Ermənistan ordusunda daxili çaxnaşmalar davam edir
Ermənistanda daxili siyasi gərginlik səngimək bilmir. Ölkəni bürüyən böhranlı vəziyyət Ermənistanı iflic vəziyyətinə salıb. İqtisadi-sosial və siyasi sahələrdə müşahidə olunan böhranla yanaşı, ölkədə baş qaldıran özbaşınalıq da Ermənistanı çıxılmaz bir vəziyyətə salıb. Bu özbaşınlığın daha çox orduda müşahidə olunduğunu nəzərə alsaq, demək olar ki, bu cür neqativ hallar artıq ölkənin müdafiə qabiliyyətinin azalmasına gətirib çıxarır.
Ermənistan ordusunda baş verən neqativ hallar artıq hər kəsə məlumdur. Fərarilik, ordudan yayınma, orduda rüşvətxorluq, zorakılıq, intihar, qətl, yeyinti və s. kimi hallar artıq Ermənistan ordusu üçün xarakterik hallardır desək, yanılmarıq. Lakin son günlərdə baş verən olaylar daha genişmiqyaslı olmaqla Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğunu və öz nüfuzunu itirdiyini göstərmiş olur. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bir sıra hərbçini gözlənilmədən işdən azad etməsi orduda olan vəziyyəti bir daha göstərmiş olur. Qeyd edək ki, Ermənistan ordusunda bu cəza bir qrup yüksək rütbəli zabitə aid edilib. Buna əsas səbəb kimi iyul ayının 28-də orduda olan insident və bu insident nəticəsində 5 nəfər əsgərin öldürülməsi göstərilir. Bu hadisənin Ermənistanda böyük əks-səda doğurması naziri belə bir addım atmağa sövq edib. Son kollegiya iclası zamanı orduda olan vəziyyətin narahatlıq doğurduğunu qeyd edən S.Ohanyan orduda olan daxili intizamsızlığı da nəzərə çatdırıb. O bildirib ki, Ermənistan ordusunda çalışanların bəziləri yüksək rütbədə olmalarına baxmayaraq, hələ də mənəviyyat və əxlaq kimi hisslərdən uzaqdırlar. Görünür, onların törətdiyi əməllər nazirin bunu deməsinə əsas verir. Ermənistan ordusunda baş verən mənfi hallar sırasında cinsi zorakılığın olduğunu nəzərə alsaq, erməni nazirin də əxlaqdan danışarkən, bunu nəzərdə tutduğu anlaşıla bilər. Lakin nazirin öz tabeliyində olan hərbçiləri belə bir şəkildə ittiham etməsi, birinci növbədə, onun bir nazir kimi öz fəaliyyətini layiqli şəkildə icra etməməsini üzə çıxarmış olur. Yəni bir növ nazirə ittiham olunub işdən çıxarılan zabitlərin təyin olunarkən və bu əməlləri törədərkən onun harada olduğu sualı verilməlidir. İndiyə kimi bu hərbçilərin hansı işlərlə məşğul olmasından nazirin xəbərdar olmaması da onun fəaliyyəti üçün qəbahətli cəhət hesab oluna bilər. İşdən çıxarılan zabitlərin törətdiyi əməllər, nəinki nazirə, eyni zamanda, bütün ordu rəhbərliyinə hətta ali baş komandana da məlum olduğu təqdirdə, onlar öz işlərində qalmış, öz iyrənc əməllərinii davam etdirmişlər. Məgər erməni ordusunda bir-birlərini güllələmə, zorakılıq, "dedovşina" haqqında xəbərləri za eşitmişik? Əlbəttə, bu, nə birinci, nə də sonuncu hadisədir. Lakin nədənsə indiyə kimi bu cür özbaşınalıqlar cavabsız qalmışdır. Bu zabitlər isə bundan ruhlanaraq öz əməllərini daha da yüksək şəkildə davam etdirmişlər. Ermənistan ordusunda neqativ halların günü-gündən çoxalması barədə yayılan məlumatlar da bunu deməyə əsas verir. Bu səbəbdəndir ki, erməni gənclər heç bir halda orduda xidmət etmək istəmirlər. Onlar bu və ya başqa yolla ordudan yayınmağa çalışırlar. Təbii ki, belə olan təqdirdə də, Ermənistan ordusunun komplektləşdirilməsi qeyri-mümkündür.
Ermənistan ordusunda olan vəziyyət yerli hərbi ekspertlər tərəfindən də mənfi qiymətləndirilir. Onlar açıq şəkildə Ermənistan ordusu üçün "dedovşina", rüşvətxorluq kimi halların xarakterik olduğunu bildirirlər. Ordunun ölkə daxilində bu cür təəssürat yaratması, əlbəttə ki, Ermənistan üçün xoşagəlməz hal hesab olunur. Belə bir vəziyyətin yaranması tək Ermənistan üçün yox, eyni zamanda, hər bir dövlət üçün xoşagəlməz hal hesab olunmalıdır. Ermənistanda isə durum daha da mürəkkəbdir. Belə ki, ordunun bu vəziyyətə düşməsində şəxsən ali baş komandan, prezident Serj Sarkisyanın əlinin olduğu bildirilir. Məhz onun sayəsində Ermənistan ordusunda özbaşınalığın baş alıb getdiyi qeyd olunmalıdır. Belə ki, özünə yaxın adamlardan topladığı bir dəstə insanla ordunu idarə etmək istəyən S.Sarkisyan ordudan öz şəxsi ambisiyalarına nail olmaq üçün istifadə etməkdədir. Ermənistanda iri oliqarxlar arasında mübarizənin açıq hal aldığı dövrdə S.Sarkisyanı bu meydandan kənarda təsəvvür etmək olmaz. Erməni oliqarxlara bir qrup silahlı insanların xidmət etdiyi halda Sarkisyan üçün bunu Ermənistan ordusu edir. Müxtəlif cinayətlər törətməklə həyata keçirilən bu fəaliyyətə bir növ cinayətkar bandanın başçısı kimi Sarkisyan rəhbərlik edir.
Yuxarıda sadalananları nəzərə alaraq, demək olar ki, bu gün erməni ordusu çox acınacaqlı bir vəziyyətdədir və ölkənin müdafiə qabiliyyətinin təmin olunması üçün heç bir iş görmək iqtidarında deyil. Bu mənada, Ermənistan rəsmilərinin ordunun gücü barədə verdikləri bəyanatları da tamamilə boş və mənasız hesab etmək olar.