Son vaxtlar dünyada gedən siyasi və iqtisadi proseslər bəzi ölkələrdə faciəli durum yaradıb. Ən ağır durumda olan ölkələrdən biri də Ermənistandır. Xarici siyasətdə Azərbaycana ardıcıl məğlubiyyətə uğrayan Ermənistanda siyasi, sosial, iqtisadi, hərbi böhran da güclənir. Bu fakt işağlçı ölkəni danışıqlar prosesində dalana dirəyib.
Yerevan son vaxtlar erməni müxalifətinin və sadə xalqın hakimiyyətlə mübarizə meydanına çevrilib. Hakimiyyət isə, güc strukturlarının resurslarını xalqın etiraz aksiyalarını yatırmağa sərf edir. Müxalifət ölkənin yarıtmaz hakimiyyətini sərt ittiham edir.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hesab edir ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Qarabağ münaqişəsi həllini tapmadan və Türkiyə-Ermənistan münasibətləri tənzimlənmədən ölkənin iqtisadi, təhlükəsizlik demoqrafiya sahəsində perspektivinin yaxşılaşması mümkün deyil. Lent.az-ın "tert.am" saytına istinadən verdiyi məlumata görə, Levon Ter-Petrosyan bunu Ermənistan Ümummilli Hərəkatının 16-cı qurultayındakı çıxışında söyləyib.
Levon Tekr-Petrosyan qeyd edib ki, hələ Qarabağ problemi həllini tapmadığı üçün müharibənin yenidən başlanması ehtimalını istisna etmək olmaz: "Ermənistan hakimiyyəti bu gün son diplomatik imkanlardan istifadə edir. Ancaq istisna deyil ki, münaqişənin həllinin uzadılması halında vəziyyət nəzarətdən çıxa bilər. Ermənistan olmasa da, Azərbaycan münaqişənin hərbi yolla həlli planını nəzərdə tuta bilər. Ermənistan da öz ərazisini itirsəydi, belə fikirləşərdi".
Ermənistanın ilk prezidenti vurğulayıb ki, müharibənin, keçmişdə olduğu kimi, sabah da başlaması ehtimalı yüksəkdir: "Ermənistan hakimiyyəti bu məsələdə xalq qarşısında vicdanlı olmalıdır. Türklərin və çarların "ermənilərsiz Ermənistan" arzusunu həyata keçirəcəyimiz gün uzaq deyil. Ermənistan əhalisinin qəfil azalması bunu sübut edir. Mən status-kvonun saxlanılmasının əleyhinə deyiləm, ancaq bu, bir suala cavab verməlidir: Ermənistan hakimiyyəti davam edən miqrasiya prosesini necə dayandırmağa hazırlaşır? Siyasi xarakter daşımayan bu sual cavabsızdır".
Levon Ter-Petrosyanın sözlərinə görə, Qarabağ münaqişəsi həllini tapmayana qədər Türkiyə-Ermənistan münasibətləri tənzimlənə bilməz: "Türkiyə hakimiyyəti bu barədə neçə dəfə danışmalıdır ki, nəhayət, başa düşülsün".
Siyasi fiaskoyla yanaşı, işğalçı ölkədə iqtisadi və sosial böhran da dərinləşir. Belə ki, əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayan ölkədə milli iqtisadiyyat çökməkdə, işsizlik kütləvi xarakter almaqdadır. Bunu şərtləndirən əsas səbəblərdən biri də hakimiyyət başında olan terrorçu rejimin xalqın problemlərini həll etmək iqtidarında olmamasıdır.
Artıq çoxdan bəllidir ki, Ermənistanda bütün istehsal və xidmət sahələri bir qrup oliqarxın monopoliyasındadır. Ölkəyə daxil olan və ya ixrac olunan məhsulların miqdarı, onların qiyməti məhz həmin bandokratların iradəsindən asılı olur. Ölkə QHT-lərinin araşdırmalarına görə, Ermənistanda ÜDM-in 90 faizi 5-10 faiz təşkil edən varlı təbəqənin əlində cəmləşib.
Ermənistan əhalisinin gəlirlərilə qiymət artımı arasında böyük uçurum formalaşır. Ona görə də, sadə ermənistanlıların sosial-iqtisadi durumu getdikcə aşağı düşür. Bütün faktlar isə onu göstərir ki, Ermənistan sosial partlayışın bir addımlığındadır. Bu baxımdan da, söylənilən fikirlərin təsdiqi üçün faktlara keçmək lazımdır. Belə ki, bir ölkənin daxilində ağır sosial-iqtisadi mənzərəni sübut edən amillərdən biri məhz demoqrafik deqradasiyadır.
Qeyd edək ki, Ermənistandakı demoqrafik durum, həqiqətən də, acınacaqlıdır. Əgər belə davam edərsə, bir neçə onillikdən sonra Ermənistanda əhalisi daha 50 faiz azalacaq. Artıq bununla əlaqədar olaraq, beynəlxalq təşkilatlar da Emənistanı xəbərdarlıq edirlər. BMT-nin Ermənistandakı koordinatoru Dafina Qerçevanın sözlərinə görə, Ermənistandan 1991-ci ildən bu günə qədər 1,3 milyon nəfər emiqrasiya edib: "Miqrasiya prosesləri bu ölkədə məhz sosial-iqtisadi vəziyyətin ağır olması, işsizliyin baş alıb getməsilə bağlıdır".
BMT nümayəndəsinin fikrincə, miqrasiya axını ən çox şəhərlərdə qeydə alınıb: "Bunun əsas səbəbini Ermənistandakı ağır sosial-iqtisadi şəraitdə axtarmaq lazımdır. Çünki miqrasiya ilə ölkənin inkişafı bir-birilə bağlı məsələlərdir".
Ölkədə iqtisadi durumun ağırlaşması nəticəsində işsizlik də artır. Ermənistanın əmək və sosial məsələlər naziliyinin "Dövlət məşğulluq xidməti" agentliyinin rəhbəri Sona Arutyunyan deyib ki, ötən illə müqayisədə bu il Ermənistanda işsizlik daha 10 faiz artıb. Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizlik 30 faizə qədər artıb. Rəsmi məlumatlara görə, işsizlərin 56 faizini 31-50 yaş həddində olanlar, 70 faizini isə qadınlar təşkil edir. Bu isə onu göstərir ki, Ermənistanda monopoliyada olan hər bir sahədə böhran hökm sürür. Bu da, birbaşa olaraq, əhalinin yaşayış səviyyəsinə təsir göstərir. Yəni, əgər bu gün Ermənistanda 31-50 yaş arasındakı kişilər və qadınlar iş tapa bilmirlərsə, demək onların ailələrinin vəziyyəti həddindən artıq ağırdır. Bu isə, o deməkdir ki, Ermənistanın əhalisinin 80-85 faizi kasıb vəziyyətdə yaşayır.
Bütövlükdə götürdükdə isə, demək olar ki, Ermənistanda cəmiyyət iki təbəqədən ibarətdir: çox varlılar və kasıblar. Faktlardan da görünür ki, Ermənistanda ÜDM-in 90 faizi məhz həmin 5-10 faiz varlılar təbəqəsinin əlində cəmləşib. Bütün bunlar isə Ermənistanda sosial partlayışın yaxınlaşdığına işarədir. Sosial-iqtisadi sferada hökm sürən böhran özünü siyasi sistemin sabitlik durumunda da da göstərir.
Forpost ölkənin düşdüyü durum göstərir ki, başında terrorçu rejimin durduğu dövlətin aqibəti acınacaqlı olur. Bu rejim Azərbaycana qarşı terror həyata keçirməklə kifayətlənməyib, indi də öz xalqına qarşı terror həyata keçirir. Məzlum erməni xalqı isə artıq cana yığılıb, bu narazı kütlənin sayı hər gün artır.
Çox böyük ehtimalla yaxın zamanda "Azərbaycan torpaqlarının işğalı naminə erməni xalqını məhvə sürükləyənlərə ölüm" kimi şüarlarla ayağa qalxan xalq bu qəddar və cinayətkar rejimi tarix səhnəsindən silib atacaq.