Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar
Con günlər işğalçı Ermənistan cəbhə xəttində təxribatlar törədir. Bədnam qonşularımızın cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi intensiv şəkildə pozması diqqətdən yayınmır. Bununla yanaşı, ermənilər tərəfindən qoşunların təmas xətti boyunca yanğınlar törədilir, həyat üçün böyük təhlükə törədən partlayıcı silah-sursat çaylarla bizim nəzarətimizdə olan ərazilərə axıdılır. Nəticədə Azərbaycanın ekologiyasına böyük ziyan dəyir, təbiət, ətraf mühit korlanır. Təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlər ermənilərin atəşkəsi pozmasından ciddi ziyan çəkirlər. Doğrudur, Azərbaycan ordusunun mövqelərinə hücumlar edən ermənilər hər dəfə layiqli cavablarını alırlar. Lakin buna baxmayaraq, onlar vaxtaşırı təkrarlanan hücumlarını dayandırmaq fikrində deyillər.
İşğalçı ölkə Rusiya prezidenti Dmitri Medvedevin regiona səfərindən sonra atəşkəsi daha intensiv şəkildə pozması maraq doğurur. Burada Rusiya ilə Ermənistan arasında bağlanan hərbi müqavilənin yenilənməsi müəyyən mənada öz təsirini göstərir. Lakin Rusiyanın Azərbaycanla da hərbi əməkdaşlıq etdiyini, iki ölkə arasında sosial-iqtisadi əlaqələrin yüksək səviyyədə olmasını nəzərə aldıqda bunun daha çox daxili ictimai rəyə hesablandığı aydın görünür. Ermənilər, əslində, cəbhə xəttində vəziyyəti mürəkkəbləşdirməklə ölkədaxili gərginliyi bir qədər səngitməyə çalışırlar. Başqa sözlə, ermənilərin cəbhə bölgəsində təxribatçı hücumlarının genişləndirməsi daxili siyasi vəziyyəti müharibə təhdidi ilə sabitləşdirməyə yönəlib. Hazırda erməni cəmiyyətində korrupsiya baş alıb gedir, ölkədə əhalinin narazılığı həddən artıq güclənib.
Bu baxımdan, erməni ordusunda vəziyyət heç də ürəkaçan deyil. Bir neçə gün öncə, Ermənistan ordusunda xidmət edən müddətli hərbi qulluqçuların qaldırdığı qiyam deyilənlərə əyani misaldır. Belə ki, Ermənistanın Ararat rayonu ərazisində işğalçı ordunun hərbçiləri silahlarını təhvil verərək, cəbhə xəttinə getməkdən imtina etmişdilər. Nəticədə erməni əsgərləri arasında böyük panika və gərginlik yaşanmışdı. Sonradan Ermənistan müdafiə nazirliyinin rəsmiləri baş verən insidentin aradan qaldırıldığını bəyan etsələr də, erməni ordusunda daha böyük problemlərin yaşandığı bəllidir. Erməni əsgərlərinin Qarabağda xidmət etməkdən imtina etməsi, düşmən ordusunda fərariliyin, "dedovşina" hallarının artması deyilənləri bilavasitə təsdiqləyir. Orduda yaranan dözülməz vəziyyətə və üzləşdikləri işkəncəyə görə erməni əsgərləri vaxtaşırı fərarilik edərək Azərbaycan tərəfinə keçirlər. Onlar öz ordularında alçaldılmaqdan, təhqir olunmaqdansa, azərbaycanlılara əsir düşərək iztirabdan qurtulmağı üstün tuturlar. Maraqlıdır ki, könüllü olaraq Azərbaycan hərbçilərinə əsir düşən erməni əsgərlərinin heç biri yenidən geri qayıtmaq və işğalçı ölkənin ordusunda üzləşdiyi məşəqqətləri təkrarən yaşamaq istəmir. Onlar Ermənistana qayıtmaqdansa, əsirlikdə yaşamağı və ya beynəlxalq humanitar təşkilatların vasitəçiliyi ilə üçüncü ölkəyə mühacirət etməyi üstün tuturlar.
Bu səbəbdən də rəsmi Yerevan çıxış yolunu işğal altında olan Azərbaycan torpaqlarında təxribatçı hücumlar təşkil etməkdə görür. Lakin ermənilərin Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayacağı təqdirdə, Rusiya hərbi bazasının onların tərəfində çıxış edəcəyini gözləmələri əbəsdir. Çünki burada söhbət yalnız Gümrüdəki hərbi bazanın saxlanma müddətindən gedir. Yenilənən hərbi müqavilə ilə nə hərbçilərin sayı, nə də funksiyası dəyişmir.
Rusiya prezidenti D.Medvedevin Ermənistan prezidenti Serj Sarkisyanla son telefon danışığında söylədikləri də şimal qonşumuzun bu məsələdə tarazlaşdırma xətti yürütdüyünü bir daha təsdiqləyir. Belə ki, D.Medvedev bu telefon söhbətində Dağlıq Qarabağ münaqişəsinin həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan şərtlərlə həll olunmasına səy göstərəcəklərini bir daha vurğulayıb. Bu, o deməkdir ki, istənilən halda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan üçün qeyri-məqbul sayılan hər hansı təklif irəli sürməyəcək. Əslində, Azərbaycan üçün məqbul olan təkliflər mahiyyət etibarı ilə Ermənistan üçün də əlverişli və qəbulediləndir. Azərbaycan tərəfinin bütün konstruktiv səylərinə baxmayaraq, rəsmi Yerevan tərəfi danışıqlar prosesini qeyri-müəyyən həddə qədər uzatmaq xətti yeridir.
Azərbaycanın müraciəti ilə işğal olunmuş torpaqlarımızdakı vəziyyətlə bağlı qətnamə layihəsinin BMT Baş Assambleyasında növbəti - 65-ci sessiyayadək təxirə salınması ölkəmizin bu məsələdə maksimum konstruktivlik nümayiş etdirdiyini göstərir. Ölkəmiz bütün mövcud problemlərə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal əməkdaşlıq edir. ATƏT-in işğal olunmuş Azərbaycan ərazilərinə faktaraşdırıcı missiya göndərməyə razılıq verməsi rəsmi Bakının adekvat addımını çox da gözlətməyib. Azərbaycan bununla həm Ermənistana konstruktivlik nümunəsi göstərir, həm də faktaraşdırıcı missiyanın hesabatının nəticələrini müvafiq qətnamə layihəsində əks etdirmək üçün vaxt qazanmış olur.
Bu günlərdə ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağa cəbhə xəttini keçməklə Azərbaycandan gedən fransalı həmsədr Bernard Fasyenin "bura sərhəd deyil, təmas xəttidir" deyərək erməniləri məyus etməsi ölkəmizin ərazi bütövlüyünün birmənalı şəkildə qəbul edildiyini və bunun danışıqlarda müzakirə mövzusu olmadığını bir daha təsdiqləyir. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi də müvafiq açıqlama veriblər. Onlar açıq şəkildə Ermənistana görə Azərbaycanla münasibətlərinin pisləşməsini istəmədiklərini vurğulayıblar: "Biz ermənilərə deməmişik ki, onları azərbaycanlılardan qoruyacağıq".
Ermənistan tərəfindən təxribatların sayının artması isə heç də təsadüfi deyil. İşğalçı ölkə bununla dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklif etdiyi sülh variantına getmək istəmədiyini nümayiş etdirir. Bir qayda olaraq, Ermənistan tərəfindən belə təxribatlar erməni işğalını pisləyən qətnamələrin müzakirəsi zamanı güclənir. Hazırda Avropa Parlamenti, Bundestaq, Qərbi Avropa Birliyi və İtaliya Senatında bununla bağlı müzakirələr gedir. Lakin Ermənistanda anlamalıdırlar ki, Azərbaycanın Silahlı Qüvvələri, iqtisadiyyatı ötən əsrin 90-cı illərində olduğundan müqayisəyəgəlməz dərəcədə güclüdür. Bu gün Ermənistan Azərbaycanın hərbi qüdrəti qarşısında duruş gətirmək iqtidarında deyil. Ermənistan hakimiyyət strukturlarının təxribatçı hərəkətləri onu deməyə əsas verir ki, bu ölkə könüllü şəkildə sülhə getmək, konstruktivlik nümayiş etdirmək istəmir. Bu isə, ilk növbədə, özünü regional inteqrasiyadan təcrid edən Ermənistanın ziyanınadır. Sülhün əldə olunması isə regionun inkişafı və çiçəklənməsi yolunda başlıca amildir. Prinsipcə, ermənilərin Rusiya hərbi bazalarına olan ümidləri yalnız eyforiyadan xəbər verir.
Cəbhə xəttində yaşanan gərginlik Avropa Birliyinin də diqqət mərkəzindədir. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib ki, son vaxtlar cəbhə xəttində baş verən insidentlərdən narahatdır: "Son vaxtlar cəbhədə tez-tez baş verən insidentlər bizi narahat edir. Sülh danışıqlarına diqqəti cəmləmək üçün bunu yaxşı istiqamətə yönəltmək lazımdır". Burada Ermənistanın güc amilindən danışıqlar prosesində təzyiq kimi faydalanmaq niyyəti də özünü büruzə verir. Faktiki olaraq, ermənilər bununla "güc" nümayiş etdirdiklərini düşünürlər. Lakin ermənilərin cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozması əks bumeranq effekti yaradıb və işğalçı, destruktiv tərəf kimi Ermənistan hakimiyyət orqanları beynəlxalq qurumların kəskin tənqid hədəfinə çevrilib.