PDF Oxu

Araşdırma

  • 11

Ermənistan Rusiyanın vassalıdır

Ermənistan Rusiyanın vassalıdır
Qafqazda Azərbaycanın sosial-iqtisadi tərəqqisindən, hərbi-siyasi qüdrətinin artmasından ən çox əndişələnən, qorxuya düşən işğalçı Ermənistandır. Rusiyanın forpostu olan bu ölkə Azərbaycan tərəfinin bütün səylərinə baxmayaraq, danışıqlar prosesində konstruktiv mövqe tutmaqdan, işğal etdiyi Azərbaycan torpaqlarını sülh yolu ilə azad etməkdən yayınır.
Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiyanın bu işğalçı ölkənin təhlükəsizliyini təmin etmək barədə yeni müqaviləyə imza atması, əslində, ermənilərə danışıqlar prosesində "manevr" imkanlarını genişləndirməyə şərait yaradır. Bu baxımdan, Ermənistan rəsmilərinin yenilənmiş Madrid prinsipləri ilə "Sankt-Peterburqda irəli sürülən prinsiplər" arasında var-gəl etməsi heç də təsadüfi deyil. Doğrudur, rəsmi Yerevanın iddialarının əksinə olaraq, prezidentlərin Sankt-Peterburq görüşündə danışıqların hər hansı yeni formatı və ya Ermənistanın ciddi-cəhdlə gündəmə gətirmək istədiyi "Sankt-Peterburq prinsipləri" qəbul edilməyib. Buna baxmayaraq, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin müvafiq üçtərəfli görüşündən sonra rəsmi Yerevan bununla bağlı spekulyativ bəyanatlar səsləndirmişdi.
Lakin az sonra Ermənistan diplomatiyası öz bəsitliyini və qeyri-ciddiliyini ortaya qoyaraq, bu ölkənin prezidenti səviyyəsində səsləndirilən absurd fikirləri xarici işlər naziri səviyyəsində inkar etmişdi. Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri ərəfəsində işğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyan açıq şəkildə bildirmişdi ki, hazırda danışıqlar yenilənmiş Madrid prinsipləri əsasında davam etdirilir. Beləliklə, uğursuz siyasi manevr cəhdi ilə ziddiyyətli açıqlamalar verən Ermənistan rəsmiləri sonda özləri-özlərini çətin vəziyyətdə qoymuşdular.
Maraqlıdır ki, Ermənistana səfəri əsnasında Dmitri Medvedev də danışıqların ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə razılaşdırılan prinsiplər əsasında aparıldığını təsdiqləyib. Bununla yanaşı, D.Medvedevin Yerevanda Ermənistanın Rusiyanın müttəfiqi olduğunu vurğulaması, faktiki olaraq, təcavüzkar qonşumuzun mövqeyinin möhkəmlənməsinə xidmət edir. Əlbəttə, Rusiya strateji tərəfdaş və MDB-nin üzvü olan bir ölkə kimi Azərbaycanı da itirmək istəmir. Bu səbəbdən, Şimal qonşumuzun siyasi liderləri Azərbaycanla Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğunu, qarşılıqlı əlaqələrin getdikcə güclənməsini, müxtəlif sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq sahəsində əlaqələrin dərinləşməsini dönə-dönə vurğulayırlar. Özünün forpostu elan etdiyi Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanla da ikitərəfli hərbi əməkdaşlıq edən Rusiya bununla regionda sülhün və sabitliyin qorunub saxlanılmasına çalışdığını bəyan edir. Bu mənada, Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi tarazlıq yaratmaq istəyi başadüşülən olsa da, torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanla hərbi təcavüzə uğramış Azərbaycanın bərabər tutulması istənilən halda qəbuledilməzdir. Əslində, bununla ATƏT-in Minsk Qrupunun həmsədri, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə cavabdehlik daşıyan üç əsas vasitəçi ölkədən biri kimi Rusiyanın obyektivliyi ciddi şübhə altına düşür. Halbuki Ermənistana hərbi-siyasi təzyiq imkanları kifayət qədər böyük olan Rusiya təcavüzkarı öz adı ilə adlandırıb, ondan işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməyi tələb etsəydi, regionda daha böyük nüfuz sahibi ola bilərdi. Bu şərtlər daxilində isə Rusiya-Azərbaycan tərəfdaşlığı nə qədər dərinləşsə, inkişaf etsə belə, Şimal qonşumuz Azərbaycanda real müttəfiq kimi qəbul edilmir. Çünki hər hansı işğalçı ölkə ilə onun təhlükəsizliyinə təminat verən protokol imzalamaq elə onun təcavüzkar mövqeyini dəstəkləmək mənasına gəlir.

Digər xəbərlər