PDF Oxu

Araşdırma

  • 10

ATƏT-in Minsk Qrupundan imtina edilə bilər

ATƏT-in Minsk Qrupundan imtina edilə bilər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyətdə durğunluq yaranıb. İlin əvvəlindən problemin həlli istiqamətində aparılan danışıqlarda dinamika müşahidə edilsə də, iyun ayında Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Sankt-Peterburqda keçirilən görüş danışıqlarda fasilə yaratdı. Bunun səbəbi isə Rusiya prezidentinin problemin həllinə dair ortaya "Sankt-Peterburq" təkliflərini atması oldu. Rusiya prezidenti "Sankt-Peterburq" təkliflərini ortaya atmaqla, əslində, Ermənistana yenilənmiş Madrid təklifləri ilə bağlı danışıqları pozmaq üçün şərait yaratdı. Başqa sözlə desək, Rusiya bu addımı ilə özünün də üzv olduğu ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların pozulmasına açıq şəkildə dəstək verdi.
Danışıqlar prosesində qeyri-müəyyənliyin yarandığı məqamda Moskva problemin həllini əngəlləməyə və daha çox Azərbaycanı təhdid etməyə yönəlmiş başqa bir addım da atıldı. Ermənistandakı Rusiya hərbi bazalarının daha 49 il müddətində uzadılması və Ermənistan sərhədlərinin müdafiəsini Rusiyanın öz üzərinə götürməsi regionda təhlükəsizlik risqlərini artırmaqla yanaşı, Azərbaycana açıq şəkildə verilən təhdid mesajı oldu. ATƏT-in Minsk Qrupunda həmsədrlik edən dövlətlərdən biri kimi Rusiyanın Ermənistana açıq şəkildə hərbi dəstək verdiyini nümayiş etdirməsi isə bu ölkənin vasitəçilik missiyası ilə bağlı çoxsaylı suallar yaradıb.
Onu da qeyd edək ki, DQ münaqişəsinə dair aparılan danışıqların nəticə verməməsi və ya Minsk Qrupunda təmsil olunan həmsədrlərin problemin həlli ilə bağlı obyektiv mövqe nümayiş etdirməməsi zaman-zaman həmsədrlərin vasitəçiliyindən imtina məsələsini gündəmə gətirib. Lakin Azərbaycan tərəfi səbr nümayiş etdirərək, sülh danışıqlarından sona qədər istifadə etmək istəyində olduğuna görə bu məsələ rəsmi şəkildə qaldırılmayıb. Bununla belə Ermənistanın yenilənmiş Madrid təkliflərindən yayınması ilə bağlı hazırkı vəziyyət Bakıda ciddi narazılıq doğurur. Baxmayaraq ki, Rusiyanın dəstəyi ilə Ermənistanın danışıqları pozmasına digər həmsədr dövlətlər - ABŞ və Fransa seyrçi mövqedən yanaşırlar, Azərbaycan danışıqların növbəti dəfə uzadılmasına imkan verəm niyyətində olmadığını ortaya qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin də yaranmış son durumla bağlı mövqeyi kifayət qədər sərt oldu. Azərbaycan Prezidenti bəyan etdi ki, əgər danışıqlar pozularsa, bu halda, Azərbaycan hərb variantından istifadə etməli olacaq. Çox maraqlıdır ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi əsas missiyası tərəflər arasında vasitəçilik etmək olan Rusiya, ABŞ və Fransa bu vaxta qədər Ermənistanı işğalçı dövlət kimi tanımayıblar. Lakin rəsmi Bakı tərəfindən səsləndirilən hər hansı sərt bəyanata ilk reaksiya Ermənistandan əvvəl onun himayədarları tərəfindən gəlir. Minsk Qrupu həmsədrləri qəti şəkildə münaqişənin hərb variantı ilə həllinin olmadığını bəyan edirlər. Ermənistanın ilin əvvəlindən bu günə qədər yeniləşmiş Madrid təkliflərinə qəti şəkildə cavab verməməsi və ya danışıqları pozmaq üçün səylər göstərməsi ilə bağlı isə, hələlik, heç bir həmsədr dövlət narahatçılığını ortaya qoymayıb. Əksinə olaraq, Rusiya Ermənistanı dəstəklədiyini açıq qoyur. DQ münaqişəsini nizamlanmasına öz maraqları çərçivəsində yanaşan Birləşmiş Ştatlar isə problemin həlli istiqamətdə hər hansı addım atmağa maraqlı deyil. Avropadakı ermənilərin özlərinə ikinci vətən saydıqları Fransanın mövqeyi də aydındır. Bu baxımdan da ekspertlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyinin özünün doğrultmadığını və bu missiyadan imtina üçün real imkanların yarandığını bildirirlər.
Bakıda isə Minsk Qrupu həmsədrlərinin bundan sonrakı fəaliyyətinin necə olacağı ilə bağlı qərar verməyə tələsmirlər. Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin sentyabrda bölgəyə edəcəkləri səfər zamanı bütün məsələlərə aydınlıq gətirilməsini tələb etmək niyyətindədir. Onu da deyək ki, vasitəçilərin bundan sonrakı missiyası ilə bağlı qərar da həmsədrlərin Bakı səfərlərinin nəticəsindən asılı olacaq.

Digər xəbərlər