PDF Oxu

Araşdırma

  • 8

Ermənilərin atəşkəs rejimini pozması ATƏT-də ciddi narahatlığa səbəb olub

Ermənilərin atəşkəs rejimini pozması ATƏT-də ciddi narahatlığa səbəb olub
Son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən olaylar diqqət mərkəzinə çevrilib. Ermənilərin atəşkəs rejimini pozmağa daha çox cəhd etməsi cəbhə xəttində silahlı insidentlərin baş verməsinə imkan yaradır ki, bunun da nəticəsində hər iki tərəfdən itkilərin olması faktı ortaya çıxır.
İntensiv xarakter alan bu vəziyyət, nəinki Azərbaycan və Ermənistan ictimaiyyətlərinin, eyni zamanda, bütövlükdə, məsələ ilə əlaqədar olan beynəlxalq təşkilatların da nəzər nöqtəsini əhatə edir. Təsadüfi deyil ki, Avropa Birliyi rəsmisinin məsələyə münasibət bildirməsindən sonra ATƏT sədri də atəşkəsin pozulması ilə bağlı reaksiyasını nümayiş etdirib və bu barədə xüsusi bəyanatla çıxış edib.
ATƏT sədri Kanat Saudabayev bəyanatında Ermənistan-Azərbaycan cəbhə xəttində baş verənlərdən narahat olduğunu bildirib. Bu cür halların qeydə alınmasının tərəfləri sülh prosesindən yayındırdığını qeyd edən K.Saudabayev insan ölümünə səbəb olan hadisələri qınayıb. "Hər iki tərəfdə insan ölümü faktlarının artması ciddi narahatlıq doğurur. Atəşkəs rejimini pozan istənilən hadisə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə xələl gətirir və konstruktiv dialoqun aparılması imkanlarını məhdudlaşdırır." K.Saudabayevin belə bir bəyanatla çıxış etməsi bir tərəfdən məsələnin nə qədər ciddi xarakter aldığını göstərmiş olursa, digər tərəfdən ATƏT-in də məsələyə yanaşma dərəcəsini göstərmiş olur. Yəni məsələnin ciddiliyi nəzərə alınaraq ATƏT sədri səviyyəsində ona reaksiya göstərilmişdir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri də cəbhə xəttində baş verən silahlı insidentlərlə bağlı bəyanat yayıblar. Bəyanatda qeyd olunur ki, həmsədrlər sentyabrın üçüncü ongünlüyündə Vaşinqtona, daha sonra Nyu-Yorka səfər edəcəklər. Səfərin məqsədi BMT Baş Assambleyasının kluarlarında münaqişə tərəfləri ilə danışıqları davam etdirməkdir: "Bu intensiv fəaliyyət dövründə həmsədrlər bütün tərəfləri atəşkəs barədə razılaşmaya əməl etməyə, səbr nümayiş etdirməyə, tərəqqiyə nail olmağa imkan verəcək kompromis ruhunu möhkəmləndirmək üçün bütün mümkün addımları atmağa, qızışdırıcı xarakterli açıq bəyanatlar verməkdən çəkinməyə, ciddi dialoqun başlanması üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar".
İki ölkə arasında sülhün əldə olunması istiqamətində danışıqlar prosesinin qurulduğu və sülhə nail olunması üçün səylərin göstərildiyi bir vaxtda Ermənistan tərəfinin atəşkəsi pozması yolverilməzdir. Onlar bununla əldə oluna biləcək sülhü də əngəlləmiş olurlar. Münaqişənin tənzimlənməsi isə artıq daha qeyri-məlum müddətə uzadılmış olur. 16 ildir atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin buna məhəl qoymaması onların beynəlxalq normalara da əməl etmədiklərini göstərmiş olur. Bu mənada, Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən də sərt şəkildə ittiham olunması daha məqsədəuyğun sayılır. Bu cür hərəkətlərə yol verməklə Ermənistan iki ölkə arasında sülhün bərqərar olmasına, ümumilikdə, regionda sülh və təhlükəsizliyin bərpa olunmasına maneçilik törədir.
Bu mənada, ATƏT sədrinin və Minsk Qrupu həmsədrlərinin verdikləri bəyanatları baş verən hadisələrə beynəlxalq qınaq olaraq müsbət qiymətləndirmək olar. Ən azından, bununla məsələnin diqqətdən kənarda qalmadığı, onun əhəmiyyətli dərəcədə beynəlxalq normaları pozmağa istiqamətləndiyi nümayiş etdirildi. Lakin hər iki bəyanata nəzər saldıqda, onların cəbhə xəttində baş vermiş silahlı insidentləri özlərində dolğun şəkildə əks etdirmədiyini görmüş olarıq. Yəni burada konkret şəkildə hansı tərəfin hücum etdiyi, hansının isə hücuma məruz qaldığı göstərilmir.

Digər xəbərlər