PDF Oxu

Araşdırma

  • 6

Erməni ekspert: "Rusiya Ermənistanı sata bilər"

Erməni ekspert: "Rusiya Ermənistanı sata bilər"
"S 300PMU2" zenit raket kompleksinin iki batareyasını alan Azərbaycan regional silahlanmada radikal dəyişiklik yaradacaq". SİA-nın "news.am" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri hərbi ekspert Artsrun Hovhannisyan deyib. Ekspert informasiyanın təsdiq edilməməsinə baxmayaraq, rəsmi mənbələrin bu kimi hadisələrə münasibətdə sakit görünməsinin normal olduğunu bildirib.
Hərbi ekspert hesab edir ki, Rusiya onun strateji müttəfiqi olan Ermənistana izahat verməlidir. A.Hovhannisyanın fikrincə, bu razılaşma ticarətdən daha çox siyasi qərar anlamı daşıyır. "S 300PMU2"-lərin Azərbaycana satılacağı halda bunun Rusiyanın strateji tərəfdaşına xəyanət kimi qəbul ediləcəyini deyən ekspert rəsmi İrəvanın adekvat addımlar atmalı olduğunu söyləyib. Onun fikrincə, adekvat addımlar Ermənistanın hücum silahları almaq üçün üzünü Qərbə tutması ola bilər. Ekspert bunun labüd olduğunu qeyd edib.
Ekspert eyni zamanda hesab edir ki, sözügedən sistemlər müdafiə xarakterlidir və Ermənistan üçün ciddi qorxu törətmir. Hovhannisyanın sözlərinə görə, bununla belə köhnə hücum silahları (uçuş məsafəsi 500 kilometr və sürəti saniyədə 4-4,5 kilometr olan raketlər) əhəmiyyətini nisbətən itirəcək. O, regionda "S 300PMU2" sistemlərinin yerləşdirilməsi ilə hücum silahlarının keyfiyyətinin artırılmasına zərurət yaranacağını söyləyib.
Ekspertin iddiasına görə, "S 300PMU2" zenit-raket kompleksinin müdafiə gücünü zəiflətmək üçün "İskəndər E" reaktiv sisteminə, "MGM 140" taktiki reaktiv sisteminə və ya onların öz daşıyıcıları ilə güclü radioelektronik sistemlərinin alınmasına ehtiyac olacaq: "Bu sistemlər çox bahalıdır, ancaq milli təhlükəsizliyə zəmanət verməkdə heç bir alternativ yoxdur. Hava-yer tipli bəzi raketlər "S 300PMU2"-yə qarşı effeklidir, ancaq onlar güclü daşıyıcılar tələb edir".
Hərbi ekspertin fikirlərinə yer verilən xəbərdə Moskvadakı PVO "Almaz-Antey" şirkətinin konstruktor bürosu sisteminin baş direktoru İqor Aşurbəyli Azərbaycan tərəfdarı olan bir şəxs kimi tədqim edilir. Aşurbəylinin Bakıda doğulduğu və "S 400" layihəsi çərçivəsində böyük miqdarda vəsait mənimsədiyi diqqətə çatdırılır. Bununla belə onun vəzifəsində qalmasına Aşurbəylinin milyon dollarla ölçülən var-dövlətinin və şəxsi əlaqələrinin imkan verdiyi qeyd edilib.
İ.Aşurbəylinin Azərbaycana xidmət etdiyini vurğulanan xəbərdə, baş direktorun sayəsində azərbaycanlıların Rusiyanın hərbi məktəblərində təhsil aldığı bildirilib. Qeyd edək ki, PVO "Almaz-Antey" şirkəti sözügedən zenit-raket komplekslərinin satışına cavabdehlik daşıyır. Erməni agentliyi bununla belə, sistemin satışınına son qərarın Aşurbəyli deyıl, rəsmi Moskva tərəfindən verildiyini vurğulayıb.
Qeyd edək ki, "S 300PMU2" tanınmış "S 400 Triumf"un sınaq nümunəsidir, bununla belə hava hücumundan müdafiə sistemləri arasında ən güclülərdən hesab olunur. Sistem təyyarələrə və qanadlı raketlərə qarşı müdafiə olunmaqda mükəmməldir, 200 kilometlikdəki təyyarəni və 40 kilometrdəki ballistik raketləri zərərsizləşdirir.

Digər xəbərlər