PDF Oxu

Araşdırma

  • 10

Ermənistan ordusunda növbəti rüsvayçılıq

Ermənistan ordusunda növbəti rüsvayçılıq
Ermənistan ordusunda özbaşınalıqlarla bağlı növbəti rüsvayedici materiallar yayılıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin formasında olan gənc əsgərlərin təzyiq altına düşdüyü, döyüldüyü və alçaldıldığı nümayiş olunan videokadrlar şənbə günü məşhur "youtube.com" portalında yerləşdirilib.
Ermənistan mətbuatının yazdığına görə, videoyazının aşağı keyfiyyətdə olması həmin şəxslərin üzünü görməyə imkan vermir. Lakin videoya çəkilən insanlar Ermənistan ordusunun geyimindədirlər və bu kadrlar ölkə ictimaiyyətini qəzəbləndirib.
Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, ölkənin Müdafiə Nazirliyi videomaterialın etibarlılığının dəqiqləşdirilməsi, videoya çəkilən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, müəlliflərin aşkarlanması və zorakılıq tətbiq edənlərin cəzalandırılması istiqamətində tədbir görür.
Qeyd edək ki, bu, erməni ordusunda ilk belə hadisə deyil. Bu tip olaylar işğalçı orduda tez-tez baş verir. Ekspertlərin rəyinə görə, Ermənistan ordusunda başlayan qanlı qırğınların səbəbi əsgərlər arasındakı mənəvi-psixoloji durumun pisləşməsi və orduda yaranan ciddi problemlərdir.
Xatırladaq ki, bir qədər öncə- iyulun 28-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində silahlı insident nəticəsində 6 nəfər ölmüşdü. Postda əsgəri yuxulamış halda tutmuş hərbçilərin onu alçaltması əsgərin silaha əl atmasına, 5 hərbçini və özünü güllələməsinə səbəb olmuşdu.
Faktlar göstərir ki, düşmən ölkənin ordusunda fərarilik, ölüm, zorlama, təcavüz, homoseksuallıq, "dedovşina", rüşvət, korrupsiya, intihar və digər nizamnamədən kənar hallar artmaqdadır. Orduda hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşib.
Ermənistan silahlı qüvvələrində baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı cari il ərzində daha da çoxalıb.
Aparılan araşdırmalar nəticəsində müddətli həqiqi xidmət hərbi qulluqçularının intihara cəhd etməsinin ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin (çavuş heyəti) idarə etməsi, nizamnamədən kənar və nalayiq davranışları və orduda "dedovşina" hallarının davam etməsi səbəbindən baş verməsi müəyyən olunub.
Araşdırma nəticəsində Ermənistan ordusunda intihar və intihara cəhd etmə hallarının əsasən zabit-gizirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqir edilməsi və söyülməsi, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, kiçik komandır heyəti (çavuşlar) tərəfindən əsgərlərin zorlanması, döyülməsi, əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynlərini soyması və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması, Ermənistan ordusundakı mövcud ağır hərbi xidmət və məişət şəraitsizliyi, psixoloji problemlər, ailə münaqişəsi zəminində və digər şəxsi məsələlərlə əlaqədar baş verdiyi məlum olub.
Bu faktlar nəticəsində erməni əsgərləri arasında fərarilik halları artır. Ermənistan silahlı qüvvələrində komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qanunsuz yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir.
Hərbi hissə komandirlərinin göstərişi ilə hərbi qulluqçular hospital, ezamiyyət və digər bəhanələrlə hərbi hissənin yerləşdiyi ərazidən asılı olaraq 500-1000 ABŞ dolları verərək, bir ay müddətinə evlərinə buraxılırlar. Ermənistan ordusunda intizamsızlıq, özbaşınalıq, hərci-mərclik, əxlaqsızlıq və s. belə hallarla yanaşı, kriminogen durum də kulminasiya nöqtəsinə çatıb.
Qeyd etmək lazımdır ki, Ermənistan ordusunda kriminogen durum və əxlaqsızlıq halları ilə yanaşı, şəxsi heyət arasında narkotik maddə qəbul etmə halları da sürətlə yayılmaqdadır. Narkotik maddələrin hərbi hissələrə gətirilməsi və şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir.
Narkotik maddələr, əsasən, Azərbaycanın işğal edilmiş ərazilərindən gətirilir. Narkotik bitkilər işğal edilmiş rayonlarda, əsasən də, hərbi hissələrin nəzarətində olan ərazilərdə yüksək vəzifəli zabit heyəti tərəfindən yetişdirilir.
Orduda qeyri-döyüş itkilərinin döyüş itkilərindən 3 dəfə çox olması erməni ictimaiyyətini xeyli narahat edir. Orduda baş verən neqativ halların hər il artması, hakimiyyətdə olduğu kimi, orduda da "klanlaşma" siyasətinin mövcudluğu, korrupsiya, büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsi, eləcə də, zabit-gizirlərin maddi və sosial vəziyyətinin aşağı olması səbəbindən baş verir.
Ermənistan ordusunda komandir və rəislər hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlıqlarına son dərəcə biganə yanaşır. Xüsusən, müddətli həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçulara aşağı kalorili qida məhsullarının verilməsi, əsgərlərin antisanitariya şəraitdə xidmət aparması, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri ilə regional və mərkəzi hərbi hospitallara yerləşdirilib.
Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi birləşmələrdə, əsasən donvurma, vərəm, pnevmoniya, dəri-zöhrəvi, müxtəlif infeksion xəstəliklər, sətəlcəm, mədə-bağırsaq və digər diaqnozlar çoxluq təşkil edir.
Düşünürük ki, Ermənistan ordusunda yaranmış durumun acınacaqlı olduğunu sübut etmək üçün bu qədər fakt kifayətdir. Belə durumda olan "ordu" ilə qarşıda erməniləri heç də yaxşı günlər gözləmir.

Digər xəbərlər