Ermənistanın Rusiyanın bir vilayəti olduğu təsdiqləndi
Xəbər verildiyi kimi, Rusiya prezidenti Dmitri Medvedev avqustun 19-da Ermənistana rəsmi səfər edib. Ermənistan rəhbərliyi Rusiya prezidenti Dmirti Medvedevi yüksək səviyyədə qarşılamaq üçün xeyli enerji sərf edib. O qədər ki, hətta Rusiya mətbuatı görülən təhlükəsizlik tədbirlərindən təəccübünü gizlədə bilməyib.
Forpostun rəhbərliyi imperiya paytaxtından gələn rəhbərlərinin təhülkəsizliyini maksimum təmin etmək üçün görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirib. Belə ki, Yerevan Rusiya prezidentinin səfəri ilə bağlı tam şəkildə mühasirəyə alınıb. Şəhərdə xüsusi təhlükəsizlik tədbirləri görülüb və əsil müdafiə qalasını xatırladıb. Paytaxt küçələrində ticarət ləğv edilib, şəhərin mərkəzində isə "gözəgörünməz cəbhənin döyüşçüləri" adlandırılan qruplar tərəfindən sutkalıq növbətçilik həyata keçirilib.
"Xüsusi təhlükəsizlik səviyyəsi"nin elan edilməsinə səbəb kimi Rusiya prezidentinin birdən-birə 3 oteldə qalacağı göstərilir. Onlar Göyçə gölünün sahilində yerləşir. "Aykakan jamanak" qəzetinin yazdığına görə, Medvedev Axtamar kompleksində dincəlib.
Medvedev səfərinin ikinci günü Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının sammitinə qatılıb. TədbirdəTürkmənistan, Belarus və Qırğızıstanın dövlət başçıları iştirak edib. Açıqlanmayan səbəblərdən Özbəkistan prezidenti İslam Kərimov sammitdə iştirak etmək istəməyib.
Medvedev Göyçə gölünün bu başından o biri tərəfə keçirmək üçün xüsusi olaraq Türkiyədən alınan yaxta gətirilib. Qəzet yazır ki, səfər ərəfəsində çətinlik yaşanıb: yaxtanın motoru yararsız çıxıb. Dərhal da Türkiyəyə yollanan nümayəndə heyəti yeni motor gətizdirib. Erməni mediasının yazdığına görə, Medvedev və Sarkisyan Ermənistan ərazisində yeni AES-in tikintisi ilə bağlı razılaşma əldə edəcəklər. Dağlıq Qarabağ isə ayrıca mövzu olacaq.
"Nezavisimaya qazeta" yazır ki, bununla bağlı danışıqların əsas məxfi saxlanılacaq və informasiyalar gec bəlli olacaq. Ola bilsin Medvedevin Bakıya sentyabr ayında planlaşdırılan səfərindən sonra bu məlumat açıqlansın. Qəzet yazır ki, strateji müttəfiq hesab edilən Moskva və Yerevan arasında münasibətlər son vaxtlar sınaqlara məruz qalıb. Söhbət Rusiyanın iki ədəd "S-300" raketlərinin Bakıya verməsindən gedir. Rusiya mətbuatı yazır ki, Moskva bununla bağlı bir-birini təkzib edən açıqlamalar verib. Qeyd edilir ki, Bakı artıq razılaşmanın baş tutduğunu təsdiq edib.
Lakin erməni siyasətçiləri fərqli düşünür. Onlar dərhal belə bir məsələni ortaya atıblar. Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Rusiya hərbi bazasının 49 illiyinə Ermənistanda qalması barədə müqavilə işə düşə bilərmi? Yəni Rusiyadan bununla bağlı yardım almaq olarmı? Prezidentlərin imzalayacağı sənəddə söhbət yalnız Ermənistanın təhlükəsizliyindən gedir.
Zəngin proqramla Yerevana gələn Medvedevin qondarma soyqırımı abidəsi önünə əklil qoyub, Gümrü şəhərində 19-cu əsrdə baş vermiş rus-türk müharibələrində ölən rus əsgərlərinin şərəfinə inşa edilən memorial kompleksinin açılışında iştirak edib. Sonra isə onun Ermənistandakı "qubernator" Serj Sarkisyanla danışıqları başlayıb.
Görüşün sonunda isə Gümrüdə yerləşən Rusiya hərbi bazasının ömrünün uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanıb. Həmin sənəd Rusiya bazalarının yerləşdirilməsinə dair tərəflər arasında 1995-ci il martın 16-da imzalanmış razılaşmaya dair 5 nömrəli protokoldur. Sənəddə deyilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək.
Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Rusiyanın "Vesti" telekanalına müsahibəsində yeni sənədin əsas məğzinin də məhz bu olduğunu deyib. Nalbandyan bildirib ki, 1995-ci ildə imzalanmış müqavilədə Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu üçün 25 il göstərilmişdi. İndi bu müddət 1995-ci ildən başlamaqla 49 ilə qaldırılır. Başqa sözlə, yeni sənədlə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilmə müddəti 2044-cü ilə qədər olacaq.
Vaxtilə Ermənistanda yüksək vəzifələrdə çalışmış erməni köklü ABŞ alimi Gerard Libaridyan isə Medvedevin səfəri zamanı imzalanan yeni protokolun əhəmiyyətinin o qədər də böyük olmadığını deyib. O bildirib ki, Ermənistan bu müqavilədən Qarabağda yeni müharibə başlasa, özünü müdafiə üçün istifadə edə bilməz. Onun fikrincə, bu, yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh danışıqlarındakı uğursuzluğunun ifadəsidir.
Rusiya Dövlət Dumasında artıq bildirirlər ki, yeni müqavilə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına mane olmayacaq. Moskvada artıq bildirilir ki, yeni baza müqaviləsi Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etməməlidir. Dövlət Dumasının MDB komitəsinin rəhbəri Aleksey Ostrovski "İnterfaks" agentliyinə bildirib ki, "əksinə bu, Rusiyanın vasitəçilik səylərinin davam etməsi üçün və Bakıyla Yerevanın mövqelərinin yaxınlaşdırılması üçün müsbət fakt kimi qəbul olunmalıdır". O, habelə, əmin olduğunu bildirib ki, Azərbaycan rəhbərliyi Cənubi Qafqaz ölkələrindən birində Rusiyanın hərbi iştirakının bütün bölgə üçün xeyirli olmasını başa düşür.
Moskvalı şərhçi Vladimir Yevseyevə görə, işin Rusiya-Azərbaycan münasibətlərinə təsiri Rusiyanın Ermənistanı silahlandırması həcm və templərindən asılı olacaq: "Vacibi odur ki, Rusiya öz bazasını genişləndirib gücləndirilməsiylə məşğul olmur. İkinci məqam Ermənistanın öz hərbi birləşmələrinin rus silahıyla təchiz edilməsidir. Məncə, Moskva burada ifrat tələskənliyə yol verməyəcək və Azərbaycanın mövqeyini nəzərə almağa çalışacaq. Əgər bazayla bağlı hər şey sırf siyasi imic məqamına otursa və real silahlanma olmasa, məncə, Azərbaycan bir elə etiraz etməyəcək".
Ekspertlər hesab edirlər ki, Rusiya hərbi bazalarının qalma müddətinin uzadılması Ermənistanın onsuz da formal olan müstəqilliyini əldən verməsi deməkdir. Ermənistan birmənalı olaraq Moskvaya üz çevirməklə Qərbin Cənubi Qafqaz regionunda möhkəmlənməsinə başlıca əngəl olur.
Beləliklə, Rusiyanın Cənubi Qafqazda forpostu hesab edilən Ermənistan tam şəkildə bu ölkənin vassalına çevrilib. Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı yeni bir şey deyil. Ölkənin özündə də iqtidarlı-müxalifətli siyasi qüvvələrin çoxu bu əməkdaşlığı ölkənin təhlükəsizliyi üçün vacib sayır. Amma iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi haqda müqavilə, hətta Yerevandakı bəzi müxalifət qüvvələrinin və siyasi, hərbi ekspertlərin ciddi narahatlığına səbəb olub. Onlar düşünürlər ki, yaxın günlərdə imzalanması gözlənilən yeni saziş Ermənistanın Rusiyadan asılılığını daha da artıracaq- Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı verilən qərarlarda daha böyük rol oynamağa başlayacaq.
"Bu saziş Ermənistana heç nə verməyəcək"- deyə Ermənistan Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan deyib. O bildirib ki, "bu sazişlə biz Ermənistanın suverenliyinin son işartıları ilə də vidalaşdıq". Sazişin niyə məhz indiyə təsadüf etməsi məsələsinə gəlincə, Meqrabyan deyib ki, hazırda İran ətrafında gərginlik artmaqdadır və Rusiya Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirməyə çalışır.
Göründüyü kimi, Ermənistan artıq formal müstəqilliyini də itirib. Rusiyanın bir vilayətinə çevrilən və Moskvadan idarə olunan Ermənistanın bütün iqtisadi, hərbi potensialı Rusiyanın nəzarətindədir. Bunu nəzərə alıb Azərbaycan sülh danışıqlarını Ermənistanla yox, artıq Rusiya ilə aparmalıdır.