PDF Oxu

Araşdırma

  • 10

Qarabağ münaqişəsi gələn həftə ABŞ-da müzakirə olunacaq

Qarabağ münaqişəsi gələn həftə ABŞ-da müzakirə olunacaq
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi gələn həftə Amerikada müzakirə olunacaq. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke bildirib ki. gələn həftə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Nyu-Yorkda bir araya gələcəklər. Qeyd edək ki, nazirlərin görüşü ilə bağlı ATƏT-in Minsk Qrupunun fransalı və rusiyalı həmsədrləri də ABŞ-a gedəcəklər. Robert Bradtke öz açıqlamasında Minsk Qrupu həmsədrlərinin münaqişənin həllinə dair yeni ideyalarının olduğunu və bu ideyaların vasitəçilərin regiona sonuncu səfəri zamanı tərəflərə təqdim edildiyini bildirib. Lakin amerikalı həmsədr yeni ideyaların mahiyyəti barədə heç bir açıqlama verməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov "Səs"ə açıqlamasında bildirib ki, xarici işlər naziri Elmar Məmmədyarovun gələn həftə ABŞ-a səfəri nəzərdə tutulub. Lakin mətbuat katibi nazirin səfərinin vaxtının dəqiqləşdirilmədiyini deyib. Mətbuat katibi, həmçinin, nazirin səfər proqramına ermənistanlı həmkarı ilə görüş daxil olmadığını bildirib. E.Poluxovun sözlərinə görə, hələlik, rəsmi olaraq, bu görüşlə bağlı Azərbaycan tərəfində məlumat yoxdur. Bununla belə mətbuat katibi səfər çərçivəsində nazirlərin müəyyən görüşlər çərçivəsində bir araya gəlməsinin mümkünlüyünü də istisna etməyib.
Azərbaycan və Ermənistan XİN başçılarının Amerikada görüşünün baş tutmasını mümkün sayan politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycanın BMT Baş Assambleyasının 64-cü sessiyasının gündəliyində olan "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə layihəsi ilə bağlı müzakirələri təxirə salması Rusiya və ABŞ-ın israrlı müraciətləri sayəsində baş verib. Həmsədrlərin münaqişənin nizamlanmasına dair yeni ideyalarının da olduğunu vurğulayan politoloq münaqişənin nizamlanması ətrafında qeyri-müəyyən vəziyyət yaranması barədə fikirləri də bölüşmür. Onun fikrincə, hazırda diqqəti çəkən əsas məqam ABŞ-ın problemin nizamlanması prosesində təşəbbüsü öz əlinə almasıdır. "Çünki Rusiyanın bu istiqamətdəki təşəbbüsləri nəticə vermədi. Rusiya Sankt-Peterburq təklifləri adlı təklifi ortaya atsa da, bu təkliflər Azərbaycan tərəfindən qəbul edilmədi. Nazirlərin görüşü baş tutsa, çox böyük ehtimal var ki, bu danışıqlar yenilənmiş Madrid təklifləri üzrə aparılacaq. Rusiya isə yenilənmiş Madrid təkliflərinin Ermənistan tərəfindən qəbulunu istəmir"- deyən politoloq hesab edir ki, problemin həlli istiqamətində aparılan danışıqlar prosesində dəyişiklik baş verə bilər: "Ona görə də, düşünmürəm ki, nazirlərin Nyu-York görüşü də sıradan olan görüşlərdən biri olacaq. Bu görüş nizamlanma prosesinin yenidən dinamikləşməsinə təkan verə bilər".
Xatırladaq ki, DQ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən bu ilin əvvəlində tərəflərə təqdim olunan yenilənmiş Madrid təklifləri ilə bağlı Ermənistan tərəfi hələ də rəsmi mövqeyini açıqlamayıb. Bu baxımdan da nazirlərin Nyu-Yorkdakı görüşü baş tutarsa, Ermənistan tərəfinin bu təkliflərlə bağlı hansı mövqe nümayiş etdirəcəyi maraqlı olacaq.

Digər xəbərlər