Azərbaycan Tələbələr Birliyi erməni tələbələri
Azərbaycan Tələbələr Birliyi (ATB) bəyanat yayıb. ATB-dən APA-ya daxil olan bəyanatda erməni tələbələrin Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə dünya ictimaiyyətinə həqiqətə uyğun olmayan məlumatlar çatdırması pislənilib. Bəyanatda qeyd olunub ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı qanunsuz ərazi iddiaları irəli sürməsi və fəal işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi xalqımızı ağır fəlakətlərə düçar edib. Regionda və dünyada olan havadarlarının birbaşa yardımı ilə Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayan Ermənistan ərazilərimizin 20 faizini işğal edib. Erməni hərbi qüvvələri həmin ərazilərdə yaşayan əhaliyə divan tutmuş, dəhşətli Xocalı soyqırımını törətmiş, Ermənistandan və Azərbaycanın işğal edilmiş torpaqlarından bir milyona qədər azərbaycanlını deportasiya edib. Bəyanatda münaqişənin region xalqlarına əzab və məhrumiyyətlər gətirdiyi də vurğulanıb: "Yenicə müstəqillik qazanmış ölkələrimizdə azad, demokratik cəmiyyətlərin qurulmasına əngəl törətdiyini nəzərə alan Azərbaycan tərəfi, 1994-cü ilin mayında cəbhədə hərbi üstünlüyün artıq bizim tərəfimizə keçməsinə baxmayaraq, vasitəçilərin atəşkəs haqqında təklifinə razılıq verdi. O vaxtdan indiyə qədər Azərbaycan Respublikası atəşkəs rejiminə sadiq qalıb, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu nümayiş etdirir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə artıq 16 ildir ki, sülh danışıqları aparılır. Lakin bu illər ərzində hər hansı konkret nəticə əldə edilməyib". ATB baş verənlərin məsuliyyətinin Ermənistan tərəfinin üzərinə düşdüyünü də bildirib: "Bütün məsuliyyət istər tarixi gerçəkliyə, istərsə də beynəlxalq hüququn prinsiplərinə zidd mövqe tutmuş Ermənistan rəhbərliyinin üzərinə düşür. Təəssüf ki, dünya ictimaiyyətini çaşdırmaq, təmas xəttində atəşkəsin pozulmasını, danışıqlar prosesinin məhz Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi ucbatından uzanmasını ört-basdır etməkdə erməni tələbələri də təşəbbüs göstərirlər. Halbuki, bütün dünyada sülh carçısı hesab edilən tələbələr, xalqlar arasında ixtilafların aradan qaldırılması və əmin-amanlığın bərqərar olunmasına öz töhfələrini verməlidirlər. Ermənistan tələbələrinin sülh prosesinə yardım göstərməkdən yayınması, yalan məlumatlarla beynəlxalq mediada çıxış etməsi tələbələrin bəşəriyyət qarşısında üzərinə düşən missiyasına uyğun gəlmir".
ATB bəyanatda erməni tələbələri münaqişənin həllinə kömək göstərməyə də çağırıb: "Biz - Azərbaycan Tələbələr Birliyinin üzvləri öz adımızdan və bütün azərbaycanlı tələbələr adından erməni tələbələrini dünya ictimaiyyətinə yalan məlumatlar ötürməməyə, müxtəlif beynəlxalq və regional tədbirlərdə digər ölkələrdən olan tələbələrə tarixi baxımdan düzgün faktlar göstərməyə, yaşadığımız regionda sülhün və əmin-amanlığın bərqərar olması prosesinə öz töhfələrini verməyə çağırırıq".