Müsavatla AXCP (i)-nin mitinqi mümkünsüzdür
Məlum olduğu kimi, Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov birlikdə məsləhətləşərək, 31 iyulda mitinq keçirmək iştahasına düşüblər. Onlarda bu cür gerçəkləşməyən arzular tez-tez yaranır. İ.Qəmbərov yenə də bu mitinqlərin icazə verilməyən yerlərdə keçiriləcəyini bildirib. Çox qəribə fikir yaranır. Belə ki, qanunun, icazənin nə olduğunu dərk etməyənlər bu gün qanundan danışırlar. Digər bir məna isə, siyasi meydana atıldıqları gündən bir-birilərinin ətini yeyən İsa Qəmbərovla Əli Kərimovun birgə mitinq keçirmələri də qəribəlik yaradır. Parlament seçkiərəfəsi özlərini elə göstərirlər ki, guya bir-birlərinə "can deyib, can eşitdikləri" üçün "Yurd" şefi ilə Müsavat başqanı birlikdə fəaliyyət göstərmək qərarına gəliblər. Ancaq atalar demişkən "arxı hoppanmamış bərəkallah deməzlər".
Dünən "Ümid" partiyasının sədri İqbal Ağazadə açıqlamasında bildirib ki, hər iki lider - İsa ilə Əlinin birləşməsi mümkünsüzdür. Onlar yenə də həyasızlıqlarından əl çəkmirlər. Seçkiərəfəsi belə fikirlər söyləməklə həm özlərini və həm də funksionerləri aldadırlar. Çünki Ə.Kərimovla İ.Qəmbərov heç vaxt birləşməyəcək və AXCP (i) - Müsavat birliyi baş tutmayacaq. Onların aralarında olan və bitib-tükənməyən ədavət, kin və nifrət qətiyyən birləşmələrinə imkan yaratmayacaq. Əgər nəzəri cəhətdən hesab etsək ki, bu birlik baş tutacaq, o halda birləşmə əvəzinə, daha böyük parçalanma olacaq. Amma əminəm ki, bu birlik olmayacaq".
İ.Ağazadə partiyalar arasında birliyə mane olan proseslərə və gələcəyə baxışda ciddi fərqlərin olduğunu da söyləyib: "AXCP (i) ilə Müsavat Partiyasının iddia etdikləri kimi, baxışları nə qədər eynidirsə, "Ümid" partiyasının baxışları da bir o qədər fərqlidir. Mən şəxsi münasibətlərin siyasətə ötürülməsinin tərəfdarı deyiləm. Bu, əslində, demokratiyanın ana xətlərindən biri olan konsensusa ziddir. Bu gün bu proseslərdə qeyd etdiyimiz partiyalar şəxsi münasibətləri siyasətə daşıyırlar. Azərbaycanın gələcəyinə baxışda siyasi partiyaların baxışları bir-birindən o qədər də fərqlənmir".
Bir məsələni də qeyd etmək lazımdır ki, İ.Ağazadə sonda onu da bildirib ki, İ.Qəmbərov Ə.Kərimovla birlikdə mitinq keçirməyi, bu gün də istəmir. Bu hadisənin dəfələrlə şahidi olmuşuq. Çünki Müsavat başqanı "Yurd" şefini müxalifətin üz qarası adlandırıb. Ona görə də belələrinin birləşməsi nəinki mümkündür, həm də onlar müxalifət üçün qara ləkədir: "Ona görə də parlament seçkilərinə qədər AXCP (i) ilə Müsavatın birləşməsi baş tutmayacaq və onların bir qurum kimi parçalanmasına nail olacağam".
Göründüyü kimi, müxalifətin onsuz da az olan gücü və resursu özlərinin daxili problemlərini həll etməyə yönəlir. Bu isə, onu sübut edir ki, çəkişmələr, didişmələrlə məşğul olan müxalifət "birləşmək" və "qurmaq"dan çox uzaqdadır.