PDF Oxu

Araşdırma

  • 12

Ermənistan ordusunun dözülməz vəziyyəti...

Ermənistan ordusunun dözülməz vəziyyəti...
Ermənistan ordusunda baş qaldıran acınacaqlı durum artıq son dövrlərdə özünün daha da aktivləşməsi ilə yadda qalmaqdadır. İyul ayının 29-da Ermənistan ordusunda baş vermiş qanlı olay orduda olan ziddiyyətləri daha açıq şəkildə ortaya qoymuş oldu. Belə ki, ölümlə nəticələnən bu olay əsgərlər arasında baş vermiş atışma ilə müşahidə olunmuşdu. Daha maraqlısı isə ondan ibarətdir ki, aparılan araşdırma nəticəsində məlum olub ki, orduda münaqişə əsgərlərin təhqir olunması ilə bağlı olub.
Ordudakı özbaşınalıqlar son dövrlərdə ən son həddə çatıb. Təsadüfi deyil ki, artıq ölkədə müvafiq idarələr tərəfindən də bu hal etiraf edilməkdədir. Ölkənin müdafiə qabiliyyətini azaldan bu hallar son nəticədə Ermənistan ordusunun dağılmasına və bir ordu kimi fəaliyyətsiz qalmasına öz təsirini göstərməkdədir. Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan ordusunda baş vermiş son qanlı olay məhz "dedovşina" faktı ilə əlaqədardır. Ermənistan ordusunda təhqiretmə və zorlama kimi hallar geniş yayılmışdır. Bu səbəbdən bəzən erməni gəncləri ordudan xidmət etməkdən boyun qaçırır və yaxud da hərbi xidmətdə olanlar bu vəziyyətdən şikayət edirlər. "Böyük"lərin orduya yeni gəlmiş gənc əsgərlər üzərində özbaşınalıqlar törətməsi ordunu zəiflədən amillər sırasındadır. Son atışmanın da bununla bağlı olduğunun bildirilməsi Ermənistan ordusuna və ümumiyyətlə, Ermənistan dövlətinin nüfuzuna xələl gətirən amillərdəndir. Belə halların daha çox Dağlıq Qarabağ ərazisində qeydə alınması müşahidə olunur ki, buna da yerli və gəlmə əsgərlər arasında baş verən olaylar misal göstərilə bilər. Yəni Dağlıq Qarabağ erməniləri Ermənistandan gəlmiş ermənilərlə yola getmir, onları burada alçaltmağa çalışırlar. Bu kimi hallar, əlbəttə ki, hakim orqanları narahat etməyə bilməz. Bu səbəbdəndir ki, indiyə kimi onlar öz fəaliyyətlərində bu kimi halları gizlətməyə çalışır, bu məsələlərin geniş ictimaiyyətə açılmasından narahatlıq keçirirdilər. Görünür, bu dəfə vəziyyət elə bir həddə çatıb ki, artıq hadisənin üstünü ört-basdır eləmək mümkün olmayıb.
Ermənistan ordusunda baş qaldıran digər neqativ hal isə ondan ibarətdir ki, erməni gəncləri ordudan yayınmaqla məşğuldurlar. Onlar Ermənistan ordusunda xidmət etməmək üçün müxtəlif üsullara əl atırlar. Bəziləri ölkədən çıxır, bəziləri isə rüşvət verməklə öz canlarını qurtarmış olurlar. Heç təsadüfi deyil ki, bu gün dünyada xarici ölkələrdə qaçqın statusu altında yaşayan millətlərdən daha çox ermənilərin adı çəkilir. Əgər onların bir qismi Ermənistandakı işsizlik üzündən bu yola baş vurursa, digər bir hissəsi isə məhz ordudan yayınmaq üçün bu statusu almağa cəhd edir. Hətta vəziyyət o həddə çatıb ki, orduda olan əsgərlər də xidmət etməkdən boyun qaçıraraq fərarilik yolu ilə müharibə vəziyyətində olduqları ölkənin-Azərbaycanın ərazisinə belə keçməyə çalışırlar. Onlar orduda olan acınacaqlı durumu səbəb göstərərək, bu yola baş vurduqlarını açıqlayırlar.
Bütün bu faktlar bir daha onu göstərir ki, Ermənistan ordusu getdikcə daha acınacaqlı vəziyyətə düşməkdədir. Bunun başlıca səbəbləri sırasında isə ölkə hakimiyyətinin səriştəsizliyi və aparılan Qarabağ müharibəsi göstərilir. Məhz mövcud hakimiyyətin yeritdiyi bu siyasət ölkənin iqtisadi dayaqlarını sarsıtmaqla yanaşı, müdafiə qabiliyyətini də itirməsinə səbəb olur. Artıq heç bir hərbi potensialı qalmayan Ermənistan dövləti yenidən əl açıb öz xarici himayədarlarından ianə gözləyir. Belə məqamda isə bu dövlətlərin demokratik prinsipləri və beynəlxalq normaları üstün tutaraq belə bir yola getməmələri daha məqsədəuyğundur. Lakin təəssüf ki, Ermənistanın himayədarı rolunda çıxış edən Rusiya dövləti bu sahədə də öz "yardımı"nı göstərməyə çalışır. Belə ki, Rusiya ilə Ermənistan arasında imzalanması gözlənən yeni protokol layihəsinə görə, Gümrüdəki 102 saylı hərbi baza yalnız Rusiyanın maraqlarını qorumayacaq, eyni zamanda, Ermənistan Silahlı Qüvvələri ilə birlikdə bu ölkənin təhlükəsizliyini təmin edəcək. Çox təəssüf ki, bu layihə Rusiyanın Ermənistanı müasir silahlarla və texnika ilə təchiz etməsinə müsbət zəmin yaratmış olacaq. Bu isə artıq heç bir texniki imkanı qalmayan Ermənistan ordusunun yenidən canlandırılması deməkdir ki, bu da onun yeritdiyi siyasətin daha da möhkəmlənməsinə səbəb olacaq.

Digər xəbərlər