Faktaraşdırıcı missiyanın regiona səfərinin vaxtı dəqiqləşib
Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti araşdırmaq üçün faktaraşdırıcı missiyanın regiona gözlənilən səfərinin vaxtı dəqiqləşib. Faktaraşdırıcı missiya sentyabrın sonu oktyabrın əvvəllərində regiona səfər edəcək. Onu da qeyd edək ki, hələlik, missiyanın tərkibi formalaşdırılmasa da, hazırda bu istiqamətdə BMT və ATƏT arasında məsləhətləşmələrin aparıldığı bildirilir. Həmçinin, missiyanın tərkibində münaqişə ölkələrinin nümayəndələrinin təmsilçilik məsələsi də açıq qalır. Bununla belə, faktaraşdırıcı missiyanın regiona səfər etməsinin əsas təşəbbüskarı olan ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın vaxtlarda bütün bu məsələlərə aydınlıq gətiriləcəyini bildirirlər.
Məlumat üçün onu da deyək ki, beş il əvvəl - 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası münaqişə zonasında olub. O zaman missiya üzvlərinin apardığı araşdırmalar işğal olunmuş ərazilərin kiçik bir hissəsini əhatə etmişdi. Missiyanın əsas araşdırmaları heç Dağlıq Qarabağın bütün ərazisini də əhatə etməmişdi. Bununla belə, faktaraşdırıcı missiyanın hesabatında işğal altında olan Azərbaycan ərazilərinin vəziyyətə dair xeyli maraqlı faktlara rast gəlinmişdi. Belə ki, işğal olunmuş Azərbaycan ərazilərinə Ermənistan tərəfindən qeyri-qanuni köçürülmələr, Azərbaycana məxsus bir sıra tarixi və mədəni abidələrin dağıdılması, eləcə də, işğal altında olan Ağdam rayonunun tamamilə dağıdılması ilə bağlı məlumatlar missiya üzvlərinin araşdırmalarından sonra rəsmi təsdiqini tapdı. Lakin çox maraqlıdır ki, faktaraşdırıcı missiyanın apardığı araşdırmalar əsasında hazırlanmış hesabatın sonradan münaqişənin nizamlanması prosesinə hər hansı təsiri olmadı. Hətta ATƏT - in faktaraşdırıcı missiyasının aşkarladığı bu faklar, sonradan məsələni araşdıran digər ATƏT təmsilçisi - ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi məruzəçisi Qoran Lenmarker tərəfindən hazırlanan məruzədə də öz əksini tapmadı. Bu baxımdan da, hazırkı mərhələdə faktaraşdırıcı missiyanın regiona səfərinin münaqişənin nizamlanması prosesinə müsbət mənada təsirləri olacağı ilə bağlı fikirlər ziddiyyətlidir.
Bəzi versiyalarda Azərbaycanın işğal olunmuş ərazilərindəki hazırkı vəziyyətlə bağlı dəqiq məlumatların Azərbaycan tərəfindən əldə edilməsinin çətinliyi önə çəkilir. Hesab olunur ki, beş ildən sonra faktaraşdırıcı missiyanın regiondakı vəziyyəti araşdırması Ermənistanın işğalçılıq siyasətinin nəticəsi və həmin ərazilərdəki real vəziyyətlə bağlı faktların araşdırılması baxımından səmərəli ola bilər. Bu halda "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi də BMT Baş Assambleyasında müzakirələrə daha əsaslı və tutarlı arqumentlər əsasında çıxarıla bilər. Həmçinin, bu, həmin ərazilərə vurulan ziyan və gələcəkdə orada aparılacaq bərpa işləri ilə bağlı hesablamaların aparılması baxımından da səmərəli ola bilər.
Bununla belə, nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr də daxil olmaqla, istər ATƏT, istərsə də, digər beynəlxalq təşkilatları təmsil edən nümayəndələrin Azərbaycana və xüsusi ilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı yanaşmaları hər zaman ikili standartlar müstəvisində olur, bu halda faktaraşdırıcı missiyanın budəfəki araşdırmalarının münaqişənin nizamlanması prosesinin irəli aparılmasına müsbət təsirlərinin olacağı da bir qədər şübhəli görünür.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilən bütün amillərdən istifadə olunması arzuolunandı. A.Mirzəzadə "Səs"ə açıqlamasında bildirib ki, vaxtaşırı olaraq atılan addımlar münaqişənin həllinin aktuallaşdırılması baxımından əhəmiyyətli olur. Dünyada ərazilərin işğalı ilə bağlı münaqişələrin sayının kifayət qədər çox olduğunu bildirən millət vəkilinə görə, Dağlıq Qarabağ probleminin həllinin beynəlxalq səviyyəyə qaldırılması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində mümkün olub. Ermənistanın işğalçılıq siyasətinə artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən qiymət verildiyini bildirən A.Mirzəzadə hesab edir ki, xarici ölkələrin və ayrı-ayrı beynəlxalq təşkilatların təmsilçilərinin nə qədər Ermənistanı müdafiə mövqeyindən çıxış etməsinə baxmayaraq, bu ölkənin işğalçı olması faktını ört - basdır etmək mümkün deyil. "Bəlkə də Ermənistan milyonlar verərdi ki, hansısa beynəlxalq təşkilatın qətnaməsində Ermənistanın işğalçı dövlət olmadığına dair bir cümlə getsin. Amma artıq onlar özləri də başa düşürlər ki, bu, mümkün deyil. Çünki Azərbaycan rəhbərliyinin apardığı siyasət nəticəsində Ermənistanın işğalçı dövlət olduğunu artıq bütün dünya bilir".
Bu baxımdan da politoloq faktaraşdırıcı missiyanın regiona səfərinin müsbət tərəflərinin ola biləcəyini də istisna etmir. Onun fikrincə, missiyanın əsas işi işğal olunmuş ərazilərdəki vəziyyətlə tanış olmaq, ora qeyri-qanuni köçürülmələrlə bağlı araşdırma aparmaq olacaq. Həmçinin, missiya Azərbaycanın mədəni sərvətlərinin, tarixi abidələrinin vəziyyətini də öyrənəcək. Bu baxımdan da A.Mirzəzadə hesab edir ki, missiyanın tərkibi lap ermənipərəst nümayəndələrdən ibarət olsa belə, aparılan araşdırmaların nəticəsi olaraq, onlar ortaya müəyyən faktları qoymalı olacaqlar. Politoloqa görə, aparılan araşdırmaların nəticəsi münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir az da gücləndirəcək.
O ki qaldı missiyanın tərkibinə münaqişə ölkələrinin təmsilçiləri salınmadığı təqdirdə, aparılan araşdırmaların nəticəsinin nə qədər obyektiv olacağına, A.Mirzəzadə deyir ki, beynəlxalq təşkilatların nümayəndələrinin fəaliyyətində Azərbaycana qarşı ikili yanaşma onsuz da hər zaman var. Buna baxmayaraq, bəribaşdan politoloq missiyanın işinə kölgə salmağın tərəfdarı deyil. "Onsuz da onlar hansısa faktları ört-basdır etsələr də, ortaya maraqlı yeni faktlar da çıxacaq. Ən azı Ermənistanın işğalçı dövlət olduğu bir daha təsdiqini tapacaq. Artıq hamı görürü ki, bu məsələdə zaman Ermənistanın ziyanına işləyir".