Ermənistan münaqişənin tənzimlənməsi prosesinə mane olur
Məlum olduğu kimi, iyul ayının 16-17-də Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilmişdir. Toplantının əhəmiyyətli məqamı ondan ibarət idi ki, burada, həmçinin, Azərbaycan və Ermənistan xarici işləri nazirləri arasında Minsk qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə görüş də keçirilib. Görüş həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə baş tutub. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keçirilən bu görüş iki ölkə arasında mövcud olan razılaşdırılmamış məqamları aradan qaldırmaq məqsədi güdürdü. Lakin gözləntilərin əksinə olaraq, görüş heç bir nəticə vermədi. Xarici işlər nazirlərinin və həmsədrlərin bəyanatları bunu deməyə əsas verir.
İlk növbədə, onu qeyd etmək lazımdır ki, xarici işlər nazirlərinin görüşündən öncə bu görüşə ümidlər böyük idi. Artıq həmsədrlər tərəfindən verilmiş təkliflərin razılaşdırılması ilə bağlı müzakirələrin gedəcəyi və son nəticənin əldə olunması üçün razılığa gəlinməsi nəzərdə tutulurdu. Əlbəttə ki, burada söhbət yenilənmiş Madrid prinsipləri əsasında mərhələli həll planının həyata keçirilməsindən gedir. Yəni artıq tərəflər arasında razılaşdırılmış "5+2" formatında torpaqların işğaldan azad olunması məsələsi prioritet kimi müzakirə masasına qoyulmalı idi.
Xarici işlər nazirləri görüşdən sonra verdikləri bəyanatda görüşün nəticəsiz qaldığını və heç bir razılığın əldə olunmadığını bildirdilər. Tərəflər bunun səbəbini bir-birlərinin üstünə atsalar da Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi yenidən özünü göstərib. Belə ki, E.Məmmədyarov görüşə münasibətini bildirərkən heç bir nəticənin əldə olunmamasının məhz E.Nalbandyanın ortaya çıxardığı müzakirə obyekti olmayan məsələlərilə bağlı olduğunu bildirib. E.Nalbandyanın bu mənada üzərində dayandığı əsas məsələ isə Dağlıq Qarabağın statusu məsələsi olmuşdur ki, bu məsələnin həlli də əvvəlki görüşlərdə razılaşdırıldığı kimi gələcəkdə - torpaqların işğaldan azad olunması və qaçqın və məcburi köçkünlərin bu ərazilərə qayıtmalarından sonra həll olunması nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfinin gözlənilmədən bu məsələni ortalığa atması və müzakirələri bu istiqamətə yönəltməsi danışıqlar prosesinə öz mənfi təsirini göstərməyə bilməz. Onların statusu müəyyənləşdirmək üçün referendum keçirmək istəməsi Azərbaycan tərəfindən yolverilməz hesab olunur. Bu, heç bir normaya uyğun deyil. Dağlıq Qarabağın azərbaycanlı əhalisi geri qayıtmadan referendumun keçirilməsi mümkünsüz sayılır. Bu məsələ dəfələrlə ikitərəfli görüşlərdə müzakirə olunub.
Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqeyə daha bir misal kimi isə onun prezidentlər arasında keçirilən görüşləri mühüm saymaması göstərilə bilər. Birgə bəyanatda Ermənistan xarici işlər naziri Azərbaycan-Ermənistan-Rusiya formatında keçirilən altı görüşün mühümlüyünün qeyd olunması təklifini qəbul etməyib. O bildirib ki, bu formatda keçirilən görüşlərdən yalnız sonuncu Sankt-Peterburq görüşü əsas götürülməlidir. Digər görüşləri isə daxil etmək lazım deyil, çünki onlar mühüm və nüfuzlu olmayıb. Yəni Ermənistan bununla bilavasitə bildirmək istəyir ki, onun üçün bu altı görüş və bu görüşlərdə aparılan müzakirələr heç bir əhəmiyyət daşımır, əldə olunan razılaşmalar isə bu bəyanatla bilavasitə, pozulmuş olur. Ermənistan birbaşa olaraq, bu məsələdə qeyri-konstruktivlik göstərir və öz erməni xislətini işə salaraq yenidən danışıqların aparılmasına, tənzimlənmənin sürətlənməsinə mane olmağa çalışır. Son iki ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşkil edilməsinə böyük təşəbbüs göstərmiş və bunun nəticəsində üçtərəfli formatda görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına, hətta birgə bəyannamənin qəbul olunmasına qədər bütün vasitələrə əl atmış Rusiyanın roluna da burada böyük bir zərbə dəymiş olur. Belə ki, Ermənistan bilavasitə Rusiyanın yuxarıda göstərdiyimiz təşəbbüslərinin üstündən xətt çəkmiş olur. Bu da o deməkdir ki, Ermənistan Rusiyanın münaqişənin tənzimlənməsində rolunu inkar edir. Onun göstərdiyi mövqedən yalnız bu nəticəni çıxarmaq olar. Hətta Minsk qrupu həmsədrlərinin də Rusiyanın göstərdiyi böyük səyi alqışlayaraq Soçi və Sankt-Peterburq görüşlərinə görə Rusiya Prezidentinə və xarici işlər nazirinə öz təşəkkürlərini bildirdikləri halda Ermənistan bu və bundan əvvəlki görüşləri mühüm saymır.
Həmsədrlərin birgə bəyanatına gəldikdə isə onlar tərəflərin indiyə kimi göstərdikləri səylərin münaqişənin aradan qaldırılmasına imkan vermədiyini bildiriblər. Onlar bu məsələdə atəşkəs rejiminin pozulmasının da rol oynadığını və bu cür halların sülhün əldə olunmasına maneçilik törətdiyini bildiriblər. Bununla yanaşı, həmsədrlər bildiriblər ki, tərəflər arasında sülhü dəstəklədiklərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan prezidentlərinin öhdəsinə düşür.
Ümumilikdə götürdükdə, Almatı görüşünün nəticələri və yaxud nəticəsizliyi barədə bütün məsuliyyətin Ermənistan tərəfinin boynuna düşdüyünü və onun qeyri-konstruktiv mövqeyinin nəticəsində heç bir irəliləyişin əldə olunmamasını demək olar. Ermənistan həmişəki kimi yenə də öz qeyri-konstruktiv mövqeyini ortaya qoyaraq sülhün əldə olunması prosesinə mənfi təsir göstərməklə yadda qaldı. Əslində, bu mövqe bizə tanışdır və nə zaman ki, münaqişənin həll olunması mərhələsi yaxınlaşır, onda Ermənistan tərəfi hansısa bir bəhanə ilə aradan çıxmağa və ya danışıqların istiqamətini tamamilə dəyişməklə onun daha uzun müddətə uzanmasına səbəb olur. Almatı görüşündə göstərilən mövqe də bu sıradandır. Bu dəfə də ermənilər son məqamda öz mövqelərini dəyişməklə danışıqlar prosesini daha da ləngitmiş oldular.