Ermənistan özünü hərbi hücumlardan sığortalamağa çalışır
Bu günlərdə Azərbaycan və Ermənistan ictimaiyyətinin diqqət mərkəzində olan əsas məsələlərdən biri də Rusiya prezidenti Dmitri Medvedevin bu ölkələrə yaxın vaxtlarda səfərinin gerçəkləşəcəyi haqqında məlumatlardır. Rusiya prezidentinin Bakıya səfərinin sentyabr ayının əvvələrində baş tutması gözlənilir.
Yerevana səfərin isə dəqiq vaxtı və proqramı da artıq müəyyənləşdirilib. Avqust ayının 19-da baş tutması gözlənilən Yerevan səfəri zamanı D.Medvedevin erməni həmkarı ilə görüşü ilə yanaşı, KTMT ölkələrinin başçılarının zirvə toplantısında da iştirakı gözlənilir.
Rusiya prezidentinin Ermənistana və Azərbaycana səfərlərini tam normal olaraq qəbul etmək olar. Belə ki, hər iki ölkə ilə eyni regionda yerləşən Rusiyanın bu ölkələrlə qarşılıqlı əlaqələri və əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə yaxından bağlı olan və onun həllində iştirak etməyə çalışan D.Medvedevin Azərbaycan Prezidenti ilə, eləcə də, erməni həmkarı ilə müzakirə ediləcək mövzusunun məlum olduğu aydındır. Lakin Yerevana səfər zamanı KTMT ölkələrinin başçılarının zirvə toplantısının keçirilməsinin hansı məqsədlərə hesablandığı məlum deyil.
KTMT əsasən Rusiyanın təşəbbüsü ilə yaradılmış bir qurum olaraq, bəzi postsovet ölkələrini əhatə edir. Əsasən təhlükəsizlik məqsədlərini həyata keçirmək üçün yaradılmış təşkilat hərbi xarakter daşıyır. KTMT-yə daxil olan ölkələrin birinə hərbi təcavüz faktının qeydə alındığı təqdirdə, digər üzvlərin ona hərbi yardım göstərməsi məsələsi razılaşdırılmışdır. Əlbəttə, buraya keçmiş sovet respublikaları daxil olsa da, Azərbaycan qatılmamışdır. Buna səbəb isə bu təşkilatda işğalçı Ermənistanın təmsil olunmasıdır. Azərbaycan kimi bir sıra münaqişəli vəziyyətdə olan postsovet ölkələri də KTMT-yə üzv olmaqdan imtina etmişlər. Məlumdur ki, bu təşkilat regionda digər beynəlxalq hərbi qurumlara qarşı müqavimət göstərmək üçün, Rusiyanın yenidən öz hegemonluğunu təmin etməsi məqsədilə yaradılmış bir qurumdur. Yalnız iqtisadi və siyasi cəhətdən bir o qədər də güclü olmayan ölkələrin təmsil olunduğu bu quruma ciddi yanaşılmır, onun oynaya biləcəyi rol əhəmiyyətli hesab olunmur. Hər halda KTMT-nin növbəti zirvə görüşünün Yerevanda keçirilməsinin arxasında nələrin dayandığını güman etmək olar. Bir növ Ermənistanı təşkilatın və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilməsi məqsədi daşıyan bu addımın əvvəlcədən planlaşdırılmış şəkildə keçirilməsi mümkündür. Yəni heç də güclü və əhəmiyyətli rola malik olmayan bir hərbi qurumun zirvə toplantısının Ermənistanda keçirilməsi işğalçı rejimə beynəlxalq diqqətin artmasını təmin etmək məqsədi güdür. Hətta Ermənistanın bu tip yollara baş vurmaqla beynəlxalq təhlükəsizlik statusu almaq istəyinin olması da nəzərə çatdırılmalıdır. Bununla özünü bütün hərbi təcavüzlərdən sığortalamaq istəyən Ermənistan bu sahədə daha çox Rusiyanın köməyinə arxalanır ki, bütün bu proseslər də məhz Rusiyanın diqtəsi altında həyata keçirilir. Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq təkcə KTMT çərçivəsi ilə məhdudlaşmır. Ermənistana daim himayədarlıq edən Rusiyanın Ermənistana göstərdiyi hərbi yardımlar davamlı xarakter daşıyır və bəzən gizli, bəzən isə aşkar şəkildə özünü göstərir. Bu yardımların Ermənistanı hərbi cəhətdən gücləndirmək məqsədi güddüyü də nəzərə çatdırılmalıdır. İşğalçı rejimi silahlandırmaq və ona hər cür yardım göstərmək məsələsini layiqincə yerinə yetirən Rusiya bu addımları ilə Ermənistanın daha da qeyri-konstruktiv mövqe göstərməsinə şərait yaradır. İki ölkə arasında mövcud olan bu hərbi əməkdaşlıq son zamanlar daha da möhkəmlənməyə doğru gedir. Belə ki, bu günlərdə Rusiyanın Gümrüdəki hərbi bazasının saxlama müddətini uzatması ilə bağlı Rusiya və Ermənistan arasında yeni sənədin imzalanması gözlənilir. Rusiyanın 102 saylı hərbi bazasının daha 49 il müddətinə Ermənistan ərazisində qalması da bu yeni razılaşmanın tərkib hissəsi kimi göstərilir. Çox güman ki, Yerevan səfəri zamanı bu məsələyə də aydınlıq gətiriləcək.