Erməni əsgərlər rəhbərliyə kütləvi şəkildə tabesizlik göstərir
Ermənistan ordusunun acınacaqlı vəziyyəti və burada baş verən özbaşınalıq halları tez-tez müxtəlif formalarda özünü göstərmişdir. Son günlərdə baş verən hadisə artıq erməni ordusunun vəziyyətinin ən kritik səviyyədə olduğunu göstərmiş oldu. Belə ki, bir neçə gün bundan öncə, daha doğrusu, sentyabrın 10-da Ermənistan ordusunda qiyam baş verib. Ermənistan mətbuatının da yaydığı məlumata görə, Ararat vilayətində yerləşən hərbi hissədə müqavilə əsasında qulluq edən əsgərlər silahlarını ataraq komandanlığın əmrini yerinə yetirməkdən imtina ediblər. Buna səbəb isə döyüş növbəsinə gedən hərbçilərin yemək hazırlamaq üçün özləri ilə qaz plitəsi götürmək istəməsi olub. Buna icazə verməyən tabor komandirinə etiraz isə özünü kütləvi qiyam şəklində büruzə verib. Yalnız ordu birləşmələri komandanlığının nümayəndələrinin hərbi hissədə olmasından sonra problem öz həllini tapıb.
Ermənistanda müşahidə olunan hərtərəfli böhranlı vəziyyət ordudan da yan keçmir. Orduda müşahidə olunan neqativ halların sırası günü-gündən artmaqdadır. Ordudan yayınma, fərarilik, orduda rüşvətxorluq, zorakılıq hallarının qeydə alınması Ermənistan ordusunun hazırkı vəziyyətini əks etdirir. Ümumiyyətlə, ermənilərin, xüsusilə də, Dağlıq Qarabağda xidmət keçən erməni əsgərlərinin hansı çətinliklərlə üzləşdiyi artıq məlumdur. Onların acınacaqlı vəziyyəti daha çox maddi və texniki təminat məsələsində özünü göstərir ki, bu da son nəticədə böyük etirazlara səbəb olur. Bu etirazlar isə, yuxarıda da qeyd etdiyim kimi, daha çox ordudan yayınma, fərarilik halları ilə müşahidə olunur. Əsgərlərin lazımi şəkildə qida məhsulları ilə təmin olunmaması orduda aclıq halının yaranmasına da şərait yaratmışdır. Bunu düşdükləri vəziyyətdən çıxmaq üçün, hətta düşmən tərəfinə keçməyi gözə alan hərbçilərin dedikləri də sübut edir. Əsgərlərin komandanlıq tərəfindən təhqir edilməsi halları da qeydə alınmışdır ki, bunun da sonu məhz silahlı atışmalarla, insidentlərlə qurtarmışdır. Son dövrlərdə bu silahlı insidentlər daha intensiv xarakter almağa başlamışdır. Təsadüfi deyil ki, Ermənistan Müdafiə Nazirliyinin bəyanatlarında bütün bu məsələlər öz əksini tapıb. Yəni məlumatların doğruluğu rəsmi şəkildə etiraf olunur. Qeyd edək ki, indiyə kimi Ermənistan hakimiyyəti bu cür neqativ halları aradan qaldırmaq üçün müxtəlif bəhanələr gətirsə də və onları ört-basdır etməyə çalışsa da, son zamanlar artıq bunu açıq şəkildə etiraf etməkdən çəkinmir. Görünür, vəziyyət o dərəcədə kritikdir ki, artıq bütün informasiyaların yayılmasının qarşısının alınması qeyri-mümkündür. Ya da mövcud erməni hakimiyyəti artıq həyasızcasına ölkədə yaratdığı özbaşınalıqdan danışmaqdan çəkinmir. Son qiyam olayı isə yuxarıda sadalanan neqativ halların ən pik nöqtəsi sayıla bilər ki, nəhayət, erməni əsgərlər buna da əl atdılar.
Digər tərəfdən isə digər regional və beynəlxalq təşkilatların da məsələ ilə bağlı dərhal reaksiya verməsi və onu yerindəcə araşdırması gözlənilir. Digər ölkələrdə olduğu kimi, Ermənistan hakimiyyəti və ordu rəhbərliyi bu özbaşınalığına və məsuliyyətsizliyinə görə cavab verməlidir. Lakin Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiq olunduğunu nəzərə alsaq, hələ də bu məsələyə lazımi reaksiyanın verilmədiyni görmüş olarıq.