PDF Oxu

Araşdırma

  • 9

Ermənistan suverenliyini itirə bilər

Ermənistan suverenliyini itirə bilər
Məlum olduğu kimi, avqustun 19-da Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri reallaşacaq. Bu səfərin bir sıra maraqlı məqamlarla yadda qalacağı gözlənilir. Belə ki, Rusiya prezidenti Ermənistana səfəri zamanı təkcə Ermənistan prezidenti ilə görüşlər keçirib qarşılıqlı əlaqələri müzakirə etməyəcək, eyni zamanda, avqustun 20-dən 22-nə kimi KTMT ölkələrinin başçılarının zirvə toplantısında da iştirak edəcək. Eyni zamanda, Ermənistan və Rusiya arasında yeni hərbi sazişin imzalanması nəzərdə tutulur ki, bu da Rusiya qoşunlarının Ermənistanda olan bazalarında daha da möhkəmləndirilməsi ilə bağlıdır. Əlbəttə, bu məsələ Ermənistanın hərbi potensialının artırılmasını nəzərdə tutsa da, bu məsələ Ermənistan ictimaiyyətində heç də birmənalı qarşılanmır. Hətta bunu Ermənistanın öz suverenliyini itirməsi təhlükəsi kimi dəyərləndirənlər də var.
Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının saxlanma müddətinin daha da uzadılması haqqında yeni protokol layihəsi işlənməkdədir ki, bu layihə də Rusiya hərbi bazasının Ermənistanda daha 49 il müddətinə qalmasını nəzərdə tutur. Bu xəbər Ermənistan tərəfindən bəzi müxalif qüvvələrin, eləcə də, hərbi ekspertlərin narahatlığına səbəb olub. Onların fikrincə, əgər belə bir saziş imzalanarsa, bu halda Ermənistanın Rusiyadan asılılığı daha da artıracaq və Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı verilən qərarlarda daha böyük rol oynamağa başlayacaq. Erməni ekspertlərin gəldiyi qənaətə görə, müqavilənin imzalanması Ermənistanın suverenliyinə də son qoymuş olacaq. Ölkədə yaranan narazılığı aradan qalddırmaq üçün artıq rəhbərlik səviyyəsində buna münasibət bildirilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib ki, Ermənistan müstəqil dövlətdir və onun ordusu öz təhlükəsizliyini təmin etmək gücündədir. Bu, həqiqətənmi belədir, yoxsa ermənilər özlərini buna inandırmağa çalışırlar? Hər halda, ikinci variant özü sualın cavabını daha ətraflı əhatə edir. Əlbəttə, hakimiyyət rastlaşdığı ictimai ittihamlardan yaxa qurtarmaq üçün belə bir məsələni ortaya atmalı olub ki, guya bundan bəzi siyasi qüvvələr öz maraqları naminə istifadə etməyə çalışırlar və burada heç bir qeyri-adi bir şey yoxdur.
Ermənistanın bir sıra analitik mərkəzləri də məsələyə münasibət bildirərkən, bunun dövlətə nə qazandırmayacağını və Ermənistanın suverenliyinin son işartıları ilə də vidalaşacaqlarını bildiriblər. Həqitən də, artıq Rusiyanın himayəsi altına keçən Ermənistanı müstəqil və suveren dövlət adlandırmaq şübhəlidir. Çünki bu gün Ermənistan rəhbərliyi başda olmaqla, Ermənistanın bütün siyasi dairələri Rusiyadan aldıqları ianələr hesabına dolanır və onun göstərişi ilə hərəkət edirlər. Heç bir azad qərar qəbul etmək iqtidarında olmayan Ermənistanı Rusiyanın bir vilayəti adlandırsaq, yanılmarıq. Siyasi idarəçiliklə yanaşı, iqtisadi cəhətdən də Rusiyadan asılı olan Ermənistan öz himayədarının olmayacağı təqdirdə, çökməyə hazır olan yarımmüstəqil ölkədir. Ermənistan ictimaiyyətində narahatlıq isə məhz bu məsələlərdən irəli gəlir. Onlar Ermənistanın Rusiyanın əlinin altında qalmasından narahat olaraq bu cür bəyanatlar səsləndirməyə çalışırlar.
Son dövrlərdə hərbi balansın böyük bir fərqlə Azərbaycanın xeyirinə dəyişməsi artıq danılmaz bir faktdır. Bunu təkcə Azərbaycanda deyil, eyni zamanda, Rusiya və Ermənistanda da etiraf edirlər. Azərbaycan son illərdə öz müdafiə sənayesini gücləndirir, yeni hərbi silahlar və texnika almaqla ordunu müasir tələblərə uyğunlaşdırır. Rusiya və Ermənistanın hərbi əməkdaşlığının möhkəmləndirilməsinin isə Azərbaycanın bu uğurlarına cavab olduğu düşünülə bilər. Lakin bu və ya digər yollarla Azərbaycanın hərbi uğurlarını kölgədə qoymaq Ermənistanın hərbi potensialını Azərbaycandan daha yüksəyə qaldırmaq mümkün deyil.

Digər xəbərlər