Ermənistan iqtisadi böhran məngəsində Beynəlxalq Valyuta Fondu: "Ermənistan iqtisadiyyatı hələ də köhnə mühərriklə çalışır"
Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistan üzrə nümayəndəsi Gilermo Tolosa təxminən 2 ay əvvəl Ermənistan mikroiqtisadiyyatının köhnə mühərriklə çalışdığını və bunun dəyişdirilməsinin lazım olduğunu açıqlamışdı. Fondun nümayəndəsi erməni jurnalistlərlə yenidən bir araya gəlib.
SİA-nın verdiyi məlumata görə, erməni jurnalistlər fondun rəsmisinə "Hələ də köhnə mühərrikləmi çalışırıq?" sualını ünvanlayıblar. G.Tolosa cavabında "Həqiqətən yeni mühitdə yeni mühərrik çox lazımdır. Bu gün durum etibarilə hələ də köhnə mühərriklə çalışırıq. Ancaq mühərrikin ilk parçaları yaranır. Yeni mühərrikin lazımi sürətdə getməyə hazır olub-olmadığını müzakirə edə bilərik"- deyib.
BVF-nin nümayəndəsi Ermənistanın vergi siyasətini də tənqid edib. Ermənistan hökumətinə üzünü tutaraq, "ixracata dəstək olmalı olduğunuz halda zərər verirsiniz" deyən Toloso ixracatçı firmaların üzərinə qoyulan verginin yüksək olduğunu bildirib. O, hökumətlə bu mövzunu müzakirə etdiklərini və verginin nə üçün bu qədər yüksək olduğunu anlamağa çalışdıqlarını söyləyib.
Keçmiş xarici işlər naziri Vardan Oskanyan yaranmış duruma görə hakimiyyəti ittiham edib. O deyib ki, məhz Ermənistan iqtidarının yürütdüyü yarıtmaz siyasət nəticəsində ölkə iqtisadiyyatı məhvə doğru gedir. Onun fikrincə, proseslər ötən il daha da sürətlənib və nəticədə iqtisadiyyatda ciddi geriləmələr vardır: "Ermənistanda belə bir vəziyyət ötən əsrin 90-cı illərinin əvvəllərində qeydə alınıb.
Əslində, bizi narahat edən iqtisadiyyatın bu şəkildə bərbad duruma düşməsi deyil, odur ki, tendensiyanın belə davam etməsi təhlükəli nəticələr doğura bilər. Böhran elə "dağıntılar" törədə bilər ki, sonradan onun "bərpası" mümkün olmayacaq. 2009-cu ildə artıq bu proses başlayıb və Ermənistan tənəzzülə doğru sürətlə irəliləyir".
Sabiq xarici işlər naziri Ermənistan əhalsinin sosial durumunun dözülməz həddə çatdığını da bildirib. Onun fikrincə, problemlər öz həllini tapmaq əvəzinə, daha da dərinləşib.
Siyasi İqtisad Araşdırma İnstitutunun direktoru Andranik Tevanyan isə bəyan edib ki, Ermənistanın problemlərinin kökü korrupsiyadadır: "Hökumət buna qarşı nə qədər çox mübarizə aparacağını dəsə də, korrupsiya bir o qədər artır". A.Tevanyanın fikrincə, Ermənistan hökuməti sahibkarların vergidən yayınmasında maraqlıdır. Çünki bu cür biznes qurumları seçkilər zamanı mühüm rol oynayırlar: "Bu qurumlar seçkiləri saxtalaşdıran əsas maşına çevrilirlər. Ermənistan parlamentinə baxsanız, deputatların 90 faizdən çoxu biznes təmsilçiləridir. Parlamentimizdə alkaqol və siqaret biznesi hərtərəfli təmsil olunur".
Ölkənin maliyyə nazirinin müavini Vardan Aramyanın da ölkə iqtisadiyyatı ilə bağlı proqnozları bədbin notlar üzərində qurulub. Onun sözlərinə görə, Rusiyadan və digər ölkələrdən Ermənistana transfer edilən pulların həcmində kəskin azalma əhali ilə yanaşı, dövlətə də təsirsiz ötüşmür.
Çünki xaricdən göndərilən pulların azalması sonda ölkə iqtisadiyyatında dövriyyənin aşağı düşməsinə təsir göstərən amillərdən biri kimi çıxış edir və bundan dövlət, xüsusən də, vergi orqanları zərər çəkir: "Yəni vergi yığımlarının həcmində azalma baş verir, xidmət sahələrində, digər sektorlarda inkişaf ləngimə ilə əvəzlənir, hətta müəyyən sferalar üzrə tam dayanma müşahidə olunur".
Qlobal maliyyə böhranının hələ öz təsirlərini davam etdirməsi səbəbindən xaricdən Ermənistana pul göndərmələrinin bir qədər də azalacağı gözlənilir. "Daşnaksütyun" partiyasının Ermənistan parlamentindəki təmsilçisi Artsvik Minasayan isə qeyd edir ki, Serj Sarkisyan hakimiyyəti hələ də qlobal maliyyə böhranı və onun ölkə iqtisadiyyatına təsirləri barədə düzgün olmayan proqnozlar verməklə xalqı aldatmağa çalışır.
Beynəlxalq maliyə qurumarının son hesablamaları göstərir ki, 2010-cu il Ermənistan iqtisadiyyatı üçün daha ağır olacaq. Rəsmi Yerevan bu məqsədlə Türkiyə ilə iqtisadi əlaqələri tezliklə bərpa etməyi, sərhədlərin açılmasına çalışır. Prezident Serj Sarkisyan hesab edir ki, Türkiyə ilə sərhədlər açılarsa, Ermənistan iqtisadiyyatı inkişaf edə bilər.
MDB Statistika Komitəsinin proqnozlarına görə, Ermənistanın iqtisadiyyatı 20 faiz geriləyib. Ümumi daxili məhsul istehsalı 81,6 faiz, ö cümlədən, sənaye istehsalı 88,1, kənd təsərrüfatı 97,5, əsas kapitala yatırılan sərmayə 46,5 faiz yerinə yetirilib.
Komitənin hesabatında o da vurğulanır ki, Ermənistanın digər ölkələrə məhsul ixracı 47, idxal isə 30 faizdən çox azalıb. Hazırda Ermənistan idxal hesabına yaşıyır, işsizlərin sayı isə durmadan artır.
Hakimiyyət iddia edir ki, bu ildən etibarən Ermənistanda iqtisadi tənəzzül dayanacaq. Lakin hansı resurslar və proqramlar hesabına bunun ediləcəyini açıqlamırlar. Halbuki belə proqnozların heç bir əsası yoxdur və yalnız xalqı aldatmağa hesablanıb. Hakimiyyətdəkilər də yaxşı bilirlər ki, 2010-cu ildə iqtisadi tənəzzül davam edəcək.
Beləliklə, proseslərin inkişaf istiqaməti Ermənistan üçün bu il də yaxşı heç nə vəd etmir. Sözügedən ölkədə həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə tənəzzülün davam edəcəyi qaçılmaz hal sayılır.