Ermənistan ordusu cinayətkar qruplara çevrilir
Cənubi Qafqaz regionunda müstəqilliyini tamamilə itirmiş və bütün sahələrdə inkişafdan geri qalan Ermənistanda böhranlı vəziyyət davam etməkdədir. Ermənistanda hərbi tənəzzül daha rüsvayçı hal alıb və diqqətçəkən sahəyə çevrilib. Müharibə vəziyyətində olduğumuz işğalçı ölkənin hərbi durumu və müdafiə potensialı barədə müntəzəm olaraq geriləmə xəbərləri daxil olmaqdadır.
Ermənistan ordusunun vəziyyəti barədə Ermənistan daxilində də müxtəlif söz-söhbətlər yayılmaqdadır. Belə ki, artıq ölkə rəhbərliyi də Ermənistan ordusunun qənaətbəxş səviyyədə olmaması və bu vəziyyətin getdikcə dərinləşməsinin konkret rəqəmlərlə və faktlarla etiraf edirlər. Xatırladaq ki, bir müddət bundan öncə, Ermənistan Müdafiə Nazirliyi Ermənistan ordusunun komplektləşdirilə bilməməsi barədə bəyanat vermişdi. Bundan sonra bu problemin aradan qaldırılması istiqamətində müəyyən işlər görməyə çalışan Ermənistan dövləti nəticəsiz qalan addımlara əl atmışdır. İlk növbədə, gənclərə ali məktəblərdə təhsil almaq üçün verilən müddəti ləğv edən Ermənistan dövlətinin bu addımı ölkə daxilində böyük etirazla qarşılanmışdır. Bu cəhdin alınmadığını görən Ermənistan rəhbərliyi artıq orduda xidmət yaşını keçmiş şəxsləri yenidən orduya cəlb etməyə başlamışdır. Lakin bu addımın da nəticəsiz qalması hələ də Ermənistan ordusunun komplektləşdirilməməsinə səbəb olmuşdur.
Ermənistan ordusunda olan digər bir problem ondan ibarətdir ki, orduda fərarilik və ordudan yayınma halları da kütləvi xarakter alıb. Gənclərin orduda xidmət etməmək üçün müxtəlif yollara əl atması Ermənistan ordusunun dağınıq vəziyyətə düşməsinə səbəb olmuşdur. Onlar bu məqsədlə ya ölkədən çıxır, ya rüşvət verib xilas olur və yaxud da saxta sənədlər düzəldirlər. Burada xüsusilə rüşvət məsələsinə toxunmaq lazımdır ki, bu da təkcə orduda deyil, ümumiyyətlə, Ermənistan cəmiyyətində tüğyan edən bir məsələdir. Əlbəttə, rüşvətin bu səviyyədə qalxması heç bir irəliləyişə gətirib çıxara bilməz. Əksinə, Ermənistan ordusunu daha da zəiflədən amil olaraq qeyd oluna bilər. Xüsusilə, ermənilərin Dağlıq Qarabağda xidmət etməkdən imtina etmələri onların bu qeyri-qanuni yollara əl atmasına səbəb olur. Dağlıq Qarabağda mövcud durumun orduya da sirayət etməsi Ermənistanın təmas xəttində yerləşdirilən silahlı qüvvələrinin getdikcə zəifləməsinə gətirib çıxarır. Dəfələrlə Ermənistan-Azərbaycan cəbhəsindən Azərbaycan ərazisinə qaçaraq keçmiş erməni əsgərləri öz durumlarından şikayət etmiş, aclıq və susuzluğun, zorakılığın onların fərari olmasını şərtləndirdiyini bildirmişlər.
Digər bir tərəfdən isə "dedovşina" hallarının qeydə alınması da Ermənistanın müdafiə qabiliyyətini azaldan məsələlərdəndir. Belə ki, orduya yeni gələn gənclərin "böyük"lər tərəfindən sıxışdırılması, onlara qarşı təzyiqlərin tətbiq olunması məsələsi Ermənistan ordusunda problemlərin yaranmasına gətirib çıxarır. Hətta orduda təcavüzkarlıq kimi hallar da baş alıb getməkdədir. Məsələ burasındadır ki, təcavüzə məruz qalan erməni əsgərlərinin şikayət etməyə yeri də yoxdur. Nəzərə alsaq ki, belə hallar daha çox Dağlıq Qarabağda qeydə alınır, onda bunu da başa düşmək olar. Belə ki, Dağlıq Qarabağda ermənilər tərəfindən özbaşınalığın hökm sürməsi, heç bir hüquq-mühafizə orqanının fəaliyyət göstərməməsi bu cür neqativ halların baş verməsinə çox münbit şərait yaradır. Belə olan təqdirdə, nəinki orduda hansısa bir nizam-intizamdan danışmaq olmaz, heç ölkə ərazisində ümumi sabitliyin bərqərar olmasından da söz açmağa dəyməz.
Ermənistan büdcəsinin azlığı da ordunun zəifləməsinə təsir göstərən amillərdəndir. Belə ki, orduya ayrılan vəsaitin az olmasını şərtləndirən bu amil ordunu daha da zəiflədir.
Yuxarıda qeyd olunan məqamları nəzərə alsaq, demək olar ki, bu gün onsuz da zəifləmiş Ermənistan ordusu günü-gündən daha da geriləməkdədir. Bu geriləmənin əsas səbəbkarı kimi isə dövlətin günahlandırılması daha düzgün olardı. Düzgün aparılmayan siyasət, bütün sahələrdə böhrana səbəb olduğu kimi, ordunun da artıq öz yolundan çıxmasına, onun acınacaqlı vəziyyətə düşməsinə səbəb olur. Əlbəttə, bu məsələ ölkə daxilində ört-basdır edilsə də beynəlxalq ictimaiyyətin bu məsələlərdən kifayət qədər xəbəri var və onlar barədə ölçü götürmək də məhz beynəlxalq təşkilatların öhdəsinə düşən məsələdir. Lakin bu tendensiya hələ müşahidə olunmasa da Ermənistan ordusunun tənəzzülünün qarşısını almaq mümkün deyil.