Ermənistanda "Qarabağ kartı" yenə gündəmdədir
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış qeyri-müəyyənlik davam edir. Qeyd edək ki, hələlik, münaqişənin nizamlanmasına dair danışıqların növbəti raunduna nə vaxt start veriləcəyi bəlli olmasa da, Rusiya ilə hərbi əməkdaşlıq sazişinin müddətinin uzadılmasından sonra "Azərbaycan müharibəyə başlayarsa, Rusiya Ermənistanı müdafiə edəcək" səpkili təxribatçı bəyanatlarla çıxış edən Serj Sarkisyan hökumətinin təmsilçiləri yaranmış vəziyyətdən istifadə etməklə ictimaiyyət arasında özlərinə "xal" toplamaq üçün cəhdlər edirlər.
Baxmayaraq ki, artıq ölkə daxilində nə Serj Sarkisyana, nə də onun komandasında təmsil olunanlara heç bir inam qalmayıb. Ermənistan iqtisadiyyatının çökərək dilənçi vəziyyətə düşməsi əhalinin ölkədən çıxıb getməsini də sürətləndirir. Artıq Sarkisyan hökumətinin kifayət qədər kövrək mərhələdə olduğu hakimiyyət rəsmilərinə də, elə Sarkisyanın özünə də aydındır. Bu baxımdan da işğalçı rejim rəhbərliyi Yerevanda yenidən özünə dəstək qazanmaq üçün "Qarabağ" kartını işə salmağa çalışır.
Elə Serj Sarkisyanın bu günlərdə Dağlıq Qarabağa səfər etməsi barədə yayılan məlumatlar da bunu deməyə əsas verir. "Novosti-Armeniya"nın məlumatına görə, bu günlərdə Ermənistan prezidenti Dağlıq Qarabağa səfər edib. S.Sarkisyanın Qarabağ səfərinin məqsədi ilə bağlı erməni rəsmi dairələri açıqlama verməsələr də, ölkə mətbuatı bu səfərin sentyabrın 2-də Dağlıq Qarabağın "müstəqillik günü"nün qeyd olunması ilə əlaqələndirib. Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayətində "Dağlıq Qarabağın müstəqil respublikası" yaradılması haqqında qərar qəbul edilib. O zaman DQ-də münaqişənin alovlandırılmasında Serj Sarkisyan və onun kimi separatçıların da rolu var. Serj Sarksiyan həm də DQ-də əli onlarla azərbaycanlının qanına batmış cinayətkarlardan biridir. Bu baxımdan da onun Dağlıq Qarabağa səfər edərək özünün də münaqişənin həllini tapmamasında oradakı separatçı rejimlə həmrəy olduğunu nümayiş etdirməsi səbəbsiz deyil.
Məsələ ondadır ki, Serj Sarkisyanın Qarabağa indiki səfəri təkcə qondarma "DQ-nin müstəqillik günü"nü qeyd etmək məqsədi daşımır. Ermənistan daxilində, demək olar ki, heç bir dəstəyi olmayan və polis dəyənəyi gücünə prezident kürsüsünü əlində saxlayan Serjikin artıq "Qarabağ" kartından istifadə imkanları da məhdudlaşıb. Çünki Sarkisyan münaqişənin nizamlanmasına dair yenilənmiş Madrid təklifləri ilə bağlı mövqe bildirməkdən müxtəlif bəhanələrlə yayınmağa çalışsa da, artıq belə bəhanələr üçün limitin bitdiyi də ona aydındır. Ona görə də Sarkisyan indi bütün gücünü hakimiyyətini qoruyub saxlamağa yönəldib. Səfərqabağı Rusiyanın xarici işlər naziri Lavrovun Rusiya-Azərbaycan münasibətləri ilə bağlı verdiyi bəyanatlar da bir növ qabaqlayıcı jest oldu. Lavrovun istər Ermənistan-Rusiya hərbi əməkdaşlıq müddətinin uzadılması, istərsə də Cənubi Qafqazda Azərbaycanın Rusiyanın ən yaxşı strateji partnyoru olması barədə bəyanatları, sözsüz ki, Ermənistan rəhbərliyini narahat etməyə bilməz. Hakimiyyətinin və özünün taleyinin Rusiyadan asılı olduğunu yaxşı bilən Serjik, həmçinin, Moskvanın istənilən vaxt Qarabağla bağlı mövqeyində də dəyişə biləcəyini də bilir. Başqa sözlə desək, artıq Ermənistan prezidentinə də, onun əlaltılarına da Rusiyanın bu məsələdə Azərbaycanın maraqları ilə hesablaşmalı olacağı gün kimi aydındır. Bu baxımdan da, Serj Sarkisyanın indiki mərhələdə Qarabağa getməsi daha çox qıcıqlandırıcı missiya daşıyır. Eyni zamanda, bu, Ermənistan prezidentinin Qarabağa sonuncu missiyası da ola bilər.
Çünki dünən Ermənistan XİN-in saytında Azərbaycanın xəritəsinə bütöv şəkildə rast gəlinib. "Armenia Today" saytı isə Ermənistan XİN-in saytında DQ və onun ətrafındakı işğal olunmuş 7 rayonun Azərbaycan ərazisi kimi yerləşdirilməsini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi şərh edərək bundan acı təəssüf keçirdiklərini yazıb. Qeyd edək ki, Ermənistan XİN-in saytındakı məlumat erməni mətbuatında "bomba" kimi partlayıb. Saytda Azərbaycan xəritəsinin bütöv şəkildə göstərilməsinə erməni şərhçiləri də münasibət bildiriblər. Ermənistan prezidentinin DQ-ə səfəri zamanı belə bir məlumatın Ermənistan XİN-in saytında yerləşdirilməsi təsadüfi sayılmayıb. Bu fakt, həm də Ermənistan rəhbərliyinin qondarma "DQ-nin müstəqilliyinə" əsl münasibətin göstəricisi kimi qiymətləndirilir.