PDF Oxu

Araşdırma

  • 8

Sosial partlayış və tənəzzül içində boğulan Ermənistan

Sosial partlayış və tənəzzül içində boğulan Ermənistan
Məlum olduğu kimi, son iki il ərzində dünya iqtisadiyyatında baş verən proseslər bir sıra ölkələrdə özünü daha pis şəkildə göstərməyə başlayıb. Belə ölkələrdən olan işğalçı Ermənistan getdikcə daha ağır böhan keçirir və əhalinin sosial faciəyə düçar olmasının məsuliyyəti məhz yeridilən separatçı siyasətin üzərinə düşür.
Bu iqtisadi durumu görmək üçün iki ölkənin sosial-iqtisadi müqayisəsini apararkən üçün ilk öncə makroiqtisadi göstəricilərinə nəzər salmaq lazımdır.Belə ki, Ermənistanda istehsal olunan ÜDM-in həcmi 2008-ci ilin yekunları üzrə 3 650 mlrd dram və ya 12 mlrd dol təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisindən 6,8 faiz çoxdur. ÜDM-in strukturunda sənaye istehsalının xüsusi çəkisi 13 faiz, kənd təsərrüfatı 15,7 faiz, tikinti 27,1 faiz, ticarət, nəqliyyat, rabitə, ictimai iaşə 17,5 faiz, xidmət sektorunun xüsusi çəkisi isə 34,3 faiz təşkil edib. 2009-cü il ərzində Ermənistanda sənaye istehsalının həcmi 2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,7 faiz artdığı halda, yükdaşımaların həcmi 11,6 faiz azalıb. Əhalinin alıcılıq qabiliyyətinin qiymətləndirilməsi üçün vacib göstəricilərdən biri olan orta aylıq əməkhaqqının həcmi 2008-ci ildə 91 min dram (təxminən 298 ABŞ dol-ı) təşkil edib ki, bu da 2007-ci ilin analoji göstəricisindən 17,4 faiz çoxdur. O cümlədən, büdcə təşkilatlarında işçilərin əməkhaqqı 64,8 min dram (artım 18,6 faiz), qeyri-büdcə təşkilatlarında isə 114 min dram (artım 16,3 faiz) təşkil edib. Eyni zamanda, 2008-ci ilin sonuna Ermənistanda işsizliyin göstəricisi 6,3 faiz təşkil edib ki, bu da 2007-ci ilin yekunlarına nisbətən 0,7 faiz azdır. Ölkənin Milli Statistika Xidmətinin hesablamalarına görə, ötən ilin sonuna Ermənistanda iqtisadi fəal əhalinin sayı 1 194,6 min nəfər olub, işsizliyə görə orta aylıq müavinətin məbləği isə 14,280 min dram (46,8 dol) təşkil edib. Qeyd edək ki, hökumət tərəfindən artıq dövlət büdcəsinin yenidən bölüşdürülməsi və 2010-2012-ci illər üzrə ortamüddətli xərclənmə proqramının işlənməsinin dayandırılması barədə qərar qəbul edilib.
Ümumilikdə, 2009-cu il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 905 mlrd dram (2,4 mlrd dollar), xərcləri isə 945 mlrd dram (2,52 mlrd dollar) həcmində nəzərdə tutulub.
Müqayisə üçün bildirək ki, 2008-ci ildə Azərbaycanda istehsal olunan ÜDM-in həcmi 38 005 mln man (47,5 mlrd dol) təşkil edib ki, bu da illik 10,8 faiz artım deməkdir. Ölkədə orta aylıq əməkhaqqı isə ötən ilin yekunlarına görə, 268 man və ya 331 dol-a bərabər olub. Eyni zamanda, Azərbaycanda işsiz olanların sayı 44,4 min nəfərə bərabərdir ki, bu da işsizliyin təxminən 1,2 faiz səviyyəsində olması deməkdir. Ermənistandan fərqli olaraq, Azərbaycanın xarici ticarət dövriyyəsi üzrə müsbət saldo müşahidə olunur. Məsələn, cari ilin iyulunda Ermənistanın xarici ticarət dövriyyəsi 250 mln dol təşkil edib ki, onun 220 mln dol-ı idxalın və yalnız 30 mln dol-ı ixracın payına düşür. Azərbaycanda isə həmin dövr ərzində 1200 mln dollarlıq xarici ticarət əməliyyatları aparılıb və bunun 520 mln dollarını idxal, 680 mln dollarını isə ixrac təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisə isə çox maraqlıdır. Belə ki, Azərbaycanın idxalı 5 faiz, ixracı 10 faiz səviyyəsində artığı halda, Ermənistanda idxal 20 faiz, ixrac isə 45 faiz azalıb. Dövlət büdcəsinə gəldikdə isə, 2009-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12177 mln man (15,2 mlrd dol), xərcləri isə 12355 mln man (15,4 mlrd dol) həcmində olub.
Nəhayət, Azərbaycan milli valyutasının sabitliyi artıq bir sıra ölkələr üçün nümunəyə çevrilib. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Ermənistanda cari ilin əvvəlindən dram 23 faiz dəyərdən düşüb, Azərbaycanda isə manat dollara qarşı sabit qalıb ki, bu da makroiqtisadi sabitliyin, ölkənin strateji ehtiyatlarının həcminin yüksək olması və Azərbaycan Milli Bankının valyuta sabitliyinin qorunub saxlanması imkanlarının səviyyəsini aydın əks etdirir.
Göründüyü kimi, iki Cənubi Qafqaz ölkəsinin iqtisadi və maliyyə sistemlərinin qısa müqayisəsi, hansı ölkənin doğru yolda olduğunu və güclü potensiala malik olduğunu aydın göstərir. İşğalçı ölkənin Azərbaycan ərazilərini işğal etməsi ilə özünü dünyadan təcrid etməsi ağır nəticələr verir. Bütün regional və beynəlxalq layihələrdən kənarda qalan, tranzit nəqliyyat dəhlizlərindən təcrid olan işğalçı ölkə, iqtisadi və sosial böhran keçirir. Rəsmi Yerevanın Türkiyə ilə sərhədlərin açılmasına yönələn və baş tutmayan siyasətinin arxasında da, məhz labüd məhvolmadan xilasolma çabaları dayanırdı. Azərbaycanda həyata keçirilən düzgün sosial-iqtisadi siyasət öz bəhrələrini verir. Ölkəmizin bütün dünyanı ağuşuna alan qlobal böhrandan, demək olar ki, zərər çəkməməsi də, məhz bu doğru siyasətin nəticəsidir. Azərbaycan özünün 20 mlrd-lıq strateji valyuta ehtiyatları və 15 mlrd-lıq dövlət büdcəsi ilə hər hansı böhrandan sığortalanıb.
Beləliklə, Azərbaycanla Ermənistan arasında getdikcə daha dərin uçurumun və böyük fərqin yaranması, sosial partlayış və tənəzzül içində boğulan Ermənistan dövlətinin arxasında duran qüvvələri narahat edir. Artıq hamı anlamağa başlayıb ki, zaman Azərbaycanın xeyirinə işləyir.

Digər xəbərlər