ARDNŞ Gürcüstanda ekoloji layihələr həyata keçirir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Azərbaycanda və ölkə hüdudlarından kənarda fəaliyyət göstərən müəssisələrində ekoloji problemlərə daim ciddi diqqət göstərilir. Bu baxımdan Şirkətin Gürcüstandakı aktivlərindən olan Kulevi "Qara Dəniz Terminalı" da isitisna təşkil etmir. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Terminal gələcək nəsillər üçün təbii sərvətlərin qorunmasına görə öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir.
Ətraf aləmə təsir üzrə monitorinq terminalın Ekoloji İdarəetmə Sistemi (EİS) tərəfindən idarə olunur. Bu sistem beynəlxalq Moody International şirkətinin ISO 14001 beynəlxalq standartlar sertifikatına layiq görülüb. Sistem planlaşdırılan idarəetməni və ekoloji aspektə malik bütün proseslərin fasiləsiz fəaliyyətini təmin edir. "Qara Dəniz Terminalı" ekoloji baxımdan unikal zonada - su-bataqlıq yerləri haqqında Ramsar Konvensiyası ilə qorunan, beynəlxalq əhəmiyyətə malik Kolxetiya Milli Parkının yaxınlığında yerləşir. Bu qoruq çoxsaylı endemik və köçəri heyvanların qorunduğu, qiymətli su-bataqlıq faunasına malik bir ərazidir.
"Qara Dəniz Terminalı" bu qeyri-adi qoruğun mühafizəsi məqsədilə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirlikləri tərəfindən birgə yaradılmış fondun maliyyəçilərindəndir. Ətraf mühitə neft axının aradan qaldırılması üçün terminalda operativ fəaliyyət göstərən, bütün lazımi texnika ilə təchiz edilib yüksək ixtisaslı və təcrübəli qrup təşkil edilib. Gəmilərin tələb olunan əraziyə yerləşdirilməsi, yüklənməsi və açılması terminalda fəaliyyət göstərən limanın yüksək biliyə malik ixtisaslaşdırılan əməliyyat xidməti və operativ qrupu tərəfindən həyata keçirilir.
Eyni zamanda, atmosferə atılan tullantıların azaldılması məqsədi ilə bir sıra digər layihələr də icra edilir və ya maliyyələşdirilir ki, bu da müəssisənin ətraf mühitin qorunması məqsədi ilə apardığı çoxsaylı tədbirlərin başqa bir istiqamətini təşkil edir. Qeyd olunan ekoloji fəaliyyət növləri ilə yanaşı, Kulevi terminalında daxili və xarici treninqlər vasitəsi ilə personalın təkmilləşdirilməsi işləri də diqqət mərkəzində saxlanılır. Bu treninqlər şirkətdə ətraf mühit və təhlükəsizlik əməliyyatları barədə hərtərəfli informasiyaların yayılmasına xidmət edir.