Son illər Azərbaycanın bölgə siyasətində ardıcıl mövqe tutması öz bəhrəsini verməkdədir. Belə ki, geosiyasi gedişlərin intensivləşməsi ölkəmizin mövqeyinə müsbət təsir göstərir. Xüsusilə də, ölkəmizin xarici siyasətinin uğuru dövlətimizin imici və gələcəyini təmin etməkdədir. Dağlıq Qarabağla bağlı yeridilən siyasətin ardıcıllığı bunun əlamətlərindən biridir. İlk baxışdan sadə görünən bu məsələ, əslində, dövlət siyasətinin dərin məntiqindən qaynaqlanır.
Ermənistan xarici siyasətində
dəyişiklik etməyə məcbur olur
Bu gün müasir dünyada geosiyasi situasiya qısa müddətdə kəskin dəyişir. Xarici siyasəti kənar diqtələr üzərində qurulan ölkələr bu dəyişikliklərə uyğun olaraq siyasətində ziddiyyətli məqamlara düşürlər. Konkret olaraq, Ermənistanın yeritdiyi işğal siyasəti ziddiyyətlərlə doludur. Keçən əsrin 90-cı illərində Ermənistan kəskin olaraq Azərbaycan ərazilərində müstəqil erməni dövləti qurmaq üzərində dayanmaqla yanaşı, Azərbaycanın Gəncəyə qədər torpaqlarını zəbt etməklə hədələyirdi. Reallıqda hər kəs bilirdi ki, əslində, bu sözü Ermənistan yox, Rusiya deyir. Rəsmi Yerevan, faktiki olaraq, Rusiya siyasi dairələrinin iradəsini sözlə ifadə edirdi. Bu mövqe Robert Köçəryan adlı terrorçunun hakimiyyətə gəlişi ilə daha da möhkəmləndi. Ermənistan, nəinki işğal faktını etiraf edirdi, hətta özlərini Qafqazın hakimi-mütləqi kimi hiss edirdilər. Buna rəğmən Azərbaycanın mövqeyi ərazi bütövlüyü və ermənilərə muxtariyyətin verilməsinə razı olmaqdan ibarət idi. Azərbaycan Ermənistanın nə deməsindən və hansı tələbləri irəli sürməsindən asılı olmayaraq, özünün təməl prinsiplərindən bir an da olsun dönmədi. Bu qətiyyətlilik bütün siyasi güclərin planlarını boşa çıxardı. Nəticədə Ermənistan xarici siyasətində dəyişikliklər etdi. Vardan Oskanyan Azərbaycanı dövlət terrorunda ittiham etdi. Bu, artıq cəmi 2 il əvvələ təsadüf edirdi. Azərbaycan buna rəğmən öncəki şərtlərini təkrarladı. İndi isə həmin Vardan Oskanyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtindən vazkeçilməzliyini vurğulayır.
Üstəlik, Serj Sarkisyan da bu məqamı ayrıca qeyd edir. Sadə ermənilər bundan psixoloji şoka düşüblər. Ermənistan xarici siyasəti isə dönüklük və ziddiyyətləri bir-birinə calamaq mərhələsini yaşayır. İndiyə qədər "antidemokratik", "terrorçu", qeyri-mədəni" adlandırdıqları və ərazi bütövlüyünü tanımaqdan imtina etdikləri Azərbaycan haqqında fərqli fikirlər söyləyirlər. Rəsmi Bakı isə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət prinsiplərini zərrə qədər də dəyişmədən işinə davam edir.
Göründüyü kimi, dövlətin simasını siyasətdəki ardıcıllıq böyük ölçüdə müəyyən edir. İndi dünyada bir şeyi dəqiq anladılar ki, Azərbaycan haqlı, Ermənistan haqsızdır. Paralel olaraq erməni işğalını dəstəkləyənlər də haqsızdırlar. Çünki Azərbaycan öz xarici siyasətində qətiyyətli və ardıcıl mövqeyi ilə maneələri bir-bir aşır. Beləliklə, dövlətçilik kursunun düzgün müəyyənləşməsi və xarici siyasətin effektiv olaraq aparılması öz bəhrələrini verməkdədir.
Azərbaycanın
mövqeyi qətiyyətli, siyasəti dönməzdir
Bu gün Ermənistanın daxili siyasi durumu getdikcə gərginləşir. Bunun fonunda rəsmi Yerevan da müəyyən təbliğati gedişlər edir. Ermənilər Qarabağ məsələsi üzərində daha çox spekulyasiyalar etməkdədirlər. Onlar yenə də Qarabağdakı separatçı rejimin müstəqilliyindən dəm vururlar. Rəsmi Bakının buna cavabı isə qətidir. Lakin ölkə Prezident İlham Əliyev bütün çıxışlarında açıq şəkildə torpaqları istənilən yolla azad etməyə hazır olduğunu ifadə edir. Qarabağın Azərbaycanın tərkibində qalmasından başqa variantın müzakirə edilə bilməyəcəyini önə çəkən dövlət başçısı bir daha Ermənistan rəhbərliyini düşünməyə dəvət edir. Bununla da, son vaxtlar danışıqlar ətrafında müəyyən diplomatik spekulyasiyalar edən erməni rəsmilərinə növbəti dəfə xəbərdarlıq edildi. Sözsüz ki, bu xəbərdarlığın da iki tərəfi var. Birinci tərəf odur ki, Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlxalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub. Ölkənin iqtisadi qüdrətinin artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti də yüksəlir. Xüsusilə, Orta Şərqdə baş verənlər Azərbaycanın vacibliyini önə çəkir. Orta Asiyaya gedən yol da Azərbaycandan keçir. Bunlar, təbii ki, ölkəmizin geosiyasi çəkisini artırır və həm də Qarabağ məsələsində onun sözünün yükü artır. Xəbərdarlığın ikinci tərəfi isə, Qərbin mövqeyinə aydınlıq gətirməsi vaxtının çatmasını ifadə edir. Məsələ ondan ibarətdir ki, Azərbaycana müharibə etməyi məsləhət bilməyənlər ermənilərin təcavüzkarlığının da qarşısını almırlar. Onlar Azərbaycanı savaşdan çəkindirməklə yanaşı, Ermənistanın ağlını başına toplamasını da tələb etməlidirlər. Bu olmadıqda isə, Azərbaycan müharibə variantına əl atmaq hüququna malikdir. Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycanı müharibədən çəkindirənlər, onun başlayacağı təqdirdə, ölkəmizi müdafiə edəcəklər. Çünki Qərb bölgəyə külli miqdarda sərmayə qoyub və həm də Azərbaycanın haqlı olduğunu bilir. Odur ki, siyasi bəyanatlardan konkret hərbi hərəkətə keçmək zamanı yetişə bilər. Bu baxımdan Azərbaycan rəhbərliyinin hərbi əməliyyatlar haqqında fikirləri real faktlara söykənir. Ölkə Prezidentinin fəal xarici siyasəti ölkənin sosial-iqtisadi inkişafının yüksək tempi ilə müşayiət olunub. Və bu temp Azərbaycanı dünyada liderə çevirib. Deməli, konkret olaraq xarici siyasətin təməlində daxili siyasətin uğuru durur.