PDF Oxu

Araşdırma

  • 15

Erməni sayıqlaması

Erməni sayıqlaması
ABŞ-da səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan cəfəng açıqlamaları ilə yenidən gündəmə gəlib. SİA-nın verdiyi məlumata görə, işğalçı ölkənin xarici siyasət idarəsinin başçısı Boston Universitetinin Hüquq və Diplomatiya Məktəbində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışaraq, həqiqətləri növbəti dəfə gizlətməyə çalışıb.
Azərbaycanın Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etməsi, Ermənistanın isə bu prinsiplərlə razılaşmaması ilə bağlı irəli sürülən iddialara cavab olaraq, E.Nalbandyan bunları deyib: "Minsk Qrupunun həmsədrləri 2007-ci ilin noyabrında tərəflərə Madrid sənədini rəsmi olaraq təqdim etdilər.
Bundan sonra Madrid sənədi çərçivəsində tərəflərə 20-dən çox təklif olunub. Son bir neçə aydakı sıx müzakirələrdən sonra tərəflərə Madrid sənədinin son versiyası bu ilin iyun ayında Sankt-Peterburqda təqdim edilib və bunun 2007-ci ildə təqdim edilən sənədin ilk versiyasına bağlı hesab etdiyimiz üçün müzakirələrə əsas olaraq tərəfimizdən qəbul edilib.
Azərbaycan həm ilk, həm də son variantı rədd edir. Azərbaycan bunu istisnalarla qəbul edəcəyini bildirirlər. Ancaq məlum oldu ki, istisnalar qəbul edilən maddələrdən daha çoxdur. İstisnalarla qəbul etmək nə anlama gəlir? Bu, əslində, qəbul etməmək mənasına gəlir. Azərbaycan beynəlxalq cəmiyyətin vasitəçi ölkələr vasitəsilə nə dediyini eşitmək istəmədikləri təəssüratı yaradırlar".
Ermənistan xarici işlər naziri çıxışında son dövrlər atəşkəsin də tez-tez pozulduğunu diqqətə çatdıraraq, buna görə Azərbaycanı günahlandırıb. Atəşkəs rejiminin yalnız 12 may 1994-cü ildə imzalanan Bişkek protokolu ilə deyil, həm də 4 fevral 1995-ci il razılaşması ilə tənzimləndiyini deyən E.Nalbandyanın qənaətinə görə, guya rəsmi Bakı hər iki razılaşmanı pozur: "Azərbaycan iddialı bir şəkildə pozucu rəftarını davam etdirməkdədir. Bakı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan bu gün də 3 həmsədr, hətta BMT baş katibi tərəfindən edilən atəşkəs rejiminin gücləndirilməsi, snayperlərin cəbhə xəttindən çəkilməsi kimi çağırışları rədd etməkdədir. Belə mövqeyin sülh üçün əlverişli bir mühit yaratmadığı açıq-aşkardır".
Bu açıqlamanın sərsəmləmə olduğu tədbirdə iştirak edən hər kəsə aydındır. Ermənistan artıq diplomatik savaşda uduzduğunu anlayıb və belə açıqlamalarla vəziyyətdən çıxamağa çalışır. Yerevan son bir il yarım ərzində qarşısında dayanan məsələləri həll edə bilməyib. Qarabağ məsələsində artıq Ermənistan üçün mənfi tendensiyalar var. Ermənistan xarici işlər naziri mediaya açıqlamasında deyib ki, "masanın üzərində bizim üçün sərfəli olmayan sənəd durur. İlk dəfədir ki, Azərbaycan bu sənədin məzmununu qəbul etdiyini bildirir. Bütün bunların əsas səbəbi erməni-türk dialoqudur və Türkiyənin Qarabağ prosesinə cəlb olunmasıdır".
Eyni zamanda, Oskanyan əmin olduğunu bildirib ki, beynəlxalq ictimaiyyətin Qarabağ və Ermənistan-Türkiyə prosesi məsələsində bütün şərtləri və təsəvvürləri Ermənistanın maraqlarına qətiyyən uyğun deyil: "Buna görə də beynəlxalq birliyin yürütdüyümüz siyasətlə bağlı bizi alqışladığı kimi təəssüratın yaradılması çox təhlükəli tendensiyadır və yaxşı heç nəyə gətirib çıxarmayacaq".
Mühafizəkar baxışları ilə seçilən Vardan Oskanyanın Qarabağ məsələsilə bağlı açıqlamalarına gəlincə, təbii ki, "masa üzərindəki sənəd" dedikdə, söhbətin yenilənmiş "Madrid prinsipləri"ndən getdiyi şübhə doğurmur. Keçmiş xarici işlər naziri isə bu variantı ona görə Ermənistan üçün qeyri-məqbul adlandırır ki, həmin təkliflərdə Azərbaycan torpaqlarından silahlı qüvvələrin çıxarılması birinci mərhələdə həll olunur, Dağlıq Qarabağın statusu sonrakı mərhələyə saxlanılır.
Ermənistan rəhbərliyi 5 rayonunun və Laçının bir hissəsinin qaytarılması təklifi ilə ona görə razılaşmır ki, hakimiyyəti itirməkdən qorxur. Ermənistanda müxalifət çox güclüdür və hakimiyyətə qarşı ciddi bir əks dalğa başlaya bilər. Necə ki, 1998-ci ildə Levon Ter-Petrosyan Ermənistanın maraqlarına uyğun olan bir varianta razılaşmışdı, amma onu hakimiyyətdən uzaqlaşdırdılar.
Siyasi müşahidəçilərin fikrincə, burada Rusiya faktoru da var. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı öz təsiri altında saxlamaq üçün, ümumiyyətlə, münaqişənin həllində irəliləyişin olmasını istəmir. Bu amillərin təsiri altında Ermənistan hakimiyyəti özünün maraqlarına uyğun olan varianta razılaşmır.
Lakin Ermənistan hazırda ciddi siyasi, iqtisadi, sosial və hərbi böhran yaşadığından Yerevanın başqa seçimi yoxdur. Çünki erməni hakimiyyəti danışıqların baş tutmayacağı təqdirdə, müharibənin qaçılmaz olacağını və bunun da nə ilə sonuclanacağını yaxşı anlayır. Bu səbəbdən də, Qarabağ münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə həll olunacağını ümid etmək olar.

Digər xəbərlər