PDF Oxu

Araşdırma

  • 10

"Quzey Kıprız və Kıprız türkləri" kitabının təqdimat mərasimi keçirildi

"Quzey Kıprız və Kıprız türkləri" kitabının təqdimat mərasimi keçirildi
Atatürk Mərkəzində "Quzey Kıprız və Kıprız türkləri" kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Milli Məclisin deputatları, tanınmış qələm sahibləri, Şimali Kiprin Bakıdakı nümayəndəliyinin təmsilçiləri və digər rəsmi şəxslər iştirak edirdilər. Kitabda Şimali Kipr türklərinin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatı haqqında oxuculara geniş məlumat verilib. Həmçinin, bu adanın tarixi, coğrafi mövqeyi, təbii qaynaqları, turizm obyektləri haqqında məlumatlar da maraqlı və yığcam şəkildə oxucuya təqdim edilib. "Quzey Kıprız və Kıprız türkləri" kitabı Şimali Kipr türklərinin malik olduğu dəyərləri, yaratmış və yazmış olduqları tarixi əks etdirməklə yanaşı, hər bir türk insanının ortaq dəyərlərini də öz səhifələrində cəmləmişdir. Kitabın məsləhətçisi Şimali Kipr türklərinin Bakıdakı təmsilçisi Zəki Qazioğlu, redaktoru Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalıdır. "Elm və təhsil" nəşriyyatında, yüksək tərtibatla və xüsusi zövqlə çap edilmiş 164 səhifəlik kitabın müəllifi Milli Məclisin deputatı Qənirə Paşayevadır. Toplunun əsas qayəsi Azərbaycan vətəndaşlarının Şimali Kipr türklərinə bəslədiyi sevginin məlumat-informasiya təminatını gücləndirmək və xalqlar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə nail olmaqdır. Həmçinin, bu nəşr növbəti kitablar üçün bir növ qaynaq, mənbə rolunu oynayacaqdır. Kitabın yazılması ada haqqında ətraflı və dolğun məlumat toplusu yaratmaqla yanaşı, türk gənclərinin birliyinə, sabaha inamına və xoşbəxt yaşamasına xidmət edən ideya, məqsəd və məramdan doğmuşdur. Hər bir oxucu adanın ərazisində mövcud olan qədim abidələrlə, burada yaşayan türklərin qonaqpərvərliyi ilə yaxından tanış olduqdan sonra bu yerləri ziyarət etmək arzusu ilə yaşayacaqdır. "Quzey Kıprız və Kıprız türkləri" kitabı adanın dünəni və bu günü haqqında məlumat əldə etmək istəyən hər bir oxucu üçün dəyərli mənbə olacaqdır. Bir məqamı da qeyd edək ki, bu topluda Şimali Kipr türklərinin təkcə dili, dini, tarixi, döyüş və mübarizə əzmi yer almamışdır. Burada həm də ərazidə yaşayanların məişəti, qida mədəniyyəti, digər xalqların nümayəndələrinə qarşı diqqət və qayğısı da dolğunluqla əks olunmuşdur.

Digər xəbərlər