PDF Oxu

Araşdırma

  • 8

Ermənistanda iqtisadi xaos bütün ölkəni əhatə edir

Ermənistanda iqtisadi xaos bütün ölkəni əhatə edir
Son illər Ermənistan Cənubi Qafqaz regionunda səfil ölkəyə çevrilib. Bu gün rusdan, fransızdan, amerikalıdan pul dilənən Ermənistana arabir verilən dilənçi payı da kömək etmir. Nəticədə Ermənistan iqtisadiyyatı ilbəil yox, aybaay yox, günbəgün çökməkdə davam edir. Bunu rəqəmlər də təsdiqləyir.
Belə ki, ötən il aprelin 1-dən Rusiya Ermənistana satdığı qazı bahalaşdırmaqla bu ölkədə gərgin olan sosial-iqtisadi vəziyyət daha da dərinləşdirdi. Ermənistan Rusiyadan aldığı qazın 1000 kubmetrinə əvvəlki kimi bu gün də 154 dollar deyil, 180 dollar ödəyir. Həmçinin, idxal qazının bahalaşması Ermənistanda mavi yanacağın pərakəndə satış qiymətinin bundan təqribən 2 dəfə çox, 37 faiz artması ilə nəticələndi. Ermənistanın ictimai xidmətlərin tənzimləməsi üzrə hökumət komissiyasının qəbul etdiyi qərara görə, 2009-cu il aprelin 1-dən əhali abunəçiləri mavi yanacağın min kubmetrinə görə 340, sənaye və kommersiya obyektləri isə 243 dollar ödəyirlər. Bu isə Ermənistandakı əksər siyasi qüvvələr tərəfindən narazılıqla qarşılanır.
Ekspertlər hesab edir ki, qazın bahalaşması bu gün digər məhsulların və xidmətlərin qiymətinin artımına səbəb olub. Məsələn, bu artım əsasən qazla işləyən avtobus və taksilərdə gediş haqlarının bahalaşmasına gətirib çıxarıb. Baş nazir Tiqran Sarkisyan da, etiraf edir ki, son qiymət artımı inflyasiyanın güclənməsinə təkan verəcək. Amma hökumət bunun aztəminatlı ailələrə təsirini kompensasiya edə bilmir.
Ermənistanın maliyyə naziri Tiqran Davtyan deyir ki, imkanlar arzularla üst-üstə düşmür: "Bizim imkanlarımız heç də həmişə arzularımızla üst-üstə düşmür. Ehtiyaclar çoxdur, əhalinin aztəminatlı təbəqəsinə sosial təsirləri azaltmaq üçün tədbirlər görülür. Amma bütün itkiləri, ehtiyacları 100 faiz kompensasiya etmək isə mümkün deyil".
Problemlər bununla da bitmir. Ötən il Ermənistan iqtisadiyyatına cəmi 933 milyon dollar investisiya qoyulub ki, bunun da əksəriyyəti Rusiya və İran şirkətlərinin payına düşüb. Ermənistan büdcəsinin investisiya imkanları isə yox dərəcəsindədir.
İqtisadçı-ekspert Qubad İbadoğlunun fikrinə görə Ermənistan iqtisadiyyatını qaldırmaq üçün, ilk növbədə, böyük investisiya və yardımlar var: "Bu investorlar Rusiya və İrandır. Onlar da böhrandan əziyyət çəkən ölkələr sırasında öndə gəlirlər. Ermənistan iqtisadiyyatına əvvəlki qədər investisiya yönəldə bilmirlər. İqtisadiyyatın özünün investisiya qoymaq imkanı azdır. Bu imkanlar cari xərclərin ödənilməsinə çatır. Ermənistanın xarici ticarət dövriyyəsində isə 2 milyard dollarlıq mənfi saldo yaranıb. Ötən il şirkətlərin də vəziyyəti pisləşib. 12 iri şirkətin mənfəəti azaldığından büdcəyə ödəmələr 400 milyon dollar kəsirlə icra olunub. Ötən il nəzərəçarpan artım qızıl istehsalının 2 dəfə artması olub".
Ötən il Ermənistan hökuməti əhalinin sayını sabit saxlamaq üçün ölkəyə yaşamağa gələnlərə məhdudiyyət qoymur. Biznes yaratmaq və investisiya qoymaq üçün Ermənistana üz tutanlara isə əlavə güzəştlər tətbiq edilir. Bu, azmış kimi, ermənilər mənfur niyyətlərindən əl çəkmir. İqtisadi vəziyyətin ağırlığına baxmayaraq, rəsmi Yerevan müdafiə xərclərini ilbəil artıraraq, büdcənin 25 faizinə çatdırıb. Üstəlik, bu il Qarabağdakı separatçı quruma büdcədən 82,5 milyon dollar vəsait ayrılıb. Bu pullar işğal altında olan Azərbaycan ərazilərində yeni evlərin tikilməsi və təsərrüfatların yaradılmasına xərclənəcək. 5 il müddətinə ayrılan belə kreditlər illik 5 faizlə veriləcək. Bütün bunlara baxmayaraq, Ermənistan iqtisadiyyatının perspektivi qaranlıqdır. Düzdür, rəsmi Yerevan bu il 2 faiz iqtisadi artım olacağını proqnozlaşdırır. Amma mütəxəssislər iqtisadiyyatın təxminən bu qədər tənəzzülə uğrayacağı qənaətindədir. Ekspertlərin fkrincə, Ermənistanda belə vəziyyətin yaranmasının bir səbəbi iqtisadi böhranın təsirləridirsə, digəri ölkə rəhbərliyinin yarıtmaz siyasətidir. Çünki bu siyasət nəticəsində Ermənistan regional layihələrdən tamamilə kənarda qalıb.

Digər xəbərlər