PDF Oxu

Araşdırma

  • 15

Danışıqların limiti bitir?

Danışıqların limiti bitir?
Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkə ictimaiyyətinin əsas diqqəti seçkilərlə bağlı proseslərə yönəldiyindən, digər məsələlər diqqətdən bir qədər kənarda qalıb. Lakin bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı proseslərə aidiyyəti yoxdur.
 Məsələ burasındadır ki, bu ilin iyun ayında tərəflər arasında keçirilən Sankt-Peterburq görüşündən sonra avqustun axırlarına qədər danışıqlar prosesində ətalət yaransa da, BMT Baş Assambleyasının 65-ci sessiyasının işə başlaması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı prosesləri də dinamikləşdirdi. Bu baxımdan da, ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü ilə işğal olunmuş Azərbaycan ərazilərində vəziyyətin araşdırılması ilə bağlı faktaraşdırıcı missiyanın regiona gəlməsi diqqətlə müşahidə edilir.
   Onu da qeyd edək ki, işğal olunmuş ərazilərdə bu gündən monitorinqlərə başlayacaq missiyanın araşdırmaları oktyabrın 13-nə qədər davam edəcək. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye missiya üzvlərinin bütün işğal olunmuş Azərbaycan ərazilərinə baş çəkəcəklərini desə də, ekspertlər həmsədrlərin bu istəyinin Ermənistan tərəfindən təmin olunacağını inandırıcı hesab etmirlər. Bununla belə, indi hamı Minsk Qrupu həmsədrlərinin işğal olunmuş ərazilərdə aparacağı araşdırmalar zamanı ortaya hansı yeni nəticələrin çıxacağını gözləyir.
    Amma ortada başqa bir reallıq da var. Məsələ burasındadır ki, vasitəçilərin işğal olunmuş ərazilərdəki vəziyyətə  dair araşdırmalar aparmasının münaqişənin həlli istiqamətində gedən proseslərin "ölü nöqtə"dən tərpədilməsi baxımından hər hansı dəyişikliyə səbəb olacağı inandırıcı deyil.  Digər tərəfdən isə vasitəçilərin aparılan araşdırmaların nəticəsi ilə bağlı ortaya yeni və ciddi faktları qoymaqdan yayınmaq cəhdləri həmsədrlərin özlərinin gələcək fəaliyyəti ilə bağlı problemlərə yol aça bilər. Bu baxımdan da, faktaraşdırıcı missiyanın münaqişə regionunda apardıqları araşdırmalar ətrafında geniş təbliğat qurması təəccüblü deyil.
    Siyasi ekspertlərin fikrincə, danışıqlarda irəliləyişin olmaması faktı artıq ortalıqda olan reallıqdır. Bu baxımdan da həmsədr dövlətlərin nümayəndələrinin problemin həllində dəyişiklik edilməsi üçün əsas işi qoyub, diqqəti başqa məsələlərə yönəltməsi bir növ görüntü yaratmaq məqsədi daşıyır. Çünki münaqişənin nizamlanmasına dair elə vasitəçilərin özləri tərəfindən hazırlanan "Yenilənmiş Madrid təklifləri" var və bu təkliflər Azərbaycan tərəfindən qəbul edilib. Ermənistanın bir ilə yaxındır ki, bu təkliflərə münasibət bildirməkdən yayınması isə Yerevanın bu problemin həllinə maraqlı olmadığını bir daha təsdiq edir. Odur ki, indi vasitəçilərin regiona faktaraşdırıcı missiya sifəti ilə gəlməsi bir növ ictimaiyyətin diqqətini danışıqlar prosesindən yayındırmağa xidmət edir.
    Onu da qeyd edək ki, bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin nizamlanmasına dair aparılan danışıqların nəticəsizliyinin bu prosesə inamı azaltmasına dair bəyanatla çıxış etməsi də rəsmi Bakının danışıqların bu şəkildə uzadılmasına yol vermək niyyətində olmadığını bir daha ortaya qoydu.
Bu baxımdan da siyasi ekspertlər münaqişənin həlli ətrafındakı hazırkı vəziyyətin ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar. Ekspertlərin qənaətincə, ATƏT-in faktaraşdırıcı missiyasının regionda apardığı araşdırmalardan və ATƏT-ə üzv olan ölkələrin XİN başçılarının Qazaxıstanda keçiriləcək Zirvə Sammitindən sonra da problemin həlli istiqamətində ciddi dəyişikliklər baş verməsə, danışıqlar prosesinin, ümumiyyətlə, dayandırılması da mümkün ola bilər. Ekspertlər hesab edir ki, belə bir  vəziyyətin yaranmasının mümkünlüyünü vasitəçilər də bilir. Odur ki, qarşıdakı proseslərdə həmsədrlərin vasitəçilik missiyalarını əldə saxlamaq üçün müəyyən siyasi manevrlərə əl atması da gözlənilən yeniliklər sırasında ola bilər.

Digər xəbərlər