AŞPA-nın Ermənistan üzrə həmməruzəçisi:
İsveçin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Ermənistan üzrə həmməruzəçi Qoran Lindblad Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutyunyana və AŞPA-nın baş katibi Mateo Sorinasa məktub göndərib.
SİA-nın PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda Ermənistanın təkmilləşmədiyi, bu ölkədə eyni zamanda demokratik dəyərələrin az inkişaf etdiyi göstərilib: "Özünü demokratik hesab edən ölkənin Avropa Şurasının "Demokratik gələcək naminə" forumu çərçivəsində Monitorinq Komitəsinin həmməruzəçiləri ilə yüksək səviyyəli görüşlərə vaxt tapa bilməməsi mənə olduqca qəribə gəlir. Hesab edirəm ki, bu, mənim Ermənistanın belə forumların keçirilməsi üçün hələ təkmilləşmədiyi, eyni zamanda demokratik dəyərlərin az inkişaf etməsi barədə ehtimalımın təsdiqidir".
Məktubda həmçinin deyilir ki, həmməruzəçilərin iyunun 22-də Ermənistana səfəri Monitorinq Komitəsi tərəfindən razılaşdırılıbmış. Lakin rəsmi Yerevan səfərə mane olmaq üçün əvvəlcə yay tətilini əsas gətirib: "Yay tətili başa çatdıqdan sonra Ermənistan rəsmiləri bildiridilər ki, səfər sentyabrın birinci yarısında təşkil etmək tezdir. Sonradan qərara aldilar ki, səfər oktyabrın 17-18-də- Avropa Şurasının "Demokratik gələcək naminə" forumu ərəfəsində reallaşsın. Lakin bu dəfə də Ermənistan parlamentinin spikeri səfəri təxirə salıb. Mənim bildiyim qədər, adətən monitorinq səfərləri yalnız seçkilərdən sonra təxirə salınır ki, yeni hökumətlərin verdiyi vədləri yerinə yetirmək üçün vaxtı olsun. Lakin bu hal Ermənistan üçün deyil".
Qoran Lindblad məktubunda bildirib ki, rəsmi İrəvan həmsədrlərin səfərlərinə şəxsən ona görə mane olmağa çalışır. Belə ki, o, demokratiya dəfərləri və insan hüquqları məsələlərində daha prinrsipial mövqe tutur. Serj Sarkisyan rejimi isə monitorinq səfərlərini ləngitməklə isveçli millət vəkilinin başqa deputatla əvəzlənməsinə nail olmaq istəyir.
O, qeyd edib ki, monitorinq prosesinə maneçilik törədilməsi Parlament Assambleyasına və Avropa Şurasının əsas dəyərlərinə təhqirdir. Qoran Lindblad forum ərəfəsində Ermənistanın yüksək rütbəli hakimiyyət nümayəndələri ilə görüşməkdə israrlı olduğunu bəyan edib.
Qeyd edək ki, Avropa Şurasının "Demokratik gələcək naminə" forumu oktyabrın 19-21-də İrəvanda keçirilməlidir.