erməniyə tuşlayıb, onun fikirlərini öyrənmək. Əslində, mətbuat onların fikirlərinə bir cümlə də yer verməməklə erməniləri boykot etməli idi. Nəinki mikrofonunu bir daşnakın qarşısına qoyaraq, onun Azərbaycan xalqının heysiyyatına toxunan fikirlərini yaymalıydılar".