Ermənistan ordusunda böhran
Azərbaycanın işğal altında olan ərazilərində yaşayan ermənilər Dağlıq Qarabağı tərk etməyə başlayıblar. Rəsmi Yerevan isə bu prosesin qarşısını güc tətbiq etməklə də ala bilmir. Bu sözləri Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Vardan Xaçaturyan jurnalistlərə müsahibəsində deyib. Xaçaturyan bildirib ki, "Azərbaycanın öz torpaqlarını, nəyin bahasına olursa-olsun, azad etmək istəyi haqqında bəyanatları Ermənistan ictimaiyyətini düşündürməyə bilməz. Ermənistan hökuməti bu bəyanatlara adekvat deyil, istənilən halda məğlub duruma düşəcək".
Deputatın sözlərinə görə, son aylar Dağlıq Qarabağdan köçən ermənilərin sayı iki dəfə artıb. Bu proses Dağlıq Qarabağda iqtisadi göstəricilərə ciddi təsir göstərib. Yerli hakimiyyətin əhalinin getməsinin qarşısını almaq üçün səyləri isə nəticə vermir. Azərbaycanın ordu cəhətdən və iqtisadi baxımdan üstün olması, eləcə də, rəsmi Bakının sərt bəyanatları Dağlıq Qarabağ ermənilərini ajiotaja salıb.
Erməni eksperti onu da əlavə edib ki, Azərbaycan tərəfdən istənilən ciddi addım artıq rəsmi Yerevanın süqutu deməkdir. Hər halda Xaçaturyanın bu fikri, eləcə də, bundan əvvəl bir neçə erməni ailəsinin, onların əsgərlərinin məcburi ölkəmizə keçməsi erməni cəmiyyətinin əhval-ruhiyyəsini əks etdirir və Dağlıq Qarabağdan əhalinin çıxması barədə qeyri-rəsmi məlumatları təsdiqləyir. Bütün bunlar hazırda Ermənistan hökumətinin hansı vəziyyətdə olduğunu göstərən inkarolunmaz faktlardır.
İşğalçı ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır. Siyasi şərhçi Qrant Malik-Şahnazaryan bu qənaətdədir. O, hesab edir ki, belə bir orduya malik dövlət heç vaxt uğur əldə edə bilməz. İşğalçı ölkənin milli təhlükəsizlik nazirinin sabiq müavini Qurgen Yeqiazaryan isə bildirib ki, Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, zorlama, təcavüz, korrupsiya, intihar faktları onun nüfuzuna birbaşa təsirini göstərir. Bu ordu ilə nəyəsə nail olmaq mümkün deyil.
İyulun 28-də Ermənistanda hərbi hissələrin birində 6 hərbçinin ölümü ilə nəticələnən insidenti xatırladan Yeqiazaryan deyib ki, hadisədən sonra müdafiə naziri Ohanyanın 14 zabitin cəzalandırılması barədə qərarı görüntü xarakteri daşıyır. Bu qərar problemi kökündən həll edə bilməz. Yeqizaryan xəbərdarlıq edib: "Bu gün hamı bilir ki, ordu sıralarında cəzalandırılan zabitlər kimi yüzlərlə yararsız, orduya ləkə gətirən yüksək rütbəli hərbçi var. Nə qədər ki, onlar var, Ermənistan ordusundan nəticə gözləməyə dəyməz. Ohanyan bu barədə ciddi düşünməlidir".
Qeyd edək ki, Azərbaycanın işğal altındakı Xocavənd rayonunda baş vermiş insidentin səbəbi postda əsgəri yuxulamış halda tutmuş hərbçilərin onu alçaltması əsgərin silaha əl atması olub. 5 hərbçini güllələyən əsgər sonda intihar edib.
Hadisə zamanı həlak olmuş hərbçilərdən 20 yaşlı Yerevan sakini Andranik Sarkisyanın atası oğlunun öldürülməzdən öncə, möhkəm döyüldüyünü də bildirib: "Onun sir-sifəti şişmişdi, açıq və qapalı yaraları var idi. Sinəsindən isə 3 güllə yarası almışdı".
Bu cür faktlar göstərir ki, düşmən ölkənin ordusunda fərarilik, ölüm, zorlama, təcavüz, homoseksuallıq, "dedovşina", rüşvət, korrupsiya, intihar və digər nizamnamədən kənar hallar artır. Orduda hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşib.
Aparılan araşdırmalar nəticəsində müddətli həqiqi xidmət hərbi qulluqçularının intihara cəhd etməsinin ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin (çavuş heyəti) idarə etməsi, nizamnamədən kənar və nalayiq davranışları və orduda "dedovşina" hallarının davam etməsi səbəbindən baş verməsi müəyyən olunub.
Araşdırma nəticəsində Ermənistan SQ-də intihar və intihara cəhdetmə hallarının əsasən zabit-gizirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqir edilməsi və söyülməsi, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, kiçik komandir heyəti (çavuşlar) tərəfindən əsgərlərin zorlanması, kiçik komandir heyəti (çavuşlar) tərəfindən əsgərlərin döyülməsi, əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması, Ermənistan ordusundakı mövcud ağır hərbi xidmət və məişət şəraitsizliyi, psixoloji problemlər, ailə münaqişəsi zəminində və digər şəxsi məsələlərlə əlaqədar baş verdiyi məlum olub.
Ermənistan silahlı qüvvələrində komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qanunsuz yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir. Hərbi hissə komandirlərinin göstərişi ilə hərbi qulluqçular hospital, ezamiyyət və digər bəhanələrlə hərbi hissənin yerləşdiyi ərazidən asılı olaraq 500-1000 ABŞ dolları verərək bir ay müddətinə evlərinə buraxılırlar.
Qeyd etmək lazımdır ki, Ermənistan ordusunda kriminogen durum və əxlaqsızlıq halları ilə yanaşı, şəxsi heyət arasında narkotik maddə qəbul etmə halları da sürətlə yayılmaqdadır. Narkotik maddələrin hərbi hissələrə gətirilməsi və şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir. Narkotik maddələr, əsasən, Azərbaycanın işğal edilmiş ərazilərindən gətirilir. Narkotik bitkilər işğal edilmiş rayonlarda, əsasən də, hərbi hissələrin nəzarətində olan ərazilərdə yüksək vəzifəli zabit heyəti tərəfindən yetişdirilir.
Orduda qeyri-döyüş itkilərinin döyüş itkilərindən 3 dəfə çox olması erməni ictimaiyyətini xeyli narahat edir. Orduda baş verən neqativ halların hər il artması, hakimiyyətdə olduğu kimi, orduda da "klanlaşma" siyasətinin mövcudluğu, korrupsiya, büdcədə nəzərdə tutulandan artıq maliyyə vəsaitinin silah-sursat və döyüş texnikalarının alınmasına sərf edilməsi, eləcə də, zabit-gizirlərin maddi və sosial vəziyyətinin aşağı olması səbəbindən baş verir.
Ermənistan SQ-də komandir və rəislər hərbi xidmətə çağırılan hərbi qulluqçuların sağlamlıqlarına son dərəcə biganə yanaşır. Xüsusən, müddətli həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçulara aşağı kalorili qida məhsullarının verilməsi, əsgərlərin antisanitariya şəraitdə xidmət aparması, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri ilə regional və mərkəzi hərbi hospitallara yerləşdirilib. Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi birləşmələr də, əsasən, vərəm, pnevmoniya, dəri-zöhrəvi, müxtəlif infeksion xəstəliklər, sətəlcəm, mədə-bağırsaq və digər diaqnozlar çoxluq təşkil edir.
Ermənistan KİV-lərində xidmət zamanı intihar edən hərbçilərin ailələrinə təzyiq olunduğu barədə məlumatlar yayılıb. Ölənlərə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilib. Ekspertlər hesab edirlər ki, hakimiyyəti bu addımı atmağa Ermənistan ordusu haqqında onsuz da heç kimə sirr olmayan bir çox həqiqətlərin üzə çıxa bilmək xofu vadar edir. Belə durumda olan "ordu" ilə qarşıda erməniləri heç də yaxşı günlər gözləmir.