Faktaraşdırıcı missiya araşdırmalara başladı
ATƏT-in faktaraşdırıcı missiyasının Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətin araşdırılması ilə bağlı regiona səfəri, nəhayət ki, başlandı. ATƏT- in Minsk Qrupu həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Bernar Fasye (Fransa), eləcə də, BMT - nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT-nin Miqrasiya Komitəsinin nümayəndələrindən ibarət nümayəndə heyəti rəsmi görüşlərinə Bakıdan başlamaqla faktaraşdırıcı missiyanın fəaliyyətə başladığını rəsmən bəyan etdilər. Onu da qeyd edək ki, vasitəçilərin işğal olunmuş ərazilərə və Ermənistana da səfərləri nəzərdə tutulur. Lakin missiyanın tərkibində BMT təmsilçilərinin vasitəçilərlə birlikdə işğal olunmuş ərazilərə gedib - getməyəcəyi ətrafında bir qədər qeyri - müəyyənlik yaranıb. İş burasındadır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıdakı görüşlərini BMT təmsilçilərinin iştirakı ilə keçirdiklərinə dair görüntü yaratsalar da, BMT nümayəndələrinin vasitəçilərlə birlikdə işğal olunmuş ərazilərə gedib-getməməsi ətrafında problem yaranıb. Missiyanın tərkibində Azərbaycan nümayəndəsinin təmsilçilik məsələsi də əvvəlcədən verilən proqnozlara uyğun olaraq təmin olunmamış qaldı.
Qeyd edək ki, Azərbaycan tərəfi faktaraşdırıcı missiyanın işğal olunmuş ərazilərdə apardığı araşdırmaların obyektivliyinin təmin olunması baxımından missiyada Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndəsinin təmsil olunması məsələsini qaldırmışdı. Amma missiyanın fəaliyyətə başlaması ilə bir daha təsdiq olundu ki, həmsədrlər missiyanın tərkibində Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndəsinin təmsilçiliyi ilə razılaşmayıblar. Dağlıq Qarabağın azərbaycanlı icmasının İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov "Səs"ə açıqlamasında deyib ki, missiyanın tərkibinə icma nümayəndəsinin salınmaması aparılan araşdırmaların obyektivliyi ilə bağlı bir sıra suallar yaradır. "ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələ ilə bağlı hansı mövqe tutduqları onsuz da bizə aydındı. Missiyanın tərkibinə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsinin salınması ona görə lazım idi ki, birincisi, biz həmin yerləri yaxşı tanıyırıq. Missiyada təmsil olunanlar isə həmin əraziləri tanımırlar. Ermənilər, təbii ki, missiya üzvlərinə hər yeri göstərən deyil. Ya da bəlkə aparıb haranı istəsələr oranı göstərəcəklər. Missiya üzvüləri haradan bilsinlər ki, hansı ərazidə hansı tarixi abidə var idi və o, artıq dağıdılıb? " - deyən millət vəkili bütün hallarda missiyanın araşdırmalarının nəticəsini gözləməyin tərəfdarıdır. O, həmsədrlərin rəhbərliyi ilə aparılan araşdırmaların nəticəsi olaraq ortaya ermənilərin ziyanına işləyən ciddi məlumatlar çıxmasını, o qədər gözlənilən saymasa da, bütün hallarda araşdırmaların nəticəsini gözləməyin tərəfdarıdır.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğal olunmuş ərazilərdə araşdırmaları hansı tərkibdə aparacağı rəsmi Bakıya da məlum deyil. Qeyd edək ki, BMT təmsilçilərinin missiya nümayəndələri kimi işğal olunmuş ərazilərə gedib-getməyəcəyi aydınlaşmadığına görə, həmsədrlər Azərbaycan tərəfinə missiyanın tərkibində daha kimlərin təmsil olunacağına dair ətraflı məlumat verməyiblər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Səs" qəzetinə açıqlamasında faktaraşdırıcı missiyanın tərkibi ilə bağlı dəqiq məlumatlı olmadığını deyib. Nazirlik rəsmisinin sözlərinə görə, BMT nümayəndələrinin vasitəçilərlə birlikdə işğal olunmuş Azərbaycan ərazilərinə gedib-getməyəcəyi də aydın deyil. Bununla belə, verilən açıqlamalardan aydın olur ki, Bakıda da ATƏT-in faktaraşdırıcı missiyasının apardığı araşdırmaların nəticəsinin nədən ibarət olacağını gözləyirlər. Onu da qeyd edək ki, ATƏT - in faktaraşdırıcı missiyasının regiona səfərinin nəticələrinə dair hesabat hazırlanması nəzərdə tutulur. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye mətbuata açıqlamasında həmin hesabatın ATƏT - ə üzv olan ölkələrin XİN başçılarının Qazaxıstanda keçiriləcək Zirvə Sammitində müzakirə ediləcəyini bildirib. Onu da qeyd edək ki, həmin müzakirələrdən sonra "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı məsələ BMT Baş Assambleyasının 65-ci sessiyasının iclasında da müzakirəyə çıxarılacaq.