Ombudsman Tbilisidə keçiriləcək beynəlxalq konfransa dəvət olunub
23-24 sentyabr 2010-cu il tarixlərində Güscüstanın paytaxtı Tbilisi şəhərində bu ölkənin Xalq Müdafiəçisinin təşkilatçılığı və Avropa Birliyinin maliyyə dəstəyi ilə "İnsan hüquqlarının müdafiəsində Ombudsman İnstitutunun rolu və təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
SİA-nın məlumatına görə, insan hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssis, təyyarə qəzasında faciəli surətdə həlak olmuş Polşa Respublikasının sabiq Ombudsmanı Y. Koxanovskinin xatirəsinə həsr edilmiş mötəbər toplantıya müxtəlif ölkələrin ombudsmanları və insan hüquqları sahəsində beynəlxalq ekspertlər qatılacaqlar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu beynəlxalq konfransa dəvət olunub. Konfransda təqdimatlar dinləniləcək, iştirakçılar ombudsman təsisatlarının insan hüquqlarının müdafiəsi sahəsində iş təcrübəsini öyrənəcək, fikir və məlumat mübadiləsi aparacaq, təklif və mülahizələrini söyləyəcəklər.
E.Süleymanova dörd sessiyadan ibarət olan konfransın "Ombudsmanın təsir imkanları: müsbət təcrübə və effektiv fəaliyyət" adlı üçüncü sessiyasının moderatoru olacaqdır. O, "Azərbaycanda Ombudsman təsisatı: yeniliklər və müsbət təcrübə" mövzusunda çıxış edəcəkdir. İştirakçılara Azərbaycan Ombudsman İnstitutunun müstəqil bir qurum kimi insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, Müvəkkilin ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə ölkəmizin hər bir rayonunda ictimai dinləmələr keçirməsi, onun innovativ təşəbbüsləri və iş təcrübəsi diqqətə çatdırılacaqdır.
Tədbir iştirakçılarına Ombudsman haqqında Konstitusiya Qanununun, MFP-nin nüsxələri, Müvəkkilin illik məruzələri və bəyanatları təqdim ediləcəkdir.