"Time": "Erməni tərəfində protokolların gələcəyi ilə əlaqədar böyük bir pessimizm var"
Ermənistan və Türkiyə arasında düz bir il əvvəl imzalanan protokolların ölkə parlamentlərində təsdiqlənməsi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunmadı. Ancaq protokollar hələ də sözügedən ölkələrdə gedən siyasi müzakirələrin mərkəzindədir. SİA-nın məlumatına görə, Böyük Britaniyanın "Time" qəzeti Ermənistan-Türkiyə protokolların hazırkı vəziyyəti ilə bağlı dəyərləndirmə aparıb.
Qəzet yazır ki, siyasətçilərin, eyni zamanda ekspertlərinin "tarixi" olaraq xarakterizə etdiyi bu protokolların Sürixdə imzalanması böyük ölçüdə iki ölkənin dövlət başçılarının və başda ABŞ və İsveçrə olmaqla beynəlxalq vasitəçilərin səyi ilə reallaşdı: "Qərbin də dəstəyini alan normallaşma prosesi 2008-ci ildə Türkiyə prezidenti Abdullah Gülün erməni həmkarı Serj Sarkisyanın dəvətilə İrəvana təşkil etdiyi tarixi səfərlə başladı. Sarkisyan Gülü iki ölkə arasında oynanılacaq futbol oyununu birlikdə izləmək üçün ölkəsinə dəvət etdi. İki prezident matçın ardını da bir il sonra Bursada birlikdə izlədi. Bursada baş tutan oyun Türkiyə və Ermənistan xarici işlər nazirlərinin "tarixi" protokollara imza atmasından dörd gün sonra oynanıldı. Ancaq aradan bir il keçsədə protokolların gələcəyi hələ dəqiqləşməyib. Hər iki ölkədə də müxalifətin qəti etirazına səbəb olan razılaşmanın gələcəyi ilə əlaqədar nikbinlik də çox zəifləyib".
"Time" qəzeti hesab edir ki, Türkiyənin Dağlıq Qarabağ şərti ilə çıxış etməsi Ermənistanın protokolları müvəqqəti də olsa gündəlikdən çıxarması ilə nəticələndi: "Ermənistan rəhbərliyindəki əksər liderlər protokolları təsdiqləməyə hazır olduqlarını, ancaq ilk addımı Türkiyədən gözlədiklərini ifadə edib. Ancaq imzalanma mərasimindən sonra Ankara protokolların təsdiqlənməsinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ probleminin həll ediməsi ilə bağlı olduğunu açıqladı. İrəvan da buna protokolların Dağlıq Qarabağ problemi ilə əlaqəsi olmadığını və Ankaranın razılaşmaları heç bir ilkin şərt irəli sürmədən təsdiqləməli olduğu cavabını verdi. Bu diplomatik atışmaların nəticəsi olaraq Ermənistanın bu ilin aprel ayında protokolları parlamenetin gündəliyindən çıxardı. Sarkisyanın İrəvanın sənədlərdən heç olmasa hələlik imzasını çəkmədiyi ilə bağlı şərhi beynəlxalq ictimaiyyətdə, xüsusilə də ABŞ tərəfindən məmnunluqla qarşılandı".
"Time" hesab edir ki, heç olmasa erməni tərəfində protokolların gələcəyi ilə əlaqədar böyük bir pessimizmdən söhbət gedə bilər: "Müxalifətdəki Erməni Birliyi Milli Hərəkətinin tanınmış üzvlərindən olan Aleksandr Arzumanyan normallaşmanın Türkiyə üçün bir prioritet olmadığına inandığını ifadə edib. Arzumanyan hesab edir ki, Türkiyə protokollardan öz gündəmindəki ən əhəmiyyətli problemi həll etmək üçün istifadə edib. Bununla da bölgədə tam bir oyunçu halına gələrək Qarabağ məsələsinin müzakirə olunduğu masada özünə bir yer əldə edib".
1996-1998-ci illərdə Ermənistanın xarici işlər naziri olan Arzumanyan erməni səlahiyyətlilərin normallaşma müddətini daha fərqli bir şəkildə icra etməli olduğunu bildirib. O, hesab edir ki, Türkiyənin hər addımı Ermənistana 1915-ci il hadisələri ilə əlaqədar iddialarından geri çəkilməyə məcbur etmə siyasəti üzərində qurulub. Müxalifətdəki milliyyətçi Daşnaksütyun Partiyasının xarici məsələlər üzrə katibi Kiro Manoyan isə hazırkı vəziyyətin yalnız Türkiyəyə fayda verdiyinə görə, İrəvanın protokollardan imzasını çəkməsinin lazım olduğunu bildirib. Manoyan "məncə protokolların imzalanmasının birinci ildönümü Ermənistanın protokollardan imzasını çəkməsi üçün yaxşı bir fürsət idi. Türkiyə yaxşı niyyət nümayiş etdirmədi və protokollardan fərqli bir məqsəd üçün istifadə etdi" söyləyib.
Bir başqa müxalifət partiyası Miras Partiyası da Daşnaksütyun Partiyasının mövqeyini dəstəkləyir. Miras Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Stepan Safaryanın qənaətinə görə, Ermənistanın Türkiyədən gələn "davamlı fərziyyələr"i qiymətləndirib sənəddən imzasını geri çəkməlidir.
İqtidar isə hesab edir ki, Ermənistanın "dünyaya yaxşı bir tərəfdaş olduğunu göstərərək" normallaşma prosesinin fayda verdiyinə inanır. Respublika Partiyasının təmsilçisi Karen Avakyan "Ermənistan protokollarla əlaqədar gündəmə gətirdiyi problemlərin həll edildiyini düşünə bilər, çünki, biz bütün dünyaya yaxşı və yaradıcı bir tərəfdaş olduğumuzu və qonşularımızla problemlərimizi müzakirə yolu ilə həll etməyə, əlaqələri şərtsiz bir şəkildə qurmağa hazır olduğumuzu göstərdik" söyləyib. O, ilk addımın Türkiyənin atdığı təqdirində İrəvan-Ankara dialoqunun yenidən başlaya biləcəyini vurğulayıb.