PDF Oxu

Araşdırma

  • 9

Ermənistan korrupsiya bataqlığında

Ermənistan korrupsiya bataqlığında
Cənubi Qafqaz ölkələrinin siyasi-iqtisadi, sosial-mədəni inkişafı ilə bağlı dünya mediasında maraqlı məlumatlar yayımlanır. Məqalələrdə qeyd olunur ki, bölgədə mövcud 3 ölkənin fərqli inkişaf və yaşam modelləri mövcuddur. Azərbaycanın sürətli və davamlı inkişafı, Gürcüstanın tədricən böhranlı durumdan çıxması fonunda Ermənistanın getdikcə daha ağır duruma düşməsi faktlarla ortaya qoyulur. Bu faktları həm də erməni sahibkarları da qeyd edir və erməni mediası da yayır.
"Ermənistanda qeydə alınmış 125 min müəssisənin yarısı işləmir". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Synopsis Armenia" şirkətinin rəhbəri Hovik Musayelyan Ermənistanın iqtisadi vəziyyəti ilə bağlı məsələlərin müzakirə edildiyi dəyirmi masada bildirib.
Müəssisələrin işləməməsinin əsas səbəblərdən birinin kreditlərin yüksək faizlərlə verilməsinin olduğunu bildirən şirkət rəhbəri Ermənistan və Gürcüstan iqtisadiyyatını müqayisə edib. Gürcüstanda daha aşağı korrupsiya risklərinin qeydə alındığını deyən Musayelyan bu baxımından Ermənistanın qonşusundan öyrənməli çox şeyin olduğunu dilə gətirib.
Ermənistanda güc strukturları kriminallaşaraq öz mənfəəti üçün iqtisadi sferada maliyyə fırıldaqları prinsipi ilə işləyir. Ölkədə cinayətkar piramida yaranıb. Hakimiyyətin yuxarı eşalonu ölkə maliyyə aktivlərinin və müəssisələrinin 95%-nə nəzarət edirsə, onda necə olmalıdır ki?
Rusiyanın nüfuzlu nəşrlərinə açıqlamalar verən, Ermənistan Milli Klubunun rəhbəri "Miabanutyun" Smbat Qaraxanyanın verdiyi məlumata görə, Ermənistan hakimiyyətinin yuxarı eşelonunda yer almış bandokratlar eyni zamanda, qeyri-qanuni trafiklərə, ümumi maliyyə axınının 90 faizinə nəzarət edirlər. "Ermənistanda rəhbərliyindən asılı olmayaraq, dövlətin milli maraqlarını, ərazi bütövlüyünü və sadə vətəndaşların hüquqlarını müdafiə edən dövlətçilik qurulmayıb"- deyə, S.Qaraxanyan bildirib.
2006-cı ildən erməni milyonçularının siyahısını dərc edən "Forbs-Ermənistan" jurnalının siyahısında ölkənin ən iri milyonçularının prezident başda olmaqla dövlət rəhbərliyində təmsil olunan yüksək rütbəli məmurlar olduğu ortaya qoyulub.
"Ermənistan iqtidarı, öz xalqına qarşı vergi terroru həyata keçirir və xalqın son qəpiklərini də əlindən alır". SİA-nın news.am-a istinadən verdiyi məlumata görə, bu fikirləri Ermənistan İrs Partiyasının lideri, millət vəkili Armen Martirosyan parlamentin iclasında səsləndirib.
Ermənistanın çirkli kapitalı oliqarxlar və yüksək rütbəli məmurlar tərəfindən ölkədən çıxarılır və Avropaya yerləşdirilir. Həmin pullar xarici ölkələrdə gizlədilir və Cənubi Avropada, Balkanlarda, İsraildə, Türkiyədə daşınmaz əmlak alınır. Ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrinin bu cinayətkar klanın nəzarətində olduğunu sadə ermənilər də yaxşı bilir.
İqtisadi böhran keçirən Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qeyri-qanuni istismarı ilə gəlir əldə etməyə çalışır. BMT-nin son statistikasına görə əhalinin yarıdan çoxu yoxsulluq durumunda yaşayan Ermənistanda həm də sosial böhran yaşanır.
Ermənistanın 2010-cu ilin birinci yarımilinin yekunu ilə bağlı hesabata görə ÜDM-in azalmasına görə MDB ölkələri arasında 1-ci yeri tutur. Ekspertlərin fikrincə, korrupsiya və kriminalın hökm sürdüyü bir ölkədə belə də olmalıdır.
Beynəlxalq maliyə qurumarının son hesablamaları göstərir ki, 2010-cu ilin yekunu Ermənistan iqtisadiyyatı üçün daha ağır olacaq. MDB Statistika Komitəsinin proqnozlarına görə, Ermənistanın iqtisadiyyatı 20 faiz geriləyib. ÜDM 81,6 faiz, o cümlədən sənaye istehsalı 88,1, kənd təsərrüfatı 97,5, əsas kapitala yatırılan sərmayə 46,5 faiz yerinə yetirilib. Komitənin hesabatında o da vurğulanır ki, Ermənistanın digər ölkələrə məhsul ixracı 47, idxal isə 30 faizdən çox azalıb. Hazırda Ermənistan idxal hesabına yaşıyır, işsizlərin sayı isə durmadan artır.
"İrs" parlament fraksiyasının deputatı Armen Martirosyan Ermənistanın kənd təsərrüfatı siyasətini tənqid edib. Onun sözlərinə görə, Ermənistanda ərzaq təhlükəsizliyilə bağlı heç bir tədbir görülməyir.
Erməni Milli Konqresinin (EMK) koordinatoru Levon Zurabyan isə deyib ki, Ermənistan bahaçılıq və səfillik dövrünü yaşayır: "Yoxsulluğa yönələn bu siyası taktika Ermənistanı uçuruma aparacaq. Quldur dövlət kimi fəaliyyət göstərən rəsmi Yerevan siyasi baxımdan heç nəyə qadir deyil".
Müxtəlif versiyalara görə, təkcə Rusiyada 1 milyona yaxın Ermənistan vətəndaşı ailəsini dolandırmaq, acından ölməmək üçün çalışır. Ermənistanın sabiq iqtisadi inkişaf naziri Levon Barhudaryan isə deyir ki, 2010-cu ildə iş dalınca xarici ölkələrə üz tutan ermənilərin sayı daha çox olacaq.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quteresa hesabatında bildirir ki, ötən il Ermənistandan xarici ölkələrdə sığınacaq almaq üçün 6226 nəfər təşkilata müraciət edib. Hesabatda göstərilir ki, müraciət olunan ölkələrdən 38 Avropa, 6 qeyri-Avropa dövlətləridir.
Hollandiya, Polşa, Slovakiya, Bolqariya, Avstriya və Fransa ermənilərə qaçqın kimi ən çox sığınacaq verən ölkələrdirlər.
Ümumiyyətlə, son vaxtlar bölgədə yaşanan siyasi və iqtisadi proseslər Ermənistanın xeyrinə cərəyan etmir. Bunu artıq Yerevanda da yaxşı anlayırlar. Erməni xalqı isə qəddar rejimin əlindən zinhara gəlib və ilk imkanda bu terrorçu rejimi devirəcək. Çünki su meymunun boğazına çıxanda...

Digər xəbərlər