Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı fərqli versiyalar bu gün də irəli sürülməkdədir. Bu məsələ istər bu gün, istərsə də bundan xeyli əvvəl də Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb. Eyni münasibət Türkiyə ictimaiyyətində də müşahidə olunmaqdadır. Sentyabrın 9-10-da Ermənistanda keçiriləcək NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti açılacağı barəsində səslənən fikirlər Azərbaycan ictimaiyyəti, elm xadimləri, siyasətçilər, politoloqlar tərəfindən birmənalı şəkildə qınaq obyektinə çevrilib. Bizimlə həmsöhbət olan ölkəmizin aparıcı ziyalıları sərhədlərin açılması ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsini düşünülmüş prosesin davamı kimi qiymətləndiriblər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ məsələsi həll edilməyincə, torpaqlarımız işğaldan azad edilməyincə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyünü bildirən həmsöhbətlərimiz bu məsələdə bir addım belə güzəştin edilməsini Azərbaycana xəyanət edilməsi kimi xarakterizə ediblər.
"TÜRKİYƏ AZƏRBAYCANIN MARAQLARINA ZİDD OLAN ADDIM ATMAYACAQ"
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov:
- Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa, açılması ehtimalı məsələsinə toxunması yanlış yanaşmadır. Çünki Türkiyədə H.Kılıçdan yuxarı vəzifədə olan baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti Abdullah Gül var. Onlar isə həmişə bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca, Dağlıq Qarabağ problemi həll edilməyincə, sərhədin açılmasından söhbət belə gedə bilməz. Ona görə də, bəyanatlardan qəti nəticə çıxarmaq olar ki, bu məsələdə Türkiyə Azərbaycanın maraqlarına zidd olan addım atmayacaq. Bu baxımdan da, belə bir prosesin baş verəcəyinə qəti şəkildə inanmıram. Türkiyə prezidenti A.Gül Bakıda səfərdə olanda da, bildirdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və Dağlıq Qarabağ problemi həll edilməyincə, Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkün olmayacaq. Məhz bu prizmadan çıxış edərək, demək olar ki, bu gün Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı ortaya atılmış söz-söhbətlər illüziyadan başqa bir şey deyildir.
"TÜRKİYƏNİN MÜSƏLMAN ALƏMİNDƏ ÖZ NÜFUZUNA XƏLƏL GƏTİRƏCƏK ADDIMI ATMASI MÜMKÜN OLMAYACAQ"
Politoloq Elşad Mirbəşioroğlu:
- Türkiyə-Ermənistan arasında münasibətlər vaxtilə bir dinamikliyə malik idi. Amma sonrakı mərhələdə Ermənistan tərəfinin Türkiyəyə qarşı iddialarından əl çəkməməsi prosesin səngiməsini təmin etmiş oldu. Bundan əlavə sərhədlərin bağalanmasına səbəb olan amillərin aradan qaldırılmaması da bu məsələdə qarşılıqlı anlaşmanı təmin etmədi. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmaması və sərhədlərin açılması məsələsi demək olar tədricən gündəmdə çıxarıldı. Məhz bu prizmadan çıxış edərək, tam əminliklə demək olar ki, sentyabrın 9-10-da Ermənistanda keçiriləcək NATO təlimlərinə görə, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi qeyri-real görünür. Çünki ilk növbədə, bu elə bir məsələdir ki, burada istənilən bir səviyyədə qərar verib, addım atmaq qeyri-mümkündür. Digər bir tərəfdən Ermənistanın dövlət səviyyəsində Türkiyəyə qarşı iddialarından əl çəkməsi, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi mümkün olmayınca, bu sərhədlərin açılması real görünmür. Çünki 1993-cü ildə sərhədlərin bağlanmasının yeganə bir səbəbi ondan ibarət idi ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Bu gün də, Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb olan məsələ həllini tapmayıb. Bu baxımdan da, Türkiyənin müsəlman aləmində öz nüfuzuna xələl gətirəcək belə bir addımı atması mümkün olmayacaq. Qeyd edim ki, Türkiyə Ermənistan arasındakı sərhəd məsələsi istənilən səviyyəli görüşlərlə müzakirə mövzusu olub. Amma sərhədlərin açılması məsələsinə gəlincə, hələlik, real bir mənzərənin şahidi olmamışıq. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın açıqlamasında da, məhz sərhədlərin açılması istiqamətində aparılan danışıqların gedişində hər hansı bir məsələnin ortaya çıxması müqabilində atılacaq addımlar nəzərdə tutulub.
"TÜRKİYƏ VƏ AZƏRBAYCAN QARDAŞ ÖLKƏLƏR, QARDAŞ DÖVLƏTLƏR KİMİ YAŞAYIRSA, ÖZ PROBLEMLƏRİNİ, NARAHATLIQLARINI DA AÇIQ ŞƏKİLDƏ İFADƏ ETMƏYİ BACARMALIDIRLAR"
Politoloq Elçin Mirzəbəyli:
- Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana səfəri çərçivəsində də, NATO-nun Ermənistanda keçiriləcək təlimlərində istifadə olunacaq müvafiq texnikanın və avadanlığın gətirilməsi ilə bağlı suala birmənalı cavab verilmədi. Məhz Türkiyənin dövlət başçısı bu məsələyə konkret aydınlıq gətirmədiyinə görə, səfir də, A.Gülün mövqeyinə uyğun olaraq bəyanat verməli olub. Bu yanaşmalar isə bütövlükdə müxtəlif bəhanələr və illüziyalardan ibarətdir. Amma bütün hallarda sərhədlərin bir günlük, bir aylıq, bir neçə saatlığa belə açılması Ermənistanın mövqelərini möhkəmləndirməsinə xidmət edir. Bu, eyni zamanda, düşmən, təcavüzkar ölkəyə əlavə bir stimul verir. Onu da qeyd edim ki, Rusiya-Ermənistan arasında hərbi müqavilə imzalandıqdan sonra və təcavüzkar ölkəyə Rusiyanın təminatı ortaya çıxdıqdan sonra biz Türkiyədən fərqli addımların atacağını gözləyirdik. Qəribə bir məntiq isə ondan ibarətdir ki, Ermənistan Qərblə rəqabət aparan, regionda sülhün və sabitliyin qorunub saxlanmasına maneə yaradan Rusiya ilə əməkdaşlıq edir. Eyni zamanda, Ermənistan Avropada adi silahlar haqqında kovensiyanı kobud şəkildə pozur, bütün bunlarla yanaşı, NATO-nun təlimlərini öz ölkəsində keçirir. Elə bu məqsədlə də, Türkiyə ilə sərhədlər Ermənistanın maraqlarının təmin edilməsi üçün açılır. Bu yanaşma tərzini tamamilə yolverilməz hal hesab edirəm. Çünki bugünkü reallıq verilən bəyanatlara, səsləndirilən açıqlamalara uyğun gəlmir. Bəzən, Türkiyə tərəfi müvafiq addımlar atdıqda, bir çoxları bizi qanayırlar ki, Azərbaycan ictimaiyyəti proseslərə həddən artıq tez reaksiya verir. Onlar iddia edirlər ki, biz prosesin sonunu gözləmədən qərarlar çıxarırıq. Amma biz uzun illərdir ki, prosesin sonunu gözləyirik. Gözləyirik ki, Türkiyə Ermənistanla hava əlaqəsini, mədəni əlaqələrini nə vaxt kəsəcək. Əksinə, bu əlaqələrin daha da genişləndirildiyini müşahidə edirik. Türkiyənin turizm sektorunda çalışan ermənilərin sayı da durmadan artır. Hər gün Türkiyənin onlarla yük maşını Gürcüstandan keçməklə Ermənistan ərazisinə daxil olur. Ona görə də, bu yanaşma tərzi elan olunmuş prinsiplərə uyğun gəlmir. Əgər biz qardaş ölkələr, qardaş dövlətlər kimi yaşayırıqsa, öz problemlərimizi və narahatlıqlarımızı da, açıq şəkildə ifadə etməyi bacarmalıyıq. Bunu isə hər hansı bir formada kampaniya kimi dəyərləndirmək lazım deyil.
"AZƏRBAYCAN ÜÇÜN BU CÜR MƏQAMLARDA TÜRKİYƏNİN BELƏ MÖVQEYİ QƏTİYYƏN QƏBULOLUNMAZDIR"
Millət vəkili Fəzail İbrahimli:
- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olduğu müddətdə parlamentdə çıxışı zamanı vəd etdi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq. Eyni zamanda, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması Azərbaycanla yanaşı, bu ölkənin özündə də çox ciddi fikirlərin meydana çıxmasına səbəb olub. Nəzərə almaq lazımdır ki, sərhədlərin açılması məsələsini təkcə Azərbaycana qarşı laqeydlik, yaxud münasibətlərin qırılması, taleyüklü məsələlərdə Azərbaycanı tək qoymaq kimi qiymtləndirmək olmaz. Bir anlığa Azərbaycanı bir kənara qoyaq, təsəvvür edək ki, Azərbaycanla Ermənistan arasında heç bir problem yoxdur. Türkiyənin özünün Erəmənistanla kifayət qədər problemləri mövcuddur. Bu problemlər ondan ibarətdir ki, ermənilər Türkiyənin tarixinə ləkə yaxır, türkləri "vəhşi xalq" adlandırır, qondarma "erməni soyqırımı"nı dünyaya qəbul etdirməyə çalışırlar. Türkiyə Cümhuriyyətinin prezidenti Azərbaycan parlamentində çıxış edərkən 3 böyük prinsip irəli sürmüşdü. Həmin prinsiplərin ermənilərin soyqırım iddiasından imtina etməsi, Türkiyənin ərazi bütövlüyünü tanıması və Azərbaycan torpaqlarını işğaldan azad etməkdən ibarət idi. Güründüyü kimi, bu üç prinsipdən ikisi yalnız Türkiyənin özünə aiddir. İndi bu 3 prinsipin hamısını Azərbaycanın ünvanına yönəltmək, demək olar ki, Türkiyənin xarici siyasətinin ən böyük uğursuz, addımı ola bilər. Bunun arxasınca Ermənistan öz iddialarını reallaşdırmaq üçün daha böyük imkanlar əldə edər. Ermənilər deyə bilər ki, "soyqırımı qəbul etdirdik, indi ərazimizi verməlisiniz", yəni yolumuzu açıb, indi də 7 vilayəti bizə verin ki, Türkiyə ilə qurtaraq. Bütün hallarda ermənilərin belə mübarizəsi davam edəcək. Buna baxmayaraq, Azərbaycan üçün bu cür məqamlarda Türkiyənin belə mövqeyi qətiyyən qəbulolunmazdır. Belə bir addımın atılması Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ən böyük ümidlərindən birinə qarşı xəyanət olardı.
"TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİ HANSISA BİR ƏVƏZETMƏ VƏ DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNƏ BİZİM İSTƏDİYİMİZ MÜSTƏVİDƏ KÖMƏK OLA BİLƏRSƏ, BİZ BUNA TƏRƏFDAR OLARIQ"
Politoloq Mübariz Əhmədoğlu:
- Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyini dəfələrlə bəyan edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bəyan edib ki, Türkiyə ilə Azərbaycanın münasibətləri daha köklüdür, Azərbaycanın üçüncü dövlətlə olan əməkdaşlığı bu münasibətlərə alternativ ola bilməz. Yaxşı olar ki, hadisə tarixə çevrildikdən sonra ona qiymət verilsin. Hələ biz bilmirik ki, Türkiyə konkret hansı addımları atacaq. Artıq məsələ ilə bağlı təkziblər verilməyə başlanılıb ki, Azərbaycanın maraqlarına qarşı ciddi hər hansı addım atıla bilməz. Sadəcə, biz gəzən söz-söhbətdən, atıla biləcək addımlardan narahatçılıq keçiririk. Ancaq hələlik, dövlət səviyyəsində bu məsələnin həlli bitməyib. Mətbuatda gedən məlumatlar, məsələnin ayrı-ayrı detalları ətrafında gedən müzakirələr narahatçılıq doğurub, dövlət başçısı səviyyəsində isə rəsmi mövqe ortaya qoyulmayıb. Türkiyə-Ermənistan sərhədləri hansısa bir əvəzetmə və Azərbaycana xeyiri olarsa, Dağlıq Qarabağ probleminin həllinə bizim istədiyimiz müstəvidə kömək ola bilərsə, biz buna tərəfdar olarıq.