Ermənistan: sosial fəlakətlə üz-üzə
Sosial-iqtisadi durumun dözülməz həddə çatdığı Ermənistanda insanların həyat səviyyəsi sürətlə pisləşməkdə davam edir. Ölkə əhalisinin onsuz da minimal həddə olan pul gəlirləri daha da azalmağa doğru gedir. Hesablamalar göstərir ki, Ermənistanda əhalinin böyük əksəriyyətinin gəlirləri gündəlik ehtiyacların ödənməsi üçün belə kifayət etmir.
Ölkədə durmadan yaşanan inflyasiya, kommunal xərclərin, o cümlədən, təbii qazın, suyun, elektrik enerjisinin, un və un məmulatlarının bahalaşması isə vəziyyəti kəskin surətdə ağırlaşdırır. Eyni zamanda, ictimai nəqliyyatdan tutmuş qida məhsullarına qədər keyfiyyət çox aşağıdır. İstehlakçıların hüquqlarına əhəmiyyət verilmir, çox zaman məhsulların vaxtı keçmiş olur.
Erməni mediası yazır ki, ölkədə qiymətləri nizamlayan dövlət mexanizmi yoxdur. Hər kəs öz bildiyini edir. Nəticədə əhali əsaslandırılmamış yüksək qiymətlərlə qarşı-qarşıya qalır. Məsələn, sahibkar taxılı aşağı qiymətlə idxal edir, ancaq dünya bazarlarında bu gün qiymətlər qalxır, sahibkar da fürsəti əldən vermir. Heç kim ərzağın qiymətinin özbaşına artmasına nəzarət etmir. Əhali hüquqlarını müdafiə etməyə cəhd göstərmir, düşünürlər ki, bu, mənasız vaxt itkisidir.
"İstehlakçıların hüquqlarının müdafiəsi" ictimai təşkilatının rəhbəri Abqar Yeqoyan "news.am"a bildirib ki, istehlakçıların hüquqları, demək olar ki, qorunmur. Buna misal kimi Yeqoyan bu il ərzində bir-birinin ardınca baş verən kütləvi zəhərlənmələri qeyd edir. Onun sözlərinə görə, sonuncu kütləvi zəhərlənmə hadisəsi restoranda olub və toy mərasimi keçirilən restorandan 40 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb: "Bu il keyfiyyətsiz ərzaqdan çoxsaylı zəhərlənmə olub. Saxta məhsullar qida zəhərlənmələri və ya həzm yolundakı pozuntulara səbəb olur. Məhsulların saxlanma şəraiti ilə bağlı şikayətlər alırıq. Məsələn, yay mövsümündə soyuducuda saxlanmayan ət və süd məhsulları insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Son illər Ermənistanın dükan və bazarlarında vaxtı keçmiş, sağlamlıq üçün təhlükəli və istehsal mənşəyi məlum olmayan, sertifikatsız məhsulların sayı artıb".
A.Yeqoyan deyir ki, bu cür halların yaranmasına səbəb hökumətin 2009-cu ilin may ayında verdiyi qərardır: "Həmin qərara görə, illik dövriyyəsi kiçik və orta olan subyektlərin müfəttişlər tərəfindən yoxlanması məhdudlaşdırılıb. Bu addım böhran əleyhinə tədbirlərdən biri olmaqla, kiçik və orta biznesə dəstək məqsədi daşıyıb. Ancaq qərardan sonra müfəttişlik idarələrinin yoxlama keçirmək və cərimələmək imkanı yoxdur. Bizim təşkilata ictimai xidmətin keyfiyyəti ilə bağlı xeyli şikayət daxil olur. Yayın gəlişi ilə su təchizatı qrafiki pozulub, telefon və internet əlaqəsi pisdir. Elektrik enerjisinə gəlincə, bu il elektrikin kəsilməsi halları da artıb".
Qiymətlərin əsassız surətdə artırılmasına gəlincə, Ermənistan İstehlakçılarının Milli Akademiyasının rəhbəri Melit Akopyan bildirir ki, bu cür nümunə çoxdur və bu, dövlət tərəfindən tənzimlənmir: "Dünyada taxılın qiymətinin artırılması və ya pis məhsul haqqında danışılanda, Ermənistanda dərhal un və çörək-bulka məmulatlarının qiyməti yüksəlir. Eyni hal benzinlə də baş verir. Dolların məzənnəsi artan kimi hər şey bahalaşır, məzənnə düşəndə isə qiymətlər azalmır. Çünki digər ölkələrdə olduğu kimi, qiymətlərə nəzarət yoxdur. Başqa ölkələrdə dövlətin müəyyən etdiyindən artıq qiymətqoymaya görə, böyük cərimələr nəzərdə tutulur və bunu edən şəxslər müflisləşə bilər.
Müvafiq orqanlar cərimə tətbiq etsələr belə, bu məbləğ o qədər kiçikdir ki, vəziyyəti dəyişmir və istehlakçı bu dəyişikliyi duymur. Digər tərəfdən, qiymətlər artdıqca maaş, pensiya və müavinətlər artmır deyə, istehlakçı dalana dirənmiş olur. Ölkədə iqtisadi durumun ağırlaşması nəticəsində işsizlik də artır.
Ermənistanın əmək və sosial məsələlər nazirliyinin "Dövlət məşğulluq xidməti" agentliyinin rəhbəri Sona Arutyunyan isə bildirib ki, ötən illə müqayisədə bu il Ermənistanda işsizlik daha 10 faiz artıb.
Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizlik 30 faizə qədər artıb. Rəsmi məlumatlara görə, işsizlərin 56 faizini 31-50 yaş həddində olanlar, 70 faizini isə qadınlar təşkil edir. Bu isə, onu göstərir ki, Ermənistanda monopoliyada olan hər bir sahədə böhran hökm sürür. Bu da birbaşa olaraq, əhalinin yaşayış səviyyəsinə təsir göstərir. Yəni, əgər bu gün Ermənistanda 31-50 yaş arasındakı kişilər və qadınlar iş tapa bilmirlərsə, demək onların ailələrinin durumu həddən artıq ağırdır. Bu isə, o deməkdir ki, Ermənistanın əhalisinin 2/3-si kasıb durumda yaşayır.
Bütün bunlar isə Ermənistanda sosial partlayışın yaxınlaşdığına işarədir. Sosial-iqtisadi sferada hökm sürən böhran özünü siyasi sistemin sabitlik durumunda da da göstərir.
Forpost ölkənin düşdüyü durum göstərir ki, başında terrorçu rejimin durduğu dövlətin aqibəti acınacaqlı olur. Bu rejim Azərbaycana qarşı terror həyata keçirməklə kifayətlənməyib, indi də öz xalqına qarşı terror həyata keçirir. Məzlum erməni xalqı isə artıq cana yığılıb, bu narazı kütlənin sayı hər gün artır.
Çox böyük ehtimalla yaxın zamanda "Azərbaycan torpaqlarının işğalı siyasəti ilə erməni xalqını məhvə sürükləyənlərə ölüm" kimi şüarlarla ayağa qalxan xalq bu qəddar və cinayətkar rejimi tarix səhnəsindən silib atacaq. Bu baş verməsə Ermənistan bir dövlət kimi yox olmaq, erməni xalqı isə bir millət kimi məhv olmaq təhlükəsi ilə üzləşəcək. Bu dilemma qarşısında təcili olaraq tarixi seçim edilməlidir. Çünki artıq geri sayım başlayıb.