Ermənistan ordusundakı korrupsiya fəlakət həddinə çatıb
Ermənistanın təhlükəsizlik sisteminin ekspertləri işğalçı ölkənin silahlı qüvvələrində yüzlərlə yüksək rütbəli hərbçinin ordu sıralarından uzaqlaşdırılmasına ehtiyac olduğunu bəyan ediblər. Onlar hesab edirlər ki, müdafiə naziri Seyran Ohanyan islahatlar aparmayanadək onsuz da pis vəziyyətdə olan Ermənistan ordusu tənəzzülə uğrayacaq. İşğalçı ölkənin silahlı qüvvələrində hökm sürən anarxiya onu uçuruma aparır. Siyasi şərhçi Qrant Məlik-Şahnazaryan bu qənaətdədir. O hesab edir ki, belə bir orduya malik dövlət heç vaxt uğur əldə edə bilməz. İşğalçı ölkənin milli təhlükəsizlik nazirinin sabiq müavini Qurgen Yeqiazaryan isə bildirmişdir ki, Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, zorlama, təcavüz, korrupsiya, intihar faktları onun nüfuzuna birbaşa təsirini göstərir. Bu ordu ilə nəyəsə nail olmaq mümkün deyildir. İyulun 28-də Ermənistanda hərbi hissələrin birində altı hərbçinin ölümü ilə nəticələnən insidenti xatırladan Q.Yeqiazaryan demişdir ki, hadisədən sonra müdafiə naziri S.Ohanyanın 14 zabitin cəzalandırılması barədə qərarı görüntü xarakteri daşıyır. Bu qərar problemi kökündən həll edə biliməz.
"Bu gün hamı bilir ki, ordu sıralarında cəzalandırılan zabitlər kimi yüzlərlə yararsız, orduya ləkə gətirən yüksək rütbəli hərbçi vardır. Nə qədər ki, onlar vardır, Ermənistan ordusundan nəticə gözləməyə dəyməz. S.Ohanyan bu barədə ciddi düşünməlidir", - deyə Q.Yeqiazaryan xəbərdarlıq etmişdir. Ermənistan KİV-lərində xidmət zamanı intihar edən hərbçilərin ailələrinə təzyiq olunduğu barədə məlumatlar yayılmışdır. Ölənlərə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilmişdir. Ekspertlər hesab edirlər ki, hakimiyyəti bu addımı atmağa Ermənistan ordusu haqqında onsuz da heç kimə sirr olmayan bir çox həqiqətlərin üzə çıxa bilmək xofu vadar edir.