Ermənistan dərin sosial-iqtisadi böhran içərisində
Son günlərdə Ermənistanda sosial-iqtisadi vəziyyət getdikcə pisləşməyə doğru getməkdədir. Ölkənin artan xərcləri və bunun qarşılığında azalmağa doğru gedən gəlirlər Ermənistanı çıxılmaz vəziyyətə salmışdır. İqtisadi böhranın təsiri artıq bütün sahələri əhatə etməkdədir. İqtisadi böhranla yanaşı, siyasi böhranın da dərinləşməsi birbaşa olaraq əhalinin həyat şəraitinə, sosial vəziyyətinə öz mənfi təsirini göstərməkdədir.
Ermənistan rəhbərliyinin yeritdiyi səmərəsiz siyasət nəticəsində xarici siyasətlə yanaşı, daxili siyasətdə də nöqsanlar müşahidə olunmaqdadır. Bunun nəticəsində uzun bir dövrü əhatə edən iqtisadi böhran yaranmışdır ki, bu da ölkə həyatını iflic vəziyyətinə salmışdır. Günü-gündən artan işsizlik problemi insanları xarici ölkələrə üz tutmağa vadar edir. Onların sırasında daha çox gənclərin yer aldığını nəzərə alsaq, bu miqrasiyanın Ermənistanın, daxili sosial-iqtisadi vəziyyətini iflic vəziyyət salmaqla, ölkənin gələcəyini də şübhə altına almış olur. Belə ki, hərtərəfli olaraq ölkənin gələcəyi üçün gərəkli olan bu gənclərin ölkəni tərk etməsi Ermənistanın nəinki indiki dövrdə, eyni zamanda, gələcək dövrdə də ola biləcək inkişafını əngəlləmiş olur. Amma erməni gənclərin də vəziyyətini başa düşmək olar. Onlar öz gələcəklərini qurmaq üçün bu addıma əl atırlar. Bir halda ki, erməni məmurlar öz gələcəklərini təmin etmək üçün Ermənistan vətəndaşlığından imtina etməyə hazır olduqlarını bildirir və gizli şəkildə digər ölkələrdə yaşamağa icazə almaq üçün çalışırlarsa, onda adi gənc erməni vətəndaşı nə etməlidir? Ermənistanı tərk edənlər sırasında gənclərlə yanaşı, digər təbəqələrin nümayəndələri də var. Onlar da öz dolanışıqlarını təmin etmək üçün xaricə üz tutur, burada yaşamaq üçün qaçqın statusu almağa çalışırlar. Bununla bilavasitə olaraq onlar Ermənistan vətəndaşlığından da çıxmış olurlar. Bu hal isə bir tərəfdən Ermənistan əhalisinin azalmasına gətirib çıxarırsa, digər tərəfdən bir dövlət kimi, Ermənistanın beynəlxalq arenada nüfuzunu aşağı salır.
Ermənistanın sosial-iqtisadi durumunu çətinləşdirən amillərdən bir kimi həm də ölkə büdcəsinin ildən-ilə azalması bilavasitə bütün sahələrdə geriləməyə səbəb olur. Hər bir sahəyə yetərincə maliyyə vəsaitinin ayrılmaması ölkəni inkişafdan geri qoymaqla yanaşı, dolayı yolla, həm də özbaşınalıq, bürokratiya, rüşvətxorluq kimi hallara gətirib çıxarır. Bu isə bütövlükdə ölkə hakimiyyətinə olan inamı azaldır, ona qarşı yeni etirazların yaranmasına səbəb olur. Bunu da müxtəlif dövrlərdə keçirilən kütləvi etiraz mitinqlərində görmək olar.
Bu gün öz iqtisadiyyatını yalnız xarici himayədarlarının verdiyi ianələr hesabına quran Ermənistan bu ölkələrdən asılı vəziyyətdə yaşayır. Müxtəlif dövrlərdə onlardan aldığı maliyyə vəsaiti hesabına dolanan Ermənistanın bundan başqa heç bir yaşama mənbəyi qalmamışdır. Xarici yardımların kəsiləcəyi təqdirdə isə, Ermənistanı böyük bir iqtisadi tənəzzülün gözlədiyi ermənilər tərəfindən də etiraf edilir. Xarici yardımlar təkcə maliyyə vəsaiti şəklində deyil, həm də ayrı-ayrı ərzaq məhsulları şəklində verilir. Məsələn, Rusiyadan idxal olunan taxıl. Yeri gəlmişkən, bir müddət bundan öncə, Rusiyanın taxıl ixracına qadağa qoyması ilə bağlı verdiyi qərar Ermənistanda böyük bir təşvişlə qarşılanıb. Belə ki, Ermənistanın yeganə taxıl idxal etdiyi ölkənin artıq ona taxıl verməməsi ölkədə taxıl qıtlığına səbəb ola bilər ki, bu da böyük bir problem kimi qiymətləndirilir. Bu qərar verildikdən sonra özünə taxıl təminatçısı axtaran Ermənistan İrana üz tutmalı olub. Bu ölkədən ilk olaraq müsbət cavab alınması barədə məlumatlar yayılsa da, sonradan bu məlumatı təkzib eləyənlər də tapılıb. Belə ki, İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazım Musəvi Azərbaycan mətbuat orqanlarından birinə (APA-ya) verdiyi açıqlamada bunun heç də belə olmadığını, Ermənistanın Azərbaycanla münasibətləri aydınlaşdırmayana kimi, İranın Ermənistana taxıl verməyəcəyini bildirib. Göründüyü kimi, Ermənistanın taxılla təmin olunması ilə bağlı İrana olan ümidləri də hələ qeyri-müəyyən olaraq qalmaqdadır. Ermənistanın İran və yaxud digər ölkədən taxıl alması ilə bağlı məsələnin heç də asan həll olunmayacağı məlumdur. Nəzərə alsaq ki, hazırda qlobal səviyyədə taxıl böhranı yaşanmaqdadır, onda Ermənistanın da bu böhrandan kənar qalmayacağı məlumdur. Hətta har hansı bir ölkə ilə taxıl idxalı ilə bağlı məsələdə razılaşsa belə, buna razılaşan ölkənin yalnız böyük pul ödənişi hesabına razılaşacağı nəzərə alınmalıdır. Və yaxud da, siyasi mənada, Ermənistan həmin taxıl ixrac edən ölkənin mənafelərinə xidmət etməlidir. Bu isə bir daha dövlətin nüfuzuna xələl gətirən məsələdir.