PDF Oxu

Araşdırma

  • 16

ATƏT - in faktaraşdırıcı missiyası oktyabrın ortalarında gələcək

ATƏT - in faktaraşdırıcı missiyası oktyabrın ortalarında gələcək
İşğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyətin öyrənilməsi ilə bağlı təşəbbüslə çıxış edən ATƏT - in Minsk Qrupu həmsədrləri yaxın günlərdə regiona səfərə gələcəklər. Həmsədrlərin budəfəki səfərinin əsas məqsədi işğal olunmuş Azərbaycan ərazilərində faktaraşdırıcı missiyanın apardığı araşdırmalarla bağlı olacaq.
Onu da qeyd edək ki, hələlik, missiyanın hansı tərkibdə işə başlayacağı tam aydın olmasa da, missiyanın əsas işinin işğal olunmuş ərazilərə qeyri-qanuni köçürülmələr, tarixi və mədəni abidələrin vəziyyəti və ümumilikdə, azərbaycanlı əhalinin yaşadığı yaşayış məntəqələrində işğaldan sonrakı vəziyyəti öyrənmək olacaq. Missiyanın gəlişi ilə bağlı açıqlama verən ATƏT - in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov missiyanın oktyabrın əvvəllərində gələcəyini bildirsə də, faktaraşdırıcı missiyanın tərkibində kimlərin təmsil olunacağını açıqlamayıb.
Məlumat üçün deyək ki, ATƏT - in faktaraşdırıcı missiyası beş il əvvəl, 2005-ci ildə işğal olunmuş ərazilərdə vəziyyəti araşdırıb. Həmin araşdırmalar zamanı isə Kəlbəcər və Laçın rayonlarına Ermənistandan qeyri-qanuni köçürülmələrin olması faktı ortaya çıxmışdı. O zaman faktaraşdırıcı missiyanın üzvlərinin işğal altında olan bütün ərazilərə baş çəkməsinə Ermənistan tərəfindən yasaq qoyulduğundan, həmin missiyanın hesabatında, ümumilikdə isə, işğal olunmuş Azərbaycan ərazilərinə qeyri - qanuni köçürülənlərin sayının 23 min nəfərə yaxın olduğu əksini tapmışdı. Ən çox köçürülmə isə Laçın rayonu ərazisində qeydə alınmışdı. Bu baxımdan da, vasitəçilərin beş ildən sonra yenidən regiona faktaraşdırıcı missiya göndərilməsi təşəbbüsü ilə çıxış etməsi isə Azərbaycanda missiyanın tərkibində aparılan araşdırmaların obyektivliyinin təmin olunması baxımından Azərbaycan nümayəndəsinin təmsil olunması kimi fikirlərin səsləndirilməsi ilə müşayiət olundu. Onu da qeyd edək ki, Azərbaycan tərəfində bu məsələnin xeyli vaxtdan bəri gündəmdə olmasına baxmayaraq, hələlik, vasitəçilərin bu məsələyə razılıq verib-verməyəcəyi məlum deyil.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İctimai Birliyinin sədri Bayram Səfərov "Səs" qəzetinə açıqlamasında, hələlik, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə bağlı dəqiq məlumatının olmadığını bildirib. İcma rəhbəri, həmçinin, missiyanın tərkibinə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrindən kiminsə salınıb - salınmayacağı barədə də məlumatlı olmadığını deyib.
Məlumat üçün onu da deyək ki, yaxın günlərdə regiona səfərləri gözlənilən ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycandan sonra işğal olunmuş ərazilərə gedəcəyi gözlənilir. Bu baxımdan da, vasitəçilərin Dağlıq Qarabağa səfərləri zamanı Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüşləri də istisna deyil. Amma Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə Bakıda görüşün olub-olmaması yenə də sual altında qalır. Bayram Səfərov bu məsələnin də açıq qaldığını bildirib.
Qeyd edək ki, faktaraşdırıcı missiyanın işğal olunmuş ərazilərə hansı tərkibdə səfər edəcəyini, hələlik, Azərbaycanın Xarici İşlər Nazirliyində də bilmirlər. Nazirliyin mətbuat katibi Elxan Poluxov "Səs" qəzetinə açıqlamasında həmsədrlərin faktaraşdırıcı missiyanın səfərinin oktyabrın ortalarına təsadüf edəcəyini bildirdiklərini, lakin həmin tərkibə Azərbaycandan nümayəndənin salınması məsələsinin açıq qaldığını deyib.
ATƏT-in faktaraşdırıcı missiyasının gözlənilən səfəri ərəfəsində diqqəti çəkən əsas məqamlardan biri də Azərbaycanın Rusiyadakı səfiri, eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Polad Bülbüloğlunun Ermənistanda olması oldu. Qeyd edək ki, Polad Bülbüloğlu Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin iştirakı ilə işğal olunmuş ərazilərə səfərlərin təşkil olunmasında əsas təşəbbüskarlardan biri olub və onun Ermənistanın Rusiyadakı səfiri ilə birgə irəli sürdüyü təşəbbüsü iki dəfə reallaşıb. Bu baxımdan da, ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərə gəlişi ərəfəsində səfirin Ermənistana səfər etməsi maraq doğurmaya bilməz. Lakin çox maraqlıdır ki, səfir bu səfəri ilə bağlı hər hansı açıqlama verməyib. Bu baxımdan da, ekspertlər ATƏT-in faktaraşdırıcı missiyasının regiona səfəri ətrafında müəyyən problemlərin olduğunu istisna etmirlər.
Ekspertlərin ehtimallarına görə, Ermənistan tərəfi faktaraşdırıcı missiyanın gəlişinə razılıq versə də, missiyanın bütün işğal olunmuş ərazilərdə araşdırmalar aparması ilə razılaşmır. Digər tərəfdən isə, missiyanın tərkibinə Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndəsinin salınmasını da ermənilərin qəbul etməsi inandırıcı deyil. Faktaraşdırıcı missiyanın səfərinin oktyabrın əvvəllərindən ortalarına qədər uzadılmasının da bu səbəblərdən irəli gəldiyi qənaətində olan ekspertlər hesab edir ki, Ermənistan tərəfi üçün işğal olunmuş ərazilərdəki vəziyyətin araşdırılması qəbuledilən deyil. Məsələ burasındadır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri regiona faktaraşdırıcı missiyanın göndərilməsi təşəbbüsünü Azərbaycanın BMT Baş Assambleyasının sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" məsələnin qaldırmaması üçün irəli sürmüşdü. Həmin müzakirələr ərəfəsində Ermənistanın başqa variantı qalmadığına görə, Yerevan işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyanın göndərilməsinə razılıq vermişdi.
İşğal olunmuş ərazilərə faktaraşdırıcı missiyanın gəlişinin bütün hallarda Ermənistanın maraqlarına uyğun olmadığını bildirən siyasi analitiklər isə, hesab edirlər ki, faktaraşdırıcı missiyanın tərkibinə Azərbaycan nümayəndəsinin salınıb - salınmamasından asılı olmayaraq, işğal olunmuş ərazilərdə araşdırmaların aparılması ortaya müəyyən yeni faktların çıxmasına səbəb olacaq. Bu baxımdan da, ekspertlər faktaraşdırıcı missiyanın gəlişi ərəfəsində Ermənistan tərəfinin bu məsələdən yayınmaq üçün müxtəlif bəhanələrə əl atmasının mümkünlüyünü istisna etmirlər.

Digər xəbərlər